Pier Tiloyun “Xocalı 613” əsərinin Britaniya premyerası
   
   Fevralın 26-da Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Londonun Smit meydanında yerləşən Müqəddəs Con kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib.
   
   Tədbirdə 500 nəfərdən artıq qonaq, o cümlədən Britaniya parlamentinin üzvləri, diplomatlar iştirak edib. Konsertdə dirijor və bəstəkar Lorent Petitqrardın rəhbərliyi ilə Londonun Orion Orkestri çıxış edib.
   Gecənin zirvəsi Pier Tiloyun Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Xocalı 613” adlı yeni əsərinin Britaniya premyerası olub. Əsər skripka, balaban, zərb alətləri və simli orkestr üçün yazılıb. Beynəlxalq səviyyədə tanınan virtuoz sənətkar Şirzad Fətəliyevin ifa etdiyi balabanın ecazkar səsi əsərin təsirini daha da artırırdı. Skripkada Nyu-York Culiard Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət məsələləri üzrə müşaviri Sabina Rakçıyeva ifa edirdi. Bu möhtəşəm əsər “Laçın” və “Sarı gəlin” mahnıları da daxil olmaqla, Azərbaycan xalq musiqisinin melodiyaları sayəsində Xocalı faciəsinin dəhşətlərini çox təsirli formada əks etdirib.
   Mərasimdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov deyib: “Xocalı faciəsi 21 il bundan əvvəl baş verib. Bu faciə bizim millətimizin tarixində ən qara səhifələrdən biridir. 613 insanın həyatını əlindən alanlar hələ də mühakimə olunmayıb. Beynəlxalq hüquq dinc əhalini öldürməyi qadağan edir və bu bəşəriyyətə qarşı cinayət hesab olunur. Belə dəhşətli hallar bir daha təkrar olunmamalıdır”.
   Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov qeyd edib ki, Böyük Britaniya bəşər tarixinin ən böyük müharibələri hesab olunan iki dünya müharibəsində iştirak edib və bu müharibələrdə Avropa milyonlarla insan itirib: “O müharibələr Avropa xalqlarına böyük dərs olub. Cinayət törədənlər ədalət məhkəməsinə cəlb olunub. Amma dinc əhaliyə qarşı planlı təşkil olunmuş Xocalı qırğınının təqsirkarları hələ də cinayətlərinin cəzasını çəkməyib”.