Ölməz musiqiləri yaddaşlarda yaşayacaq
   
   Fevralın 11-də bir il tamam olacaq. Qəlbləri riqqətə gətirən bəstələrin müəllifi unudulmaz bəstəkarımız Elza İbrahimovasız bir ili də beləcə yola salacağıq. Ancaq yaratdığı əsərlər bizimlədir. O bəstələr ki, insan ruhunun səsi, qəlblərin pıçıltısı, dilə gəlməyən hisslərin təzahürüdür. Daha bir heyrətamiz məqam isə Elza xanımın ömrünün son illərini “sirli, müəmmalı qadın” olaraq başa vurmasıdır. Heç danışmadı, görünmədi və varlığını belə hiss etdirmədi.
   
   Şəxsən mənim yaddaşımda Elza İbrahimova Muğam Teatrında ona həsr edilmiş yubiley gecəsindəki görünüşü ilə qaldı. Bəlkə də bu, yalnız mənim deyil, yüzlərlə sənətsevərin yaddaşında qalan son kadrdır. Həmin çəkilişdən bu günə kimi ancaq onun musiqisi danışdı, mahnıları haray saldı. O mahnılar hamının ürəyindən xəbər verdi, hamının yerinə dilə gəldi. “Nəğmə dolu bir ürək” ancaq nəğmələrdə özünə yer tapdı. Bizim nəslin sevimli bəstəkarı gələcək nəslin yaddaşına “sirli qadın” kimi köçdü. Son illərdə isə bəstəkar ona müraciət edən bütün jurnalistlərin suallarını qardaşı Çingiz müəllimin vasitəsilə cavablandırırdı. Qəribəsi də budur ki, heç kimə “yox” söyləmirdi. Sadəcə, “mənim yerimə qardaşım danışacaq” - deyirdi.
   Milli Kitabxananın əməkdaşlarından birinin Elza xanım haqqında söylədiyi fikri xatırlayıram: “Mən həmişə bu xanımın bəstələrini dinləmişdim, bir sözlə desəm, mahnılarının dəlisi idim. Çox arzulayırdım ki, bəstəkarın özünü görüm və həmişə belə sanballı əsərlərin müəllifini təkəbbürlü, şux qadın kimi təsəvvürümdə canlandırırdım. Amma bir dəfə o bizim kitabxanaya gəlmişdi. Sadəliyi, təvazökarlığı məndə böyük təəccüb doğurdu. Elza xanımın sadəliyi məni heyrətə gətirdi”.
   Bəstəkarın əsərlərini dinləyəndə istər-istəməz bir nüans da diqqətdən yayınmır. Bu da onun öz bəstələrinə seçdiyi mətnlərlə bağlıdır. Biz Elza xanımın mahnıları və bu mahnıların ifaçıları haqqında çox danışmışıq, amma bu qadının nə qədər poetik təbiətli olduğunu nədənsə nəzərdən qaçırmışıq. Onun mahnılarında sözlər axarlılığı və musiqi-mətn tamamlanması baxımından əvəzedilməz dərəcədə möhtəşəmlik yaradır. Buna görə də bu mövzu məni həmişə maraqlandırırdı. Çünki bu günə qədər musiqişünaslıqda ayrı-ayrı mahnı janrlarının tədqiqinə həsr edilmiş bir sıra elmi əsərlər və araşdırmalarla tanışam. Düşünürdüm ki, Elza İbrahimovanın mahnılarına mətn seçməsində özünəməxsus dəst-xətt var və bu seçim onun mahnı üslubunun səciyyəvi elementlərini daha qabarıq üzə çıxarır. O, mahnılarında poetik mətnlə musiqinin dilini böyük ustalıqla, estrada mahnı janrının müxtəlif növlərində - ənənəvi estrada, romans, müasir lirik mahnı melodiyalarında maksimal dərəcədə tətbiq etməklə bu əsərlərin yaddaqalan olmasına nail olmuşdur.
   Bu yöndə araşdırma apararkən professor-musiqişünas Ceyran Mahmudovanın dissertasiya işindən, Elza İbrahimova yaradıcılığına həsr edilmiş məqalədən bəzi fikirləri də qeyd etməyi lazım bildim: “Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan Elza İbrahimovanın musiqinin başqa janrlarında bir sıra simfonik, kamera-instrumental, səhnə əsərlərinin müəllifi olmasına baxmayaraq, onun məhz mahnı janrında yaratdığı nümunələr yaddaşlara həkk olunub. Bəstəkarın heç kimə bənzəməyən fərdi mahnı üslubu mövcuddur. Mahnılarını dinləyəndə melodiyanın xüsusi ifadəliliyinin, seçilmiş mətnin dərin mənalılığının şahidi oluruq. Bütün bu amillər Elza İbrahimovanın bəstələrinin dəyərini daha da artırmış olur. Öz mahnılarında müxtəlif şairlərə müraciət edən bəstəkar melodiyalarda mətnin misralarını özünəməxsus şəkildə bölərək vurğulayır. Hər misranın uyğun gəldiyi melodik cümlə biri neçə ibarəyə bölünür. Onun musiqi dilinin səciyyəvi cəhətlərindən bir də mahnılarında sekvensiyalardan geniş şəkildə istifadə etməsidir. Tonlarla, tersiyalarla yuxarı və ya aşağı hərəkət edən sekvensiyalara bəstəkarın mahnılarının əksəriyyətində rast gəlinir. Buradan da belə bir nəticəyə gəlirik ki, bəstəkarın gözəl, ifadəli melodiyalara malik yaddaqalan mahnılarının yaranmasının bir sirri də onun poetik mətni düzgün seçməsi və mətnin məzmun çalarlarını musiqidə dolğun, orijinal tərzdə çatdırmasıdır”.
   Bəli, şair təbiətli, dərin musiqi duyumlu Elza İbrahimova 2012-ci il fevralın 11-də 74 yaşında dünyasını dəyişdi. Onun musiqisi isə nəsillərdən nəsillərə ötürülərək insanları öz dünyalarına səyahətə aparacaq. “Üzü küləyə gedənlər” də, “Mehribanım” deyə bir-birinə müraciət edənlər də, nə vaxtsa “Gecələr bulaq başı”nda oturub səmimi söhbət edənlər də istər-istəməz bu ölməz musiqiləri yada salacaqlar və əgər bu mahnılar xatırlanacaqsa, demək, bəstəkarın ruhu da yaşayacaq, xatırlanacaq...
   
   Lalə Azəri 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar