Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı davam edir. Dekabrın 5-də festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin “Üç tenor” adlı konserti olub.
   Orkestrin dirijoru italiyalı Canluka Marçiano, solist tenorlar italiyalı Françesko Demuro, amerikalı Stüart Nil, rusiyalı Badri Maysuradze idi. Proqramda dünya şöhrətli bəstəkarlar C.Verdi, Q.Donisetti, P.Çaykovski, F.Çilea, C.Puççini, J.Bize, R.Leonkavallo, L.Bernstayn, E.Kapua və A.Laranın əsərləri səsləndirilib.
   Dekabrın 6-da filarmoniyada festivalın daha bir konserti təqdim olunub Litva Kamera Orkestrinin konsertində İ.S.Bax və Y.Haydnın əsərləri ifa olunub. Orkestrin bədii rəhbəri, dirijoru və solisti məşhur violin ifaçısı Sergey Krılovdur.
   Hər iki konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   Dekabrın 7-də VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində “English Chamber Orchestra” çıxış edəcək. Solistlər Maksim Vengerov (violin), Stefani Qounli (violin (hər ikisi İngiltərə), Plamena Manqova (fortepiano, Belçika) və Mixail Qaydukdur (truba, Rusiya).