Fevralın 2-də Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Parisdəki səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Fransada keçirilən Azərbaycan günləri çərçivəsində Miluz şəhərinin “Sin” teatrında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil olunub.
Konsertdən əvvəl çıxış edən Miluz şəhərinin meri Jan Rottner iki ölkə arasında əməkdaşlığın inkişafında və xalqların yaxınlaşmasında belə mədəni tədbirlərin xüsusi rolunu diqqətə çatdırıb, konsertdə səslənəcək muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini xatırladıb. Miluz və ətraf qəsəbələrin prezidenti, senator Jan-Mari Bokel sərgi və konsertin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə “Qafqazın mirvarisi Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Azərbaycan günlərinin artıq Fransanın bir neçə şəhərində keçirildiyini qeyd edib. Səfir deyib ki, budəfəki konsertdə səslənəcək muğam musiqisi Azərbaycan xalqının milli yaradıcılıq ənənələrinə sadiqliyindən xəbər verir.
Proqramda Azərbaycan incəsənət ustalarının ifasında xalq musiqisi və bəstəkarların əsərləri səslənib. Miluz şəhərinin sakinləri konsertdən böyük zövq aldıqlarını vurğulayıblar. “Etiraf edim ki, mənim Azərbaycan barəsində heç bir məlumatım yox idi. Məhz bu konsert sayəsində ölkənizi kəşf etdim, onun zəngin mədəniyyətinə, musiqisinə heyran oldum. Canlı və şən musiqi sədaları, müğənnilərin milli geyimdə çıxışları bizim üçün əsl hədiyyə idi”, - deyə Nataşa Kranz bildirib.