Natiq Vəliyev 1971-ci ildə Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasını musiqişünas kimi bitirib. Elə həmin ildə də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında musiqi redaktoru vəzifəsinə işə qəbul edilib. O illər filarmoniyanın direktoru SSRİ Xalq artisti, görkəmli dirijorumuz maestro Niyazi idi. Özünə və ətrafdakılara qarşı çox tələbkar və ciddi bir rəhbər olan Niyazinin iş üslubu, bir qədər sərt münasibəti gənc Natiqi qorxutmadı.
   
   Əslində o, dahi maestronun simasında böyük müəllim, işgüzar rəhbər, yüksək səviyyəli musiqiçi və nəhayət, əsl dost tapmış oldu. Niyazi özü bir məktəb idi. Hər gün onunla görüşmək, konsertlərin rəngarəng proqramını tərtib etmək, müxtəlif ölkələrdən, şəhərlərdən Bakıya gələcək dirijorlarla, musiqiçilərlə əlaqə saxlamaq, onların musiqiçi imkanlarını, bacarığını öyrənib yaxşı bir formada Bakı dinləyicilərinə təqdim etmək əslində iş yox, son dərəcə maraqlı və cəlbedici bir yaradıcılıq idi.
   Təəccüblü deyil ki, Natiqin işgüzar münasibətini, öz işinə vurğunluğunu müşahidə edən Niyazi tezliklə onu filarmoniyanın baş musiqi redaktoru təyin etdi. Burada Natiq Vəliyevin bir keyfiyyəti də özünü göstərmişdi - bu da onun gənc musiqiçilərə qayğısı, diqqəti idi. Neçə-neçə gənc, tələbə-musiqiçilər o illər cəsarətlə, inamla ölkənin ən böyük musiqi salonunda - filarmoniyanın səhnəsində öz məharətini, istedadlarını nümayiş etdirə bilmişdi. Bəlkə də gənclərə olan sevgisi onu pedaqoji fəaliyyətə gətirib çıxardı. Natiq Vəliyev 1974-cü ildən Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna şöbə müdiri vəzifəsinə dəvət olunur. Bu gəliş texnikumun həyatına bir coşqu, bir intibah nəfəsi gətirir. Təhsil ocağı texnikumlararası müsabiqədə laureat diplomları qazanır. Texnikumda görkəmli bəstəkar və ifaçılarla görüşlər keçirilir. Midhət Əhmədov, Səid Rüstəmov, Tofiq Quliyev, Cahangir Cahangirov, Bəhram Mənsurov bu görüşlərin iştirakçısı olmuşdular.
   Artıq paytaxtın musiqi ictimaiyyəti Natiq Vəliyevin hünərini, bacarığını, maarifçilik, təşkilatçılıq istedadını xüsusilə vurğulayırdı. Bəlkə də bunların nəticəsi idi ki, 1987-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi Fərəh xanım Şəkinskaya Natiq Vəliyevi işə dəvət edir. Burada da Natiq Vəliyevin yenilikçi iş üslubu özünü büruzə verir. İlk dəfə Bakı şəhəri muzey və musiqi məktəblərində Q.Qarayevin xatirəsinə həsr olunmuş “Musiqi həftəsi” təşkil olunur.
   1988-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna tədris üzrə direktor müavini təyin edilən Natiq Vəliyevin yaradıcı dəst-xətti gözəl nəticələr verir. Tədrisin göstəriciləri yaxşılığa doğru dəyişir, texnikumun mühitində ab-hava yaxşılaşır, yaradıcı şəxsiyyətlərlə görüşlər təşkil olunur. Bəstəkar Süleyman Ələsgərovla, tarzən Ramiz Quliyevlə görüşlər də bu dövrdə baş tutmuşdur.
   1995-ci il Natiq Vəliyevin həyatına yeni bir mərhələ kimi daxil oldu. O, Bakı şəhəri 22 №-li uşaq musiqi məktəbinə direktor təyin olundu. Bu təyinat məktəbin həyatında yeni bir mərhələ oldu. Çünki qısa zaman kəsiyində məktəb öz göstəricilərinə görə respublikanın öncül musiqi təhsili müəssisələrindən birinə çevrilir. İstər beynəlxalq, istər respublika miqyaslı müsabiqələrdə məktəbin xoru və ya fərdi çıxış edən şagirdləri laureat adını qazanırdılar. 1997-ci ildə musiqi məktəbləri arasında ilk olaraq Natiq Vəliyev bu tədris ocağında xanəndəlik sinfi açdı və Xalq artisti Mənsum İbrahimovu sinfin təşkilatçısı kimi məktəbə dəvət etdi. Zaman onun nə qədər düzgün addım atdığını bir daha sübut etdi. Az zamanda başqa məktəblərdə də xanəndəlik sinfi açıldı və yeniyetmə xanəndələr muğamların sirlərini daha erkən yaşlarından öyrənib əxz etmək imkanı qazandılar. Maraqlıdır ki, musiqi məktəblərinin xanəndəlik sinfi üzrə Astara şəhərində keçirilən beş respublika müsabiqəsi dövründə 22 saylı məktəbin nümayəndələri Qran pri mükafatına layiq görülmüşdür.
   Lakin Natiq Vəliyevin arzuları tükənmək bilmirdi. Həm də bu arzular təkcə bir məktəbin divarlarına sığmayaraq bütün məktəblər üçün vacib olan bir amilə ünvanlanmışdı. Natiq müəllim nəzəriyyə sinifləri üçün ümumşəhər olimpiadası keçirmək niyyətində idi. 38 musiqi və incəsənət məktəbi arasında keçirilən bu olimpiada həm tələbə və şagirdlərin, həm də müəllimlərin nəzəri fənlərə ciddi münasibətini təmin etmiş oldu. Artıq iki olimpiada keçirilmişdir, III olimpiada yaxın zamanda baş tutacaqdır.
   Ümumiyyətlə, 2002-ci ildən bəri uşaq musiqi məktəbləri üçün tərtib olunan tədris proqramlarının müəllifi Natiq Vəliyevdir. Pedaqoji sahədə gördüyü dəyərli işlərinə görə 2006-cı ildə Natiq Vəliyev ölkə Prezidenti tərəfindən “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
   2001-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının həqiqi üzvü olan Natiq Vəliyev rəhbərlik etdiyi 22 saylı məktəbdə tez-tez bəstəkar və musiqişünas həmkarlarının müəllim və şagirdlərlə görüşlərini təşkil edir. Oqtay Zülfüqarov, Musa Mirzəyev, Rəşid Şəfəq və başqaları 22 saylı məktəbin qonaqları olmuşlar. Məktəbdə böyük yubiley tədbirləri sırasında - Q.Qarayev-90, Niyazi-100, Xan Şuşinski-100, Səid Rüstəmov-100, Vasif Adıgözəlov-75 kimi maraqlı xatirə-konsertlər keçirilmişdir.
   2002-ci ildə Natiq Vəliyevin ən böyük arzularından biri gerçəkləşdi. Rəhbərlik etdiyi 22 saylı məktəbə onun sevimli ustadı maestro Niyazinin adı verildi. Bu gün məktəbə qədəm qoyan hər kəsi unudulmaz sənətkarın vüqarlı portreti qarşılayır.
   Natiq Vəliyev uzun illər Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi yanında paytaxtın musiqi və incəsənət məktəblərinin müəllimlər şurasının sədri olmuşdur. Artıq iki ildir ki, o bu qurumda direktorlar şurasına rəhbərlik edir. Yola saldığımız 2012-ci ilin son günlərində, 25 dekabrda Natiq Vəliyev “Müəllim və yeni təhsil konsepsiyası” adlı geniş və maraqlı bir konfransın keçirilməsinə nail oldu. Hər gün qəlbi yeni-yeni arzular və ideyalarla döyünən Natiq Vəliyev bu gün ölkəmizin sayılıb-seçilən və sevilən ziyalılarındandır. Keçirilən bütün tədbirlərdə gözümüz onu axtarır və o da həmişə olduğu kimi bütün baş verənlərə canlı reaksiyası ilə, mühakiməsi, obyektivliyi, doğru-düzgün münasibətilə hamının ürəyindən xəbər verir. Natiq Vəliyevin bir insan kimi də dostları çoxdur və əslində o özü ən böyük dost və xeyirxahdır.
   Natiq Vəliyevin bu gün həyatda qazandığı ən böyük sərvət yəqin ki, onun gözəl ailəsidir. Bu gün onun musiqiçi estafetini davam etdirəcək qız övladı - Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin solisti, mahir skripka ifaçısı və gözəl pedaqoq - Nigar Vəliyeva və hələ məktəbli ikən Prezident təqaüdçüsü kimi fəxri mükafata layiq görülmüş nəvəsi - truba ifaçısı Nəcəf Vəliyev vardır.
   Hər zaman yenilik sorağında olan, yeni fikirlərin, ideyaların carçısı kimi tanıdığımız, əziz dostumuz Natiq Vəliyevin yanvarın 31-də 65 yaşı tamam oldu. 65 yaşın zirvəsindən geriyə baxdıqda onun mənalı ömrünün əhatəli, geniş və dərin izlərini görə bilərik. Lakin Natiq Vəliyevi tanıyanlar yaxşı bilir ki, o, zirvədən geriyə yox, daha böyük, daha uca zirvələrə baxmağı sevir. Arzular da çoxdur, görüləcək işlər də...
   Yeni arzulara, yeni uğurlara doğru bütün qəlbi ilə can atan əziz dostumuz Natiq Vəliyev, 65 yaşın mübarək! Arzuların çin, uğurların bol olsun!
   
   Sərdar Fərəcov,
   bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi