Professor Tərlan Seyidovun və şagirdlərinin seminar-konserti
G.Şaroyev adına 35 saylı 11 illik uşaq musiqi məktəbinin konsert zalında Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Bakı şəhər musiqi məktəbləri müəllimləri üçün professor Tərlan Seyidovun XIX əsr musiqi insənətinin başlıca istiqaməti olan romantizmə həsr olunmuş elmi-metodiki seminar-konserti təqdim edildi.
Tədbiri Elmi-Metodiki Mərkəzin Təhsil şöbəsinin müdiri Natiq Mustafayev açaraq, gənclərin bədii tərbiyəsi və müəllimlərin professional səviyyəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışdı.
Seminarı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pedaqogika və metodikanın tədrisi üzrə BMA-nın elmi-eksperimental məktəb-studiyasının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov aparırdı. O, musiqi əsərlərinin bədii məzmununun başlıca komponentləri və onların digər sənət növləri ilə, ədəbiyyatla əlaqəsindən söz açdı, təlim-tərbiyə prosesinin təşkilinin metod və formalarına, didaktik prinsiplərə aid problemlərə toxundu.
Təcrübi məşğələ professor Tərlan Seyidovun tələbələri - BMA-nın magistr şöbəsinin məzunları, pianoçuların beynəlxalq müsabiqələrinin laureatları - Mələk Qocayeva və Fəqan Həsənlinin parlaq çıxışları ilə başa çatdı. Gənc pianoçuların ifasında romantizm cərəyanının yüksək zirvələrinə aid olan bəstəkarların əsərləri - Ferens Listin 1 saylı və Sergey Raxmaninovun 3 saylı fortepiano konsertləri səsləndi.
Seminarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov, mərkəzin əməkdaşları Səid Hacıyev, Leyla Rzayeva, Lalə Musayeva, Azər Məmmədov, Q.Qarayev adına 8 saylı və G.Şaroyev adına 35 saylı 11 illik uşaq musiqi məktəblərinin direktorları - əməkdar müəllimlər Kamal Paşazadə və Yusif Vəliyev, 3 və 11 saylı musiqi məktəblərinin direktorları Mehin Orucova və Rövşən Məmmədov, ali və orta ixtisas musiqi müəssisələrinin şagird və müəllimləri iştirak edirdilər.
Aytən İbrahimova,
musiqişünas