Adilə Yusifova: “Müasir musiqini insanlara tədricən, addım-addım təbliğ etmək gərəkdir”
   
   Hərəmiz bir alın yazısı ilə gəlirik bu dünyaya. İstəsək də, istəməsək də, Tanrının bizə seçdiyi yol ilə getməli oluruq. Bir qisim insanlar bu yolda uğur əldə edir, həyatı sevir və hər zaman optimist fikirlərlə yaşayırlar. Bu yazıda haqqında söz açacağımız Adilə Yusifova da belə insanlardandır.
   
   Onunla Bəstəkarlar İttifaqında görüşdüm. Elə söhbətimizin ilk dəqiqələrindən həyatsevərliyi, çöhrəsindən əskik olmayan təbəssümü, yaradıcılıq eşqi məndə xoş təəssürat yaratdı. Həyatını musiqiyə həsr edən Adilə xanımla söhbətimiz şən notlar üzərində quruldu.
   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Adilə Yusifovanın musiqi sahəsinə gəlişi təsadüfi olmayıb. Musiqiçi ailəsində doğulub, bu sehrli aləmin içində boya-başa çatıb. Atası Niyazi müəllim uzun illər A.Zeynallı adına Musiqi Kollecinin nəfəsli və zərb alətlər şöbəsinin müdiri, eyni zamanda hərbi orkestrin dirijoru olub. Bəlkə elə buna görə də onun gələcək taleyi artıq ilk addımlarından məlum idi. Zaman və tale onu sənət yoluna çıxardı: “Mən uşaqlıqdan teatr tamaşalarına, konsertlərə həvəslə gedirdim. Musiqi mühitində böyüdüyümdən bu sirli aləmdən ayrıla bilmədim. Əvvəl A.Zeynallı adına Musiqi Kollecini, sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyası - red.) professor Cövdət Hacıyevin sinfini fərqlənmə diplomla bitirdim”.
   Bəstəkar Adilə Yusifova müxtəlif janrlarda əsərlər bəstələyir. Tar və piano üçün “Alov” fantaziyası, violin, violonçel, fleyta və piano üçün “Qadın obrazlarının siluetləri”, “Sehrli sandıq” uşaq tamaşası, balaban, klavesin, piano və kamera orkestri üçün “Nənəmin sandığı” süitası və s. əsərləri musiqisevərlər tərəfindən hər zaman maraqla qarşılanıb.
   Söhbətimiz zamanı Adilə xanım yola saldığımız 2012-ci ilin onun üçün çox uğurlu olduğunu dedi: “Neçə müddətdir ki, üzərində işlədiyim kitabı bitirdim. Kitab Azərbaycanın Xalq artisti, professor Cövdət Hacıyevə həsr edilib. Onu ərsəyə gətirməklə bir növ öz müəllimim qarşısında borcumu yerinə yetirmiş oldum. İnanıram ki, böyük sənətkara layiq hazırlanıb. Digər uğurum Ali Attestasiya Komissiyası tərəfindən mənə professor diplomunun verilməsi oldu”.
   Ötən il Adilə Yusifova üçün daha bir sevindirici hadisə dekabr ayında Bəstəkarlar İttifaqının IX qurultayında ilk dəfə olaraq əsərinin səslənməsi olub. “Nənəmin sandığı” adlı əsərindən üç hissə qurultayın konsert proqramları çərçivəsində Teymur Göyçayevin rəhbərlik etdiyi Q.Qarayev adına Dövlət Kamera Orkestrinin ifasında təqdim olunub.
   Əsərin adı ilə bağlı suala isə müəllif belə cavab verir: “Bu əsərdə çalışmışam ki, uşaqlıq xatirələrimi canlandıraraq keçmişə səyahət edim. Uşaqlıq dövrümüzdə nənələrimizin sandığı biz uşaqlar üçün həmişə sirr və maraq mənbəyi olub. Lakin zaman keçir və biz böyüyürük. Böyüdüyümüz zaman o sandığın içində hansı əşyaların olduğunu bilirik. Burada nənəmin gəlinlik kəlağayısı - ağ və qara, Quran kitabı, musiqili mücrü və s. əşyalar var idi. Mən bütün bunları musiqinin dili ilə canlandırmağa çalışdım. İnşallah, bu əsəri yenidən bütöv şəkildə təqdim etmək istəyirəm. Çünki əsər uşaq səsi, balaban, klavesin və orkestrlə birlikdə daha da maraqlı səslənəcək”.
   2012-ci ildə Adilə xanımın “Milli naxışlar” adlı fortepiano üçün notları da çapdan çıxıb: “Bu maraqlı layihənin həyata keçməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Bəstəkarlar İttifaqına minnətdarlığımı bildirirəm. Tətbiqi sənətə böyük marağım olduğundan mən tez-tez sərgilərə gedirəm. Bununla əlaqədar olaraq iştirak etdiyim sərgilərin təsiri ilə bu silsiləni yaratdım. “Milli naxışlar”da keramika, qurama, xalçaçılıq və s. sənət növləri tərənnüm edilib. Hər bir musiqi nömrəsi bir əsəri təsvir edir. Məcmuə nəfis tərtibatda Azərbaycan və ingilis dillərində nəşr olunub. Bu məcmuənin də təqdimatını keçirməyi düşünürəm”.
   Hazırda Bakı Musiqi Akademiyasında “Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi” kafedrasında professor kimi fəaliyyət göstərən A.Yusifova təhsil ocağının nəzdində fəaliyyət göstərən məktəb-studiyada uşaq opera teatrı ilə sıx bağlı olub. Orada Ş.Çalayevin “Mauqli” operası, B.Brittenin “Gəlin, opera bəstələyək”, T.Quliyevin “Cəmilənin albomu” fortepiano əsəri əsasında müziklin səhnələşdirilməsində yaxından iştirak edib. Özünün “Sehrli sandıq” tamaşası da burada səhnəyə qoyulub.
   “Sehrli sandıq” tamaşasının 2006-cı ildə hazırlandığını deyən Adilə xanım uşaqlarla işini davam etdirmək fikrindədir: “Hazırda maraqlı, müasir mövzu axtarışındayam. İndiki yeniyetmələri heç nə ilə təəccübləndirmək mümkün deyil. Gərək elə bir ideya düşünəsən ki, onlar üçün maraqlı olsun”.
   XX və XXI əsrin musiqi zövqlərinin qovuşduğu bir dövrdə insanlara müasir musiqini necə sevdirmək lazımdır? Bu sualı həmsöhbətim belə cavablandırır: “İnsanları birdən-birə müasir musiqiyə yönəltmək olmaz. Bu musiqini insanlara tədricən, addım-addım təbliğ etmək gərəkdir”.
   “Azərbaycan xalq melodiyalarının işlənməsi və hazırlanması”, “Azərbaycan bəstəkarlarının işləmələri”, “Uşaqlara məhəbbətlə” xor üçün əsərlər, “Azərbaycan xalq melodiyalarının nota salınması” və “Ü.Hacıbəyli. Azərbaycan xalq mahnılarının işləmələri” (rus dilində) dərs vəsaitlərinin müəllifi olan bəstəkar yeni texnoloji vasitələrlə aranjiman fənnini inkişaf etdirməyi zəruri hesab edir.
   2013-cü ildən gözləntilərə gəlincə, cavabı qısa oldu: “Ötən il mənə uğur gətirdi. Bu il hamıya cansağlığı arzulayıram və yeni əsərlər bəstələmək istəyirəm”.
   
   Lalə Azəri 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar