Fevralın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinovun yaradıcılığına həsr edilmiş müəllif konserti keçirildi.
   
   Sənətsevərlər çoxdan bu konserti gözləyirdilər desəm, yanılmaram. Tədbirin başlamasına yarım saat qalmış hər kəs öz yerini tutmuş və müəllifin gəlişini gözləyirdi. Şair Baba Vəziroğlu konsert başlamazdan əvvəl öz fikirlərini jurnalistlərlə bölüşdü: “Bu gün gözəl bir musiqi axşamı yaşayacağımıza əminəm. Faiq Sücəddinov bizim bəstəkarlıq məktəbinin canlı korifeylərindən biridir. Bu gün mən Faiq müəllimdən son dövrdə yazdığı yeni bəstələrinin ifasını da gözləyirəm. Biz onunla bir çox mahnılar üzərində işləmişik, hər zaman fikirlərimizi bölüşmüşük və bu gün də çiyin-çiyinə çalışırıq. Konsert münasibətilə bəstəkarı və onun sənətinin vurğunlarını təbrik edirəm”.
   Sonra Faiq Sücəddinov səhnəyə çıxaraq konsertlə bağlı ürək sözlərini dedi. Bildirdi ki, Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda, həmkarlarının, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, musiqisevərlərin qarşısında ifa etmək çox şərəflidir. Bu salonda Qara Qarayev, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi görkəmli sənətkarların fortepiano ifasını dinlədiyini xatırlatdı: “Onlardan sonra bu səhnədə ifa etmək mənim üçün böyük məsuliyyətdir”.
   Konsert proqramı Faiq Sücəddinovun fortepianoda “Vətən” balladasının ifası ilə başladı. Ülviyyə Tağıyevanın və Xalq artisti Samir Cəfərovun ifasında bəstəkarın vokal əsərləri - “Salam ver”, “Nəğmələr”, “Məhəbbət poeması”, “Azərbaycan” alqışlarla qarşılandı. Müəllifin ifasında “Portret”, “Payız çağı”, “Xəzərin ləpələri”, “İthaf”, “Yeni Bakı”, “Dostuma məktub” və digər əsərləri bir-birini əvəzlədikcə qış havasına sanki bir hərarət qatılırdı.
   Konsertin sonunda Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə gecə ilə bağlı öz təəssüratlarını bölüşdü: “Faiq Sücəddinov sənətə pianoçu kimi gəlsə də, sonradan bəstəkar kimi şöhrət qazandı. Təbii ki, bu şöhrəti istedadı və zəhmətsevərliyi ilə qazandı. Bəstəkarın 70-80-ci illərdə bəstələdiyi mahnılar bizim gəncliyimizin ən populyar və sevilən mahnıları sırasındadır. Bizim zalda əsasən akademik musiqilər səslənir. Bugünkü proqram isə çox maraqlı və unudulmaz anlarla yadda qaldı”.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar