O, kiçik səhnədən böyük səhnəyə gedən yolda hələ ilk addımlarını atır, ilk uğurların sevincini yaşayır. Sabirabad rayon Ü.Hacıbəyli adına uşaq musiqi məktəbinin fortepiano şöbəsində təhsil alsa da, mahnı oxumaq, müğənni olmaq istəyi daha üstün gəlib.
   
   Bu istəklə məktəbin xor kollektivinə üzv yazılır, tədbirlərdə fəal iştirak edir, gözəl səsi, istedadı olduğu üzə çıxır. N.Gəncəvi adına şəhər orta məktəbinin 10-cu sinif şagirdi Xanım Əliyeva hələ kiçik yaşlarından musiqiyə böyük həvəs göstərir, öz qabiliyyəti və musiqi duyumu ilə yaşıdlarından seçilirdi. İbtidai sinif müəllimi Gülsabah Sərxanova və uşaq gənclər birliyinin rəhbəri Failə Ağayeva onun istedadının pöhrələnməsində böyük əmək sərf edirlər. Çəkilən zəhmət də bəhrəsini çox gözlətmir. O, 2011-ci ildə “Azad Azərbaycan” televiziyasının “Tanıdım səni” layihəsində uğurla çıxış edir. Həmin il Şirvan Özəl Türk Liseyinin təşkilatçılığı ilə keçirilən “Ana dilimizi sevək, sevdirək” yarışmasında Xanım Əliyeva qaliblər sırasına çıxır.
   2012-ci ildə gənc istedad daha böyük yarışmaların iştirakçısı olur. Şirvan Özəl Türk Liseyində zona yarışmasında ifa etdiyi bir türk mahnısı ilə Bakıda keçiriləcək yarımfinal olimpiadasında iştirak etmək hüququ əldə edir. Qafqaz Universitetində baş tutan yarışmada Xanım Əliyeva 3-cü yerə layiq görülür. Ötən ilin fevralında Bakıda Milli Dram Teatrında keçirilən beynəlxalq türk dili olimpiadasının Azərbaycan seçimlərində, mahnı yarışması üzrə keçirilən final turunda uğur qazanaraq bu mötəbər yarışmada Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibinə qatılır. Dünyanın 135 ölkəsindən 1500 şagirdin iştirak etdiyi X beynəlxalq türk dili olimpiadasında Xanım Əliyeva Bakı şəhərindən Səma Sultanova ilə birlikdə mahnı nominasiyası üzrə birincilik qazanaraq qızıl medala layiq görülür, olimpiadanın “Uğur” sertifikatı və hədiyyələrlə təltif edilir. Hər iki gənc Türkiyədə keçiriləcək növbəti beynəlxalq türk dili olimpiadasında iştirak etmək hüququ qazanır.
   Bu yaxınlarda olimpiadanın müsəlman ölkələrindən olan qaliblərinin dəvət aldığı, Məhəmməd Peyğəmbərin mövludu gününə həsr edilmiş konsertdən böyük təəssüratlarla qayıdan Xanım Əliyevanın may ayında qardaş ölkəyə növbəti səfəri gözlənilir.
   Ali məktəbdə təhsil almaq və musiqiçi olmaq arzusu ilə yaşayan Xanımı irəlidə çətin sınaqlar və imtahanlar gözləyir. Şirin, məlahətli səsi ilə sevilən, tamaşaçı rəğbəti qazanan və Azərbaycanı uğurla təmsil edən bu istedadlı gəncə yeni müvəffəqiyyətlər arzulayır və yolun açıq olsun deyirik!
   
   Şükufə Əsgərova,
   Sabirabad Tarix-diyarşünaslıq
   muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi