105 il bundan əvvəl - 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25 yanvar - red.) Tağıyev teatrında dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının nümayişi ilə müsəlman Şərqində opera sənətinin əsası qoyuldu. Bəşər mədəniyyətinin incilərindən sayılan bu operanın taleyi uğurlu oldu. Dünya opera sənətində yeni bir janrın - muğam operasının nümunəsi olan “Leyli və Məcnun”un 100 illiyi 2008-ci ildə UNESCO səviyyəsində geniş qeyd olundu.

   Bu gün XXI əsrin ikinci onilliyindən ötən əsrin əvvəllərinə qayıtmaq, o illərin ab-havasını hiss etmək, o insanların arzusunu, istəyini bilmək, təəccübünü duymaq maraqlı olduğu qədər də çətindir. Necə ki, biz 105 il bundan sonra nə olacağını bilmirik və 105 il bundan sonra adamların bizim barəmizdə nə düşündüklərindən də xəbərsizik. Ancaq həqiqət budur ki, maraq qarışıq heyrət 105 il bundan əvvəl bir qış gecəsində adamları Tağıyev teatrına topladı və bu insanlar qədim Şərqin sevgi dastanını - “Leyli və Məcnun”u ilk kərə adamlardan bir boy hündür olan səhnədə, eşqin işığında gördülər. Allahın nəzər saldığı iki dahinin - Məhəmməd Füzulinin və Üzeyir Hacıbəylinin ilahi sənət əsəri o gecədən uzun bir yola çıxdı...
   
   Unudulmayan səhnəcikdən yaranan sənət əsəri...
   
   "İrşad" qəzetinin 1908-ci il 10 yanvar tarixli sayındakı elanda yazılır: "Müsəlman dilində əvvəlinci dəfə opera şənbə günü, yanvar ayının 12-də Hacı Zeynalabdin Tağıyevin teatrosunda "Nicat" cəmiyyətinin dram heyəti tərəfindən tamaşaya qoyulacaq: "Leyli və Məcnun". Opera 5 məclisdə və 5 təsvirdə".
   Həmin elanda "Leyli və Məcnun" əsərinin müəllifi kimi dahi Azərbaycan şairi Məhəmməd Füzuli, teatr səhnəsi üçün musiqini tərtib edənlər isə Üzeyir bəy və Ceyhun bəy Hacıbəyli qardaşları qeyd olunurdu... Bu da təsadüfi deyildi, librettonun tərtibi zamanı şeirlərin seçilməsində, mətnin dəqiqləşdirilməsində Üzeyir bəyə kiçik qardaşı, 17 yaşlı Ceyhun bəy Hacıbəyli kömək edirdi (Ceyhun bəy sonradan operanın premyerasında Nofəl və İbn Salam rollarında səhnəyə çıxacaqdı).
   İllər keçəcək, Üzeyir Hacıbəyli bu operanın yaranma tarixi barədə belə yazacaqdı: “Mən bu opera üzərində 1907-ci ildən işləməyə başlamışam. Lakin bu ideya məndə hələ xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, yəni mən 13 yaşında ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında “Məcnun Leylinin məzarı üstündə” musiqili səhnəciyə baxandan sonra yaranmışdır. Həmin tamaşa mənə o qədər təsir bağışladı və o qədər məni həyəcanlandırdı ki, Bakıya köçdükdən bir neçə il sonra operaya bənzər bir şey yazmaq qərarına gəldim”.
   Bu səhnəcik yalnız Şuşada müvəffəqiyyət qazanmamışdı. Beş il sonra - 1902-ci ilin yanvarında Bakıda teatrlardan birində “Şərq konserti”ndə nümayiş olunmuşdu. Konsertin proqramına “Leyli və Məcnun”un dueti daxil edilmiş, bu duet Leyli və Məcnun paltarı geymiş, həmin illərin məşhur müğənniləri Cabbar Qaryağdıoğlu və Məmməd tərəfindən ifa edilmişdi...
   Professional musiqi sahəsində sonralar çox ilklərə imza atacaq 23 yaşlı Üzeyir Hacıbəyli böyük bir missiyanın astanasında idi. Bunu bütün qəlbi ilə hiss edir və yazırdı: “Azərbaycan xalqı öz səhnəsində Azərbaycan operasının yaranmasını gözləyirdi...”
   Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov “Üzeyir işığında” kitabında yazır: “Leyli və Məcnun”da Azərbaycan muğamlarından, təsniflərdən, xalq mahnılarından, mərsiyələrdən ustalıqla istifadə olunsa da, bəstələdiyi orijinal musiqilər müəllifin böyük istedadını, zərif, kövrək hislərini bütünlüklə aşkar edirdi. Operanın müqəddiməsi, xorlar, rəqslər və bir çox ansambl səhnələri bəstəkarın yenilməz ilhamının məhsulu olaraq özlüyündə xüsusi təravət, gözəllik, kamillik, möhtəşəmlik kimi məziyyətləri əks etdirirdi”.
   
   Əfsanəvi musiqinin sehri

   
   ...O gecə qeyri-adi gecə idi. Şərq öz sevgi dastanını ilk dəfə musiqinin dili ilə söyləyirdi. Tamaşanın ilk rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev, Məcnun rolunun ifaçısı Hüseynqulu Sarabski, Leyli rolunun ifaçısı Əbdülrəhim Fərəcov dünyanı unudub başqa bir dünyada yaşayırdılar...
   Birinci tamaşa haqqında Hüseynqulu Sarabski “Bir aktyorun xatirələri” kitabında belə yazır: “Axşam teatra gələndə gördüm, qapının qabağında o qədər adam var ki, içəri keçmək mümkün deyil. Dal qapıya getdim, gördüm, ora bundan betərdir. O gecə binanın dörd tərəfi adamla dolu idi...”
   ...İllər keçəcəkdi, bu opera milyonlarla insanı öz sehrinə salacaq, cazibəsində saxlayacaqdı...
   Azərbaycanın mədəni həyatında artıq aparıcı qüvvəyə çevrilən opera teatrının Qafqazın və Orta Asiyanın, İranın bir sıra şəhərlərinə qastrol səfərlərinə çıxması da opera sənəti tarixində maraqlı səhifələrdəndir. 1914-cü ildə geniş proqramla Tiflisdə çıxış edən opera artistlərinin göstərdiyi tamaşalar xüsusi şöhrət qazanmışdır.
   Həmin illər gimnaziya tələbəsi kimi Tiflisdə yaşayıb təhsil alan görkəmli Azərbaycan alimi, maarifçi Əziz Şərif “Leyli və Məcnun”a ilk dəfə baxdıqdan sonra öz təəssüratlarını gündəlikdə belə qeyd edir: “...Məni heyrətə gətirən musiqi və orkestr oldu. Şərq, Qafqaz musiqisi! Bugünkü ifa bambaşqa, görmədiyim və eşitmədiyim ifa idi. Orkestr Avropa alətləri - skripka, violonçel, fleyta, klarnet, şeypur, baraban və sairdən ibarət idi. Eyni zamanda tar və kamança da çalırdı.
   Sarabskinin oyunu misilsiz idi... Bu əfsanəvi musiqini, bu sonsuz kədəri unutmaq olarmı?”
   Zaman-zaman Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əfrasiyab Bədəlbəyli, Kazım Əliverdibəyov, Cavanşir Cəfərov bu operaya dirijorluq edəcək, “Leyli və Məcnun” Soltan Dadaşov, Mehdi Məmmədov, Firudin Səfərov, Hafiz Quliyevin rejissorluğu ilə yeni quruluşda tamaşaya qoyulacaqdı. Müxtəlif illərdə Əlövsət Sadıqov, Qulu Əsgərov, Baba Mahmudoğlu, Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov, Mənsum İbrahimov Məcnun rolunun ən yaxşı ifaçıları kimi yadda qalacaq, Sürəyya Qacar, Həqiqət Rzayeva, Rübabə Muradova, Zeynəb Xanlarova, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Aygün Bayramovanın yaratdığı Leyli rolları ən gözəl Leylilər kimi seviləcəkdi.
   Sərdar Fərəcovun “Üzeyir işığı” kitabından: “Leyli və Məcnun” operası ilə Üzeyir Hacıbəyli öz xalqı qarşısında böyük və şərəfli missiyasını yerinə yetirmiş oldu. Bu uğurlu operadan sonra Üzeyir bəy “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşudbanu” kimi operalarını, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi operettalarını yazmaqla musiqili teatrın repertuar bazasını genişləndirdi və Azərbaycan xalqını yeni mədəniyyətə alışdırdı”.
   Ötən 105 ildə “Leyli və Məcnun”un saysız-hesabsız tamaşaları olub, səhnədən insanları göz yaşına, xəfif kədərə qərq edib, bu tamaşa baxdıqca-baxılacaq bir sənət əsərinə çevrilib. XXI əsrdə bu möhtəşəm sənət nümunəsi dünyanın ən böyük səhnələrində tamaşaya qoyulub. Bu gün də belədir, sabah da belə olacaq. Üzeyir musiqisinin işığı qəlbləri, duyğuları, ruhları işıqlandıracaq.
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar