və ya ötən ilin mədəniyyət təqvimindən bir yarpaq
   
   2012-ci ilin yaddaqalan mühüm mədəniyyət hadisələrindən biri də paytaxtımızın altıncı dəfə ev sahibliyi etdiyi Beynəlxalq Mstislav Rostropoviç Festivalı oldu.
   
   2007-ci ildən keçirilən sənət bayramı dünyanın müxtəlif ölkələrindən məşhur ifaçıları, musiqi kollektivlərini Bakıda toplayır. Böyük musiqiçinin anadan olduğu şəhərdə belə bir festivalın keçirilməsi Azərbaycan musiqisinin təbliği baxımdan da əhəmiyyətlidir. Festivalın əsas məqsədi dahi ifaçı M.Rostropoviçin vətənində dünyanın tanınmış incəsənət ustalarının çıxışlarını təşkil etməkdir. Sənət bayramının bir ənənəsi də dünya şöhrətli musiqiçinin davamçıları olan istedadlı gənclərin üzə çıxarılmasıdır.
   Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dekabrın 3-dən 9-dək keçirilən VI Beynəlxalq Mstislav Rostropoviç Festivalı musiqisevərlər tərəfindən rəğbətlə qarşılandı.
   Görkəmli həmyerlimiz, əvəzolunmaz violonçel ifaçısı və dirijor, tanınmış ictimai xadim Mstislav Leopoldoviç Rostropoviçin 85 illik yubileyinə təsadüf edən sənət bayramına Enriko Dindo (violonçel, İtaliya), Canluka Marçiano (dirijor, İtaliya), Françesko Demuro (tenor, İtaliya), Stüart Nil (tenor, ABŞ), Badri Maysuradze (tenor, Rusiya), Maksim Vengerov (violin, Rusiya), Stefani Qounli (violin, İngiltərə), Plamena Manqova (fortepiano, Bolqarıstan), Mixail Qayduk (truba, Rusiya), Serqey Krılovun solist və dirijorluğu ilə Litva Kamera Orkestri, Zubin Metanın dirijorluğu ilə “Maggio Musicale Fiorentino” simfonik orkestri kimi dünya şöhrətli ifaçı və kollektivlər qatılmışdı.
   
   Festivalın ilk günü
   
   Dekabrın 3-də Azərbaycan Dövlət Filarmoniyasında festivalın açılış mərasimi keçirildi. Festivalın ilk günü tamaşaçılara iki hissədən ibarət proqram təqdim olundu. Birinci hissədə O.Zülfüqarovun böyük simfonik orkestr üçün yazdığı, 1962-ci ildə Moskvada laureat adına layiq görülmüş “Şənlən, mənim xalqım” uvertürası və Y.Sibeliusun violin və orkestr üçün re minor konserti səsləndi. İfaçılar Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, bədii rəhbər və baş dirijor Rauf Abdullayev, solist Elvin Qəniyev (violin) idi. Əsər parlaq, vətənpərvər ruhlu musiqisi ilə yadda qaldı. Y.Sibeliusun violin və orkestr üçün re minor konsertinin ifasında solist Elvin Qəniyev gənc olmasına baxmayaraq, əsərin bədii ifadəsini, emosionallığını tamaşaçıya çatdırmağı bacardı.
   Q.Qarayevin “İldırımlı yollarla” baletindən 2 nömrəli süita proqramın ikinci hissəsində təqdim olundu. Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı romanı əsasında yazılmış balet müstəmləkə xalqlarının azadlıq mübarizəsinə həsr edilmişdir. Baletin gözəl, lirik musiqisini dinlədikdə yazıçının bu sözləri yada düşür: “Övladlar, bizim zəmanəmizin nəğməsini oxuyun, nifrət, müharibə haqqında deyil, məhəbbət haqqında oxuyun”. Orkestrin gözəl ifası, əsərin möhtəşəmliyi insanda xoş hisslər oyadırdı. Bütün proqram səsləndikdən sonra tamaşaçılar gurultulu alqışlarla ifaçılara təşəkkürlərini bildirdilər.
   
   “Bayram uvertürası”,
   “Üç tenor” konserti və...
   
   Festivalın ikinci günündə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifası və Fuad İbrahimovun dirijorluğu ilə daha bir maraqlı repertuar təqdim olundu. Proqramın ilk hissəsində D.Şostakoviçin “Bayram uvertürası”, R.Şumanın violonçel və orkestr üçün a moll konserti ifa edildi. Yaradıcılığında bütün janrlara müraciət etmiş Şostakoviçin musiqi irsində onun simfonik əsərlərinin adı həmişə xüsusilə qeyd olunur. Onun simfonik əsərləri içərisində “Bayram uvertürası”nın özünəməxsus yeri var. Əsər Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında öz təntənəsini bir daha nümayiş etdirdi.
   Ardınca R.Şumanın violonçel və orkestr üçün a moll konserti səsləndi. Solist Enriko Dindo (İtaliya) ifası ilə nəzərləri üzərinə topladı. Proqramın ikinci hissəsində isə P.Çaykovskinin simfonik yaradıcılığında xüsusi yer tutan 6-cı h moll simfoniyası ifa olundu. İnsanın acı həqiqətlə, gerçəkliklə toqquşmasını, dramatik mübarizəni əks etdirən simfoniyanın ifası, Fuad İbrahimovun partiturasız dirijorluğu, olduqca təsirli musiqi tamaşaçılara sözlə ifadə edilməyəcək bir zövq yaşatdı. Simfoniyanın faciə ilə bitməsi, əsərin qəhrəmanının həlak olması, ziddiyyətli obrazların qabarıq tərzdə əks etdirilməsi - bunların hər birinin təsir gücü ilə yanaşı, ifadakı təsir qüvvəsi də bütün auditoriyanı sanki ovsunlayaraq, onu uzun müddət öz təsirində saxladı. İfaçılar alqışlarla qiymətləndirildi, festivalın ikinci günü də uğurla başa çatdı.
   Festival çərçivəsində baş tutan “Üç tenor” konserti də unudulmaz musiqi axşamı kimi yaddaşlara yazıldı. Dekabrın 5-də Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşən konsertdə ifaçılar - Françesko Demuro (İtaliya), Stüart Nil (ABŞ), Badri Maysuradze (Rusiya) italiyalı Canluka Marçianonun dirijorluğu ilə zəngin repertuarla çıxış etdilər.
   Azərbaycan Dövlət Simfonik Orkestrinin ifası və Canluka Marçianonun dirijorluğu ilə ilk olaraq C.Verdinin “Siciliya axşamları” operasından uvertüra təqdim olundu. Sonra Q.Donisettinin “Məhəbbət içkisi” operasından Nemorinonun romansı solist F.Demuronun ifasında səsləndi. P.Çaykovskinin “Qaratoxmaq qadın” operasından Germanın ariozosunu Rusiya Dövlət Akademik Böyük Teatrının solisti B.Maysuradze ifa etdi. C.Verdinin “Aida” operasından Radamesin ariyası S.Nilin ifasında təqdim olundu. Daha sonra C.Puççininin “Bohema” operasından Rudolfun ariyası italiyalı F.Demuronun məlahətli səsi ilə ürəkləri fəth etdi.
   Konsertin ikinci hissəsi dahi bəstəkar J.Bizenin “Karmen” operasından uvertüra ilə başladı. Sonra C.Verdinin yaradıcılığından üç musiqi parçası təqdim olundu. “Otello” operasından Otellonun monoloqu B.Maysuradzenin, “Riqoletto” operasından Hersoqun mahnısı F.Demuronun, “Trubadur” operasından Manrikonun ariyası isə S.Nilin ifasında təqdim olundu. Sonuncu nömrə - üç tenorun ifasında E.Kapuanın məşhur “O sole mio” kompozisiyası gurultulu alqışlarla, simalarda xoş ifadələrlə qarşılandı.
   
   Enerji dolu musiqilər,
   canlı ifalar və unudulmaz anlar
   
   Festivalın dördüncü günündə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə Litva Kamera Orkestri, dirijor və solist Sergey Krılov (violin) təşrif buyurdu. Proqramda Litva Kamera Orkestrinin ifasında ilk nömrə olaraq İ.S.Baxın violin və simlilər üçün 1 nömrəli a moll konserti yer almışdı. Solistin gözəl və canlı ifası xüsusilə diqqəti cəlb edən amillərdən idi. Sanki o, bütün qəlbini və enerjisini bu əsər üçün qoruyub saxlamışdı. S.Krılovun ifası və dirijorluğu ilə yenə də İ.S.Baxın yaradıcılıq irsinə müraciət olundu. Violin və simlilər üçün 2 nömrəli E dur konsertinin I hissəsi - Allegro səsləndikdən sonra II hissə - Adagio həzin, incə, gözəl mövzusu ilə auditoriyaya sanki yeni bir ab-hava qatdı. Allegro assai ilə konsert proqramının birinci hissəsi yekunlaşdırıldı.
   Proqramın ikinci hissəsində Vyana klassik məktəbinin banisi Y.Haydnın “Vida” simfoniyası (№ 45, fis moll) da alqışlarla qarşılandı.
   Festivalın beşinci günündə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə İngiltərə Kamera Orkestri (English Chamber Orchestra), Maksim Vengerov (violin), Plamena Manqova (fortepiano), Mixail Qayduk (truba) və Stefani Qounliyə (violin) çıxdı. Proqramın birinci hissəsində İ.S.Baxın iki violin və orkestr üçün d moll konserti, V.A.Mosartın violin və orkestr üçün D dur konserti yer almışdı.
   Dünyanın aparıcı musiqi kollektivlərindən olan English Chamber Orchestra 2011-2012-ci illərdə Fransa, Finlandiya, Bolqarıstan, Türkiyə, Azərbaycan və başqa ölkələrdə xarici səfərlərdə olmuşdur. Solist Maksim Vengerov 2004-cü ildə “Orkestr ilə ən yaxşı solo” nominasiyası üzrə “Grammy” mükafatına layiq görülmüşdür. 2005-ci ildə Londondakı Kral Musiqi Akademiyasında professor vəzifəsinə təyin edilmişdir. O, Bakıda Mstislav Rostropoviç Festivalının daimi iştirakçısıdır. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dəvətli dirijoru olmuşdur. Digər solist - Stefani Qounli 1991-ci ildə English Chamber Orchestranın rəhbəri təyin olunmuşdur. İki istedadlı, gözəl ifaçı ilk əsərin ifasını yekunlaşdıraraq alqışlara layiq görüldülər.
   Proqramın ikinci hissəsi J.Massnenin “Tais” operasından “Düşüncə” ilə açıldı. Lirik, incə hissləri özündə birləşdirən ifadəli musiqi adı ilə, sözün əsl mənasında, səsləşirdi. İnsan qəlbinə, ruhuna bir sakitlik gətirən gözəl kompozisiyadan sonra D.Şostakoviç yaradıcılığına müraciət olundu. Fortepiano, truba və simli alətlər üçün 1 nömrəli c moll konserti Plamena Manqova (fortepiano), Mixail Qayduk və English Chamber Orchestranın ifasında festivalın beşinci gününün proqramını yekunlaşdırdı.
   
   Əfsanəvi Zubin Meta
   
   Musiqisevərlər dekabrın 8-də Heydər Əliyev Sarayında əfsanəvi Zubin Metanın dirijorluğu ilə “Maggio Musicale Fiorentino” simfonik orkestrinin konsertini xüsusi səbirsizliklə gözləyirdilər. İtaliyanın ən məşhur orkestri, dünya şöhrətli Zubin Meta, musiqi ədəbiyyatına adlarını qızıl hərflərlə yazmış bəstəkarlar - F.Şubert, P.Hindemit və L.Bethovenin adlarının çəkilməsi konsertin nə dərəcədə unudulmaz olacağından xəbər verirdi. “Maggio Musicale Fiorentino” simfonik orkestrinin lent yazılarının bir çoxu “Grammy” və digər nüfuzlu radio və televiziya mükafatlarına layiq görülmüşdür. 1985-ci ildən orkestrin baş dirijoru Zubin Metadır. 1936-cı ildə Bombeydə anadan olmuş Zubin Meta 1958-ci ildə Liverpulda dirijorların beynəlxalq müsabiqəsində qalib olmuşdur. Monreal Simfonik, Los-Anceles Filarmoniya orkestrlərinə rəhbərlik etmişdir. 2010-cu ildə Beynəlxalq Mstislav Rostropoviç Festivalında İsrail Filarmonik Orkestri ilə çıxış etmişdir.
   Budəfəki konsertdə də “Maggio Musicale Fiorentino” orkestri və dirijor tamaşaçılara əvəzolunmaz musiqi gecəsi yaşatdılar. F.Şubertin “Rozamunda” pyesinə musiqi ilə başlayan proqram P.Hindemitin “Rəssam Matis” simfoniyası ilə davam etdi. Zubin Metanın rəhbərliyi altında orkestrin ifası möhtəşəmliyi, mükəmməlliyi ilə diqqəti cəlb edirdi. 2-ci hissədə dahi bəstəkar L.Bethovenin “Qəhrəmanlıq” simfoniyası (Es dur) ilə sanki konsert kulminasiya nöqtəsinə ucaldı.
   
   Festivalın son günü,
   alqışlar və ümidlər
   
   Dekabrın 9-da Heydər Əliyev Sarayı yenə musiqisevərləri bir araya topladı. “Maggio Musicale Fiorentino” simfonik orkestrinin ifası və Zubin Metanın dirijorluğu ilə təqdim olunan proqramın birinci hissəsində C.Verdinin “Taleyin gücü” operasından uvertüra və N.Rimski-Korsakovun “İspan kapriççiosu” səsləndi. Proqramın ikinci hissəsində A.Dvorjakın 7 nömrəli d moll simfoniyası ifa olundu. 4 hissədən ibarət simfoniyanın bitməsi ilə gurultulu alqışların ardı-arası kəsilmirdi. Buna cavab olaraq orkestrin ifasında proqramdan kənar daha iki əsər - A.Dvorjakın “Slavyan rəqsi” və İ.Bramsın 5 nömrəli “Macar rəqsi” tamaşaçılara hədiyyə olundu.
   Anşlaqla keçən təntənəli bağlanış mərasimi klassik musiqi həvəskarlarını 2013-cü ilin dekabrını - VII Beynəlxalq Mstislav Rostropoviç Festivalını səbirsizliklə gözləməyə daha da ruhlandırdı.
   
   Nuray Əliyeva