Xəbər verdiyimiz kimi, Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Təhsil Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə III Respublika muğam müsabiqəsi keçirilir.
   
   Fevralın 13-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin ikinci seçim turu olub. İnstrumental ifaçılar Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov, əməkdar incəsənət xadimləri Nazim Kazımov, Məmmədağa Kərimov, əməkdar artistlər Təranə Əliyeva və Elşad Cabbarovdan ibarət münsiflər heyəti tərəfindən seçilib.
   Birinci yerdə Şəhriyar İmanov (tar) və Bəhruz Zeynalov (tar), ikinci yerdə Pərviz Quliyev (balaban) və Aysu Sadıqova (qanun), üçüncü yerdə Şəhriyar Musayev (kamança) və Təbriz Yusubov (kamança) olmaqla 6 ifaçı “Muğam aləmi” III Beynəlxalq muğam festivalında iştirak etmək hüququ qazanıb.
   Xanəndələrin seçimi xalq artistləri Siyavuş Kəriminin sədrliyi ilə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Aygün Bayramova, Zabit Nəbizadədən ibarət münsiflər heyəti tərəfindən aparılıb.
   Xanəndələr arasından heç kim qalib olmayıb. Münsiflər heyəti onların Azərbaycanı beynəlxalq muğam müsabiqəsində təmsil edəcək potensialının olmadığını bildirib.
   Seçim turlarında ümumilikdə 18 xanəndə və 22 instrumental ifaçı iştirak edib.
   Fevralın 15-də müsabiqənin yekunu olaraq qala-konsert keçiriləcək.