Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifası üzrə II respublika müsabiqəsi elan edilib. Müsabiqə aprel ayında Bakı şəhərində 2 yaş qrupu (I qrup - 16 yaşa qədər, II qrup - 16 yaşdan yuxarı) üzrə keçiriləcək və 3 mərhələdə aparılacaq. Məqsəd uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması, müasir Azərbaycan bəstəkarlarının əsərlərinin təbliği, fortepiano üzrə təhsil alan şagird və tələbələrin repertuarının yenilənməsi, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılmasıdır.
   Müsabiqədə 1, 2 və 3-cü yerlər üçün müvafiq olaraq 700, 500 və 300 manat mükafat və diplom, həmçinin 100 manat məbləğində üç həvəsləndirici mükafatın verilməsi nəzərdə tutulub. İştirak etmək istəyənlər martın 1-dək sənədlərini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına təqdim etməlidir.