Martın 5-də L.və M.Rostropoviçlərin ev-muzeyində “Taleyin kəsişən yolları” adlı tədbir keçirildi. Tədbir görkəmli violonçelist Leopold Rostropoviçin 121 və məşhur dirijor, pianoçu Aleksandr Zilotinin 150 illik yubileyinə həsr olunmuşdu. Tədbirdə incəsənət xadimləri, bəstəkarlar, musiqi məktəblərinin müəllim kollektivi, şəhərimizin müxtəlif muzeylərinin direktor və işçi kollektivi iştirak edirdi.
   
   Görkəmli rus dirijoru, pianoçu A.Ziloti 1863-cü ildə Xarkovda zadəgan ailəsində doğulmuşdur. Səkkiz yaşında konservatoriyaya - məşhur fortepiano müəllimi N.Zverevin sinfinə daxil olmuşdur. 1875-ci ildə konservatoriyanın direktoru N.Rubinşteyinin sinfinə keçmiş və tezliklə ən yaxşı şagirdlərindən biri olmuşdur. Eyni zamanda P.Çaykovskidən nəzəriyyə dərsi öyrənirdi. 1881-ci ildə N.Rubinşteynin vəfatından sonra F.Listdən xüsusi dərs almağa başlamışdır.
   A.Ziloti 1881-1891-ci illərdə Moskva Konservatoriyasında fortepiano sinfində dərs deyir, sonra 1900-cü ilə qədər Avropada yaşayır və solist virtuoz kimi məşhurluq qazanır. Rusiyaya qayıdandan sonra Moskva Filarmoniya cəmiyyətində dirijor vəzifəsini tutmuşdur. 1903-cü ildən Peterburqda yaşamağa başlayır, orada özünün məşhur simfonik və kamera konsertlərinin əsasını qoyur. İki onillik ərzində “Zilotinin konsertləri” paytaxtın musiqi həyatının mühüm hadisəsi idi.
   Məşhur violonçelist L.Rostropoviçin həyatında A.Zilotinin xüsusi rolu olmuşdur. L.Rostropoviçin muzeydə qorunub saxlanılan məktubları arasında 1928-ci ildə A.Zilotiyə yazdığı məktub var. Məktubda o, A.Zilotini Yeni il münasibətilə təbrik edir və yazır: “Əziz Aleksandr İliç, karyeramın başlanğıcında mənə etdiyiniz bütün yaxşılıqlara görə sizə minnətdarlığımı bildirirəm. Xatırlayırsınız, siz məni hələ gənc ikən violonçelist kimi tanıdınız...”
   Tədbirdə L.Rostropoviçin A.Zilotiyə yazdığı əlyazma məktuba əsaslanaraq iki görkəmli musiqiçinin yaradıcılıq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verildi.
   Məktuba əsasən deyə bilərik ki, 1907-ci ildə L.Rostropoviç konservatoriyaya məşhur violonçelist professor A.Verjbiloviçin sinfinə məhz A.Zilotinin məsləhəti ilə daxil olmuşdur. Hələ gənc ikən istedadlı violonçelist olduğunu anlayan A.Ziloti onun Verjbiloviçin sinfinə daxil olmağa kömək edir. Onun ümidlərini doğruldan L.Rostropoviç konservatoriyanı qızıl medalla bitirir. Bu, Verjbiloviçin violonçel sinfinin son buraxılışı idi. 1910-cu il 9 mayda konservatoriyada təntənəli tədbir təşkil edilir. Həmin gecədə L.Rostopoviç mükəmməl çıxış edərək A.Davıdovun üçüncü konsertini ifa edir.
   Məktubunda L.Rostropoviç bunları xatırlayır və gələcək yaradıcılıq planları barədə A.Zilotidən məsləhət alır. Bu məlumatları dinləyən qonaqlar L.Rostropoviç və A.Zilotinin fotoşəkillərindən ibarət slayd-şounu izlədilər. Qonaqlar L.Rostropoviç və A.Zilotinin fotoşəkillərindən, əlyazma məktublarından və digər materiallardan ibarət sərgi ilə tanış oldular.
   Sonra A.Zilotinin ifasında İ.Baxın əsərinin lent yazısı səsləndirildi. Tədbir Bülbül və G.Şaroyev adına musiqi məktəbləri şagirdlərinin və tələbələrin ifasında konsert proqramı ilə davam etdi. Konsertdə musiqiçilərin ifasında Boni, P.Çaykovski, F.List, F.Şopen, S.Raxmaninovun əsərləri səsləndirildi.
   Sonda bəstəkar Rauf Əliyev və Mədəniyyət və İncəsənət Universitetinin dosenti Elfira Qurbanova çıxış edərək belə maraqlı tədbirə görə muzeyin direktoru Şeyla Heydərovaya minnətdarlıqlarını bildirdilər.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar