Beynəlxalq muğam festivalında solo və instrumental ifaları üzrə müsabiqə keçiriləcək
   
   “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 15-dən 18-dək solo və instrumental ifaları üzrə müsabiqə keçiriləcək. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşacaq.
   Bu barədə məlumat verən müsabiqənin əlaqələndiricisi Zemfira Hüseynova bildirib ki, sənət yarışması Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında təşkil ediləcək. Əsas mərhələdə çıxışların ardıcıllığı martın 15-də püşkatma vasitəsilə müəyyənləşdiriləcək və çıxışlar cədvəl üzrə aparılacaq. Hər bir müsabiqə iştirakçısına təxminən 30 dəqiqə vaxt veriləcək. Yarışmada yaşı 35-dək olan həm vokal, həm də instrumental ifaçılar iştirak edə bilərlər. Müxtəlif ölkələrdən dəvət olunmuş ənənəvi musiqinin görkəmli bilicilərindən ibarət 7 nəfərlik münsiflər heyəti reytinq qiymətləndirmə sisteminə əsasən iştirakçıların çıxışları ilə bağlı rəyini bildirəcək.
   Müsabiqədə Qran-pri, birinci, ikinci və üçüncü yerlərin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunacaq. Martın 18-də Bakıda qaliblərin yekun qala-konserti təşkil ediləcək.