Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası dünyadakı həmvətənlərimizi birləşdirən, bizi dünyaya tanıdan milli-mənəvi dəyər olmaqla yanaşı, eyni zamanda mədəniyyətimizi, dil, ədəbiyyat və tariximizi - ümumilikdə humanitar elmimizi, incəsənətimizi, habelə milli mentalitetimizi özündə ehtiva edir.
   
   Milli musiqi sənətimizin inkişaf etdirilməsi, muğamımızın təbliği və dünyaya sirab olunması da nəticə etibarilə azərbaycançılıq fəlsəfəsini, milli zənginliyimizi tanıtmaq deməkdir. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələrin, tədbirlərin rolu əvəzolunmazdır.
   Azərbaycan musiqisinin böyük sahəsi olan muğam elə bir musiqidir ki, milliyyətindən asılı olmayaraq heç bir xalq bizim muğamımızı özününküləşdirə bilməyib və nə qədər də çalışsalar, buna nail olmayacaqlar.
   XIX əsrin I yarısından başlayaraq Azərbaycanda muğam sənəti geniş vüsət aldı. Qarabağda Azərbaycan muğamı elə inkişaf etdi ki, ustadlarımızın ifa sənətinə Tiflisdə, Kiyevdə, İstanbulda, Varşavada, Berlində, Daşkənddə də rast gəlinərdi. Bu günlər anadan olmasının 75 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli Arif Babayev böyük sənətkarlarımız Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi Cəmil Əmirov, Məcid Behbudov, Seyid Şuşinski, Xan Şuşinski və başqa ustadların yaradıcılığından bəhrələnmişdir. Eləcə də Ağcabədidə Mütəllim Mütəllimovun, Zülfi Adıgözəlovun, Yaqub Məmmədovun, Ağdamda Bakir Həşimovun, Mürşid Məmmədovun, Sara Qədimovanın, Şahmalı Kürdoğlunun, İldırım Həsənovun, Əbülfət Əliyevin və digərlərinin ifaçılıq sənəti Arif Babayevin yaradıcılığına və onun muğam sənətinin zirvələrini mənimsəməsinə güclü təsir etmişdir.
   Arif Babayev XIX və XX əsr muğam ustadlarının içdikləri bulaqların hamısından muğam suyu içmişdir. Xan Şuşinski adına Ağdam Musiqi Texnikumunun muğam ustadlarından sənətin sirlərini öyrənmişdir.
   Arif Babayev muğam elminə təzə yollar, təzə keçidlər, həm həzin, pəs, həm də Zarıslı qaymağı kimi şaqraq zil səs vermişdir. Hansı muğam olursa-olsun, o, Şuşa dolaylarını rahat qalxan sürücülər kimi, ürəyə məlhəm olan gedişlər edərək, dinləyicilərin ürəyincə oxuyur. Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Əbülfət Əliyevdən sonra ən güclü və şirin Məcnun ifaçısı məhz Arif Babayev olmuşdur.
   Sənətkarın yaraşıqlı zahiri görkəmi, qədd-qaməti daxili paklığı ilə təsdiqlənir. Böyük rus yazıçısı A.P.Çexov yazırdı ki, insanın həm xarici aləmi, həm də daxili aləmi gözəl olmalıdır. Bunların hər ikisi Arif Babayevdə cəmlənmişdir. Arif Babayev etika və mənəviyyat baxımından zirvələrdə duran böyük el sənətkarıdır. O, ulu öndərin milli ideya olaraq irəli sürdüyü azərbaycançılığa tam uyğun bir şəxsiyyət, böyük vətəndaşdır. Arif Babayevin anadan olduğu torpaq, doğma Sarıcalı kəndi mədəniyyətimizə, sənət tariximizə mühüm töhfələr vermişdir. Hələ XV əsrdə italyan missioneri Pyetri Sarıcalı kəndində olarkən demişdir: “Sarıcalılar müsəlmandırlar - türkdürlər, əkinçilik, maldarlıq, barama istehsalı ilə məşğuldurlar. Bu kənddə xırda istehsal əl işləri emalı, xüsusilə sarıcalıların əyirdiyi, toxuduğu xalçaları mən hətta Avropa ölkələrində də görməmişəm”. Sarıcalı eyni zamanda müasir dövrdə görkəmli ədəbiyyat və incəsənət xadimləri - görkəmli şair və jurnalist Famil Mehdi və muğam sənətində təkrarı olmayan Arif Babayevlə fəxr edə bilər. O, böyük müəllimdir. Onun yetirmələri arasında xalq artistləri Aygün Bayramova və Nəzakət Teymurovanı xüsusilə qeyd etmək istərdim. Son illər respublika muğam müsabiqələrində gənc ifaçıların meydana çıxmasında onun böyük əməyi, zəhməti var. Onun ustadlığı sayəsində Azərbaycan muğamında Təyyar, Güllü, Babək, Etibar, Mirələm, Səbinə, Mustafa kimi yeni adlar, ifaçılar kəşf olundu.
   Azərbaycan Milli Konservatoriyasının professoru Hacı Arif Babayev bu gün də gənc kadrların yetişdirilməsində uğurla çalışır. Sənətkarın yetirmələrinə ölkəmizdən kənarda, Gürcüstanda və İranda da rast gəlmək olar. Arif Babayevin mənəviyyat aləmi çox zəngindir. O, 50 milyonluq Azərbaycan xalqının oğludur. Xoşbəxt sənətkar, xoşbəxt insandır.
   
   Yusif Ağayev,
   iqtisad elmləri namizədi, dosent







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar