Fevralın 11-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə III Respublika muğam müsabiqəsinin açılış mərasimi və ilkin seçim turu keçirilib.
Mərasimdə müsabiqənin ilkin mərhələsinin yekunları barədə məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər öz CV və videoyazılarını DVD formatında tədbirin təşkilatçılarına göndəriblər. Lent yazılarından 18-i münsiflər heyəti tərəfindən bəyənilərək seçim turuna buraxılıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və təhsil naziri Misir Mərdanov çıxış edərək ölkəmizdə muğam sənətinin inkişafına göstərilən dövlət qayğısından, bu nadir musiqi janrının dünyada tanıdılmasında belə müsabiqələrin əhəmiyyətindən danışıblar. Tar ifaçılıq sənətimizin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi xüsusi vurğulanıb, muğamın və milli musiqi alətlərimizin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun xidmətləri yüksək qiymətləndirilib.
Sonra iştirakçılar arasında püşkatma keçirilib. III Respublika muğam müsabiqəsinin əvvəlkilərdən fərqi ondan ibarətdir ki, bu yarışmada həm də instrumental ifaçılar arasında seçim aparılır. Seçim turlarında 23 nəfər instrumental ifaçı iştirak edir.
Müsabiqənin birinci seçim turu fevralın 11-12-də keçirilib. Birinci hissədə instrumental ifaçıların seçimi olub. Seçimdə 11 nəfər iştirak edib. İştirakçılar milli musiqi alətlərimiz olan tar, kamança, balaban və qanunda muğam və rəqslər ifa ediblər.
İştirakçılar Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov, Əməkdar incəsənət xadimləri Nazim Kazımov, Məmmədağa Kərimov, əməkdar artistlər Təranə Əliyeva və Elşad Cabbarovdan ibarət münsiflər heyəti tərəfindən seçilib.
Fasilədən sonra isə xanəndələrin seçimi olub. Onları Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadədən ibarət münsiflər heyəti seçib.
18 nəfər xanəndənin və 22 nəfər instrumental ifaçının iştirak etdiyi birinci turdan keçənlər fevralın 13-də ikinci seçim turunda çıxış edəcəklər. İkinci turda həm xanəndələrdən, həm də instrumental ifaçılardan 3 nəfəri qalib seçiləcək. Qaliblərin adları fevralın 15-də keçiriləcək qala-konsertdə açıqlanacaq. Birinci, ikinci və üçüncü yerin sahibləri mart ayında “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanacaqlar.