Yeni ilin ilk günlərindən etibarən Avropa ölkələrinə yaradıcılıq turnesinə çıxacaq Amerikanın ulduz skripkaçısı Hillari Han yanvarın 3-də İstanbulun Camal Rəşid Rey konsert salonunda Xalq artisti, professor Firəngiz Əlizadənin skripka və fortepiano üçün bəstələdiyi «İmpuls» əsərinin premyerasını təqdim edəcək. Hillari Han gənc olmasına baxmayaraq çox tanınan və sevilən virtuoz skripka ifaçısıdır. «İmpuls» əsərinin Braziliyada və Ekvadordakı uğurlu premyerasından təsirlənən skripkaçı əsərin ifası ilə bağlı müqavilənin müddətini daha iki il artırıb. Bu əsəri o, 2013-2014-cü illərdə dünyanın müxtəlif ölkələrində keçirilməsini planlaşdırdığı konsertlərdə ifa etmək niyyətindədir.