Qara Qarayev - 95
   
   
   Fevralın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqi Həvəskarları Klubunda dahi bəstəkar Qara Qarayevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş gecə keçirildi.
   
   Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə təşkil olunan tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova böyük sənətkarın Azərbaycan və dünya musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışdı. Qeyd olundu ki, Sankt-Peterburq dram teatrlarının arxivlərindən Qara Qarayevin səs yazıları və partituralarının surətləri Azərbaycana gətirilib. Bəstəkar ötən əsrin 50-60-cı illərində bu şəhərdə “Qaçış”, “Nikbin faciə”, “Artyom” və “Kral IV Henrix” tamaşalarına musiqi bəstələyib.
   Sonra söz Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadəyə verildi. O, böyük sənət müəllimi Qara Qarayevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü: “Qara Qarayevin dərsləri son dərəcə maraqlı keçirdi. O, dərs zamanı hətta oxuduğu ədəbi əsərlərin musiqi tərəflərində gördüyü notları belə tələbələri ilə bölüşürdü. Hərtərəfli biliyə malik insan idi. Həmin illərdə informasiya axını bu dərəcədə deyildi. Amma o, dünyada bütün sahələrdə baş verən yeniliklərdən xəbər tutur və bunu tələbələri ilə müzakirə edir, onların dünyagörüşlərinin formalaşmasına, həyatı dərk etməsinə çalışırdı”.
   Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Səttarovanın dahi sənətkarın həyat və yaradıcılığı haqqında çıxışı isə muzeyin hazırladığı slaydlarla müşayiət edildi.
   Daha sonra tədbir iştirakçıları Qara Qarayevin Azərbaycanda səslənməmiş dram tamaşalarına yazdığı musiqilərdən fraqmentləri dinlədilər, partituraların surətini əks etdirən slaydlarla tanış oldular.
   Tədbir çərçivəsində son vaxtlarda muzeyə bəstəkarın ailəsi tərəfindən hədiyyə edilmiş arxiv materiallarının bir hissəsi əsasında hazırlanmış “Qara Qarayev. Ailə portreti interyerdə” mövzusunda sərgi də nümayiş etdirildi.
   Gecənin sonunda Dövlət fortepiano triosunun (Səbinə İbrahimova, əməkdar artistlər Töhfə Babayeva, Nərgiz Əliyarova), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovanın, Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Fəridə Məmmədovanın, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifalarında dahi bəstəkarın əsərlərindən parçalar səsləndirildi.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar