Qədim musiqi alətləri
   
      
   “Qədim musiqi alətləri” rubrikasında bu dəfə zərb musiqi alətləri barədə məlumat verəcəyik.
   
   Nağara
   
   Azərbaycan xalqının qədim musiqi alətlərindən biri də nağaradır. Nağara ərəb sözü olub, "döyəcləmək", "taqqıldatmaq" mənasını verir. "Kitabi-Dədə Qorqud"da oxuyuruq: "Gumbur-gumbur nağaralar döyüldü, buraması altun borular çalındı".
   Alət hər iki əllə və barmaqlarla ifa edilir. Bəzi folklor nümunələrində iki yüngül çubuqla da çalınır. Çalğı zamanı qoşa şapalaq, tremolo, trel və çırtma ifa üsullarından istifadə edilir. Çox güclü səs dinamikasına malik olan nağarada müxtəlif tembr çalarlarını almaq mümkündür.
   Xalqımızın toy-bayram şənliklərinin aparıcı çalğı alətlərindən sayılan nağaranın ölçüləri ilə fərqlənən bir sıra növləri mövcuddur: böyük nağara, cürə nağara, çiling nağara, qoltuq nağara, əl nağara.
   XII əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində də tez-tez "nağara" sözü işlədilir:
   
   Çataraq inləyir neyin nəfəsi,
   Nağara əl çalır, yüksəlir səsi.
   
   Tədqiqatlardan məlum olur ki, Azərbaycanda nağaranın tarixini daha qədimlərdə axtarmaq lazımdır. Nağara ilk dəfə saxsı qabların ağzına dəri çəkilməklə düzəldilmişdir. Saxsıçılıq sənəti isə təxminən 3 min il əvvəl geniş yayılmışdır. Deməli, nağaranın da ən azı bu qədər yaşı var.
   Sonralar müxtəlif ölçülü nağaralar əsasən ağacdan hazırlanmışdır. Onun hər iki tərəfinə dəri çəkilir, nağaranın gövdəsinə çal-çarpaz dolanan ip metal halqalardan keçir. Adətən, gur səs almaq üçün həmin iplər bir qədər möhkəm çəkilir. Nağaranı çalmaq üçün ona bərkidilən qayış və ya ip qola keçirilir.
   Nağaranın növlərindən biri olan qoltuq nağara adətən, zurna, balaban və başqa alətlər qrupunda istifadə edilir. Əvvəllər onun üzünə qurd dərisi çəkilərmiş. Bu haqda Nizami Gəncəvi də məlumat verir:
   
   Coşdu qurd gönündən olan nağara,
   Dünyanın beynini gətirdi zara.
   
   Hazırda ansambl və orkestrlərdə aparıcı alət kimi çalınan qoltuq nağaranın rolu böyükdür. Folklor ənənələrində, xalq oyun-tamaşalarında, eləcə də "Cəngi", "Yallı" və bu növ rəqslərdə qoltuq nağaradan istifadə edilir. Sağanağı qoz, ərik və müxtəlif növ ağac materiallarından hazırlanan silindrik formalı qoltuq nağaranın hündürlüyü 350-360 mm, diametri 300-310 mm-dir.
   
   Qoşanağara
   
   Qoşanağara xalq musiqisində ən çox istifadə edilən zərb alətlərindən biridir. Adından məlum olduğu kimi, bir-birinə bərkidilmiş iki kiçik qədəhvarı nağaradan ibarətdir. Bəzən "qoşa dumbul" (dumbul, dümbələk) da deyilir.
   Qoşanağara müxtəlif ölçülü iki qoz, tut ağaclarından və metaldan hazırlanan gövdədən ibarətdir. Xarici görünüşünə görə fincanı xatırladır. Gövdələrin üst tərəfinə çəkilmiş keçi, öküz, dəvə və ya at dərisi camış gönündən düzəldilən köşə ilə və ya vint mexanizmi ilə dartılır. Həmin burğuların vasitəsilə alətin köklənməsi də təmin olunur. Alət yerə və yaxud xüsusi mizin üzərinə qoyularaq iki ağac çubuqla çalınır. Çalğı zamanı çubuqları ayrı-ayrılıqda hər iki dəri üzə, bir üzə (mərkəzinə və kənarına), bir-birinə və ya gövdəyə vurulması ilə müxtəlif səslər alınır.
   Qoşanağara fərdi şəkildə hazırlandığı üçün ölçüləri müxtəlifdir. Əksər hallarda hündürlüyü 300-330 mm, böyük gövdəsinin diametri 240-280 mm, kiçiyinin isə 110-140 mm olur. Milli musiqinin folklor nümunələrində, o cümlədən orkestr və ansambllarda istifadə edilir.
   
   Qaval
   
   Qaval Azərbaycanın ən qədim milli zərb aləti sayılır. Alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Bir çox Şərq ölkələrində də qavalın müxtəlif ölçülü növləri geniş yayılmışdır. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval barmaqlarla ifa edilir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir.
   Rəng, dəraməd, təsnif və zərbi muğamların üçlük tərəfindən ifası zamanı qavalın iştirakı mütləqdir. Adətən, palıd, ərik və başqa möhkəm ağac növündən hazırlanan dairəvi ağac soğanağın bir üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi çəkilir. Balıq dərisi nazik və şəffaf olduğundan onun səs tembri olduqca məlahətlidir. Sağanağın içəri hissəsinə çevrəsi boyu 60-70 ədəd xırda mis halqalar bərkidilir. Eni 60-75 mm, diametri 350-450 mm olur.
   Qaval bütövlükdə membranlı alət olsa da, onun idiofonlu alətlərə məxsus əlamətləri də vardır. Sağanağından asılmış metal halqalar, bəzi hallarda dörd kiçik zınqırov, silkələnərək təkrarolunmaz səs tembri yaradır. Qaval Üzeyir Hacıbəyli tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət kimi daxil edilmiş, onun ilk not partiyasını da bəstəkar özü yazmışdır. İfaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir.
   Əsasən xanəndələr tərəfindən istifadə edilən qavalın oynaq səsi dalğa-dalğa havalanır. Başqa zərb alətləri kimi, qaval da çalınan zaman azca qızdırılır ki, dəri dartılıb yaxşı səslənsin.
   
   Təranə