Xalq və millətlər kimi, onların mənsub olduğu minillik dəyərlərin, etnik-mədəni irsin də müstəqilliyin, azadlığın yaratdığı münbit zəminə ehtiyacı var. Azərbaycan milli musiqisi də dünya miqyasında artan mədəni şöhrətimizin təsdiqində böyük pay sahibidir.
   
   Mədəni irsimizin təbliği sahəsində dövlətimizin apardığı məqsədyönlü işlər nəticəsində 2003-cü ildə muğam, 2009-cu ildə aşıq sənəti, nəhayət, bu ilin sonlarında Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Dünya ictimaiyyəti Dədə Ələsgər sazının açdığı həqiqi sənət yolu ilə Sadıqcanın bağrına basaraq gələcək nəsillərə əmanət etdiyi tar ifaçılıq sənətinin zirvəyə necə çatdığının bir daha şahidi oldu...
   
   “Açma hər pərdəni, hər pərdədə var yüz əsrar...”
   
   Bu fikirləri təxminən 150 il bundan əqdəm rəhmətlik Seyid Əzim Şirvani neyin naləsinə, tarın nəğməsinə könül verənlərə xitabən deyib. Tarın hər pərdəsinin “yüz əsrar” xəzinəsi olduğunu vurğulayıb...
   Dinlədikcə kin-küdurətimizə əl qoyan tarım! Milli hüznümüzdə kamanın ah-naləsinə qarşı qisas, dönüş çağırışı edən tarım! Ali hissə doğru yolçuluqda məqam-muğam həmdəmim! Sadıqcanların, Qurbanların, Bəhramların, Ramizlərin milli-mədəni irsimizin var olması yolunda yandırdığı əbədi “məşəl”! Ey millətimin “alovlu sənəti”!..
   Çoxumuza bəllidir ki, tar sənətimiz oturaq mədəniyyət qədər qədimdir. Tarın alət kimi təkamülü, eyni zamanda onun ifa vəziyyətinin dəyişməsi (diz üstündən qəlbimizin başına yüksəlməsi) milli ifaçılıq sənətimizə zaman-zaman sevgi və novator münasibətdən soraq verir.
   Musiqi alətləri müxtəlif cür ifa olunur. Diz üstündə, çiyində, yerə qoyularaq, üfürülərək və s. Ancaq milli musiqi alətlərimizdən tar qəlbimizin başından səslənir, ruhumuzun “səs”ini ucaldır. O gah “kinli ürəklərdə qəzəb tonqalına su çiləyərək, neçə qəsdin önünü kəsir, dayandırır”, gah da “haqqa düşmən olanları” “meyli haqqa” tərəf istiqamətləndirir.
   
   “Tarın pərdələrini düzənə qurban...”
   
   Xalq şairi Qabil yerimizi, tariximizi, mövqeyimizi, niyyət-mənzilimizi səhv saldığımız zamanlar yazdığı dillər əzbəri şeirində məhz tarın pərdələrini düzənə və bu sənətə sığınanlara sonsuz ehtiramını bildirirdi:
   
   Tarın pərdələrini
   Düzənə qurban!
   Yerdəyiş et birini,
   Xaric vurarsan.
   Xaric səslənirik biz,
   Səhv düşəndə yerimiz.
   
   Bir zaman gəldi, elə bir qara yel əsdi ki, “Qatar”ın tarda çalınmasını istəmədilər. Ta düşünmədilər ki, “Segah”ı, “Şahnaz”ı, “Şur”u... tarda deyil, yoxsa ki fleytada, gitarada, saksafonda, trubada ifa etməliydik?!
   Gözünü yurdumuzun “əngin fəza”sından çəkməyən nakam Müşfiqimiz bu milli (artıq bəşəri) musiqi alətimizə, eyni zamanda onun timsalında milli heysiyyətimizə qahmar çıxaraq özünü, sözün həqiqi mənasında, oda atanda bəlkə də bəsirəti bağlanan çarəli, çarəsizlərimiz keçmişdən bixəbər idilər. “Min hava çalınan” bu ürfani cazibəni duymayan mənəvi yaddaşı sönüklərə, əhdə dönüklərə nə demək olardı!.. Sonra peşmanlayıb “tarı səsə qoymaq olmaz” qənaətinə gələnlər ("Görüm, ayılmasın gec ayılanlar” - M.Araz) iş işdən keçəndən sonra tarın həqiqətini etiraf etdilər...
   Zaman indi başqa zamandır, tarı səsə qoymaq olar, necə ki belə bir səsvermə baş tutdu.
   Ey Şəfəqli şairim! Əgər o zaman tarımızın səhnə tufanına qarşı tədbir alırdılarsa, varlığına xitam verirdilərsə, indi bu əbədi-əzəli könüldaşımız qövmi-türk, müsəlman səhnəsiylə yanaşı, caza meyilli, rep-rok Məğribində könülçalanlığa başlayıb. Hər pərdənin yüz sirri açıldıqca, milli həqiqətlərimiz də dünyaya bəyan olur...
   
   Fariz Yunisli