Yanvarın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın anadan olmasının 60 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.
Gecədə bəstəkarın yaradıcılıq yolundan söz açılacaq, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında onun əsərləri səslənəcək.
Dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil almış Elnarə Dadaşova bəstəkarlıq fəaliyyətinə peşəkar musiqiçi kimi başlayıb. O, fortepiano, simli kvartet, kamera-instrumental, soprano və kamera, nəfəsli orkestr üçün əsərlər bəstələyib, polifonik, sənədli filmlərə silsilə musiqilər yazıb. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış “24 prelüd” silsiləsi, “Sayalı” baleti, orqan üçün “Variasiya”, “Fantaziya”, “Postlüdiya” əsərləri təşkil edir.
Hazırda bəstəkar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini uğurla davam etdirir.