Qahirə Opera Teatrının səhnəsində Misirin istedadlı gənc müğənnisi Marua Əmirin (soprano) ifasında klassik musiqi konserti gerçəkləşib.
   
   Müğənnini fortepianoda həmvətənimiz, Azərbaycanın Əməkdar artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Qahirə Konservatoriyasının professoru Arzu Ələsgərov müşayiət edib.
   Klassik musiqi həvəskarları azərbaycanlı pianoçu və misirli vokalçının çıxışını böyük maraqla, gurultulu alqışlarla qarşılayıblar. Proqramda Motsart, Puççini, Bize, Çilea, Minotti, Kattalani, Offenbax və digər görkəmli bəstəkarların əsərləri səslənib.
   Öz tarixi vətəninə ABŞ-dan gəlmiş Marua Əmir Qahirə Opera Teatrının metodik mərkəzində vokal sənətinin sirlərini öyrənir. Burada onun müəllimi məşhur müğənni, uzun illər boyu Misir Opera Teatrında işləmiş, Avropanın müxtəlif səhnələrində çıxış etmiş professor Sübhi Biderdir.
   Görkəmli Azərbaycan bəstəkarı Süleyman Ələsgərovun oğlu, Bülbül adına musiqi məktəbinin və Bakı Musiqi Akademiyasının məzunu Arzu Ələsgərov on beş ildən çoxdur ki, Qahirə Konservatoriyasında dəvətli müəllim kimi çalışır. Misirdə işlədiyi illər ərzində o həm istedadlı müəllim, həm də mahir pianoçu kimi böyük nüfuz qazanıb.
   Azərbaycan və Misir musiqiçilərinin bu yaradıcılıq ünsiyyətini ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrin uğurlu nümunəsi adlandırmaq olar. Arzu Ələsgərov neçə illərdir ki, Misir Opera Teatrının səhnəsində tanınmış artistlərlə birgə çıxış edir. O, bütün Şərqdə tanınmış misirli sənətçilər Həsən Şərar, İmam Mustafa, Aya Çələbi, Abdulla Lütfi, bakılı Şamil Rəşidov, qazaxıstanlı müğənni Beyimbet Kojibayev və bir sıra başqa musiqiçiləri müşayiət edib. Klassik mahnı və romansların mahir ifaçısı Rauf Adıgözəlov Qahirə Konservatoriyasında müəllim işləyən vaxt onunla bərabər dəfələrlə mədəni tədbirlərdə iştirak edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar