Ölkəmizin üçüncü dəfə ev sahibliyi etdiyi beynəlxalq muğam festivalı zəngin tarixi olan Azərbaycan muğamının dünyada daha geniş tanınmasına töhfə verəcək
   
   Martın 9-da Bakıda, Heydər Əliyev Mərkəzində “Muğam aləmi” III Beynəlxalq muğam festivalının təntənəli açılış mərasimi olub. Martın 19-dək davam edəcək festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. 2009 və 2011-ci illərdə ölkəmizin ev sahibliyi etdiyi I və II beynəlxalq muğam festivalları sənət aləmində geniş rezonans doğuraraq mədəni irsimizin təbliğinə, Azərbaycanın Şərq və dünya musiqi sənətinin mühüm mərkəzi kimi tanınmasına mühüm töhfə verib. Budəfəki festivalın coğrafiyası və tədbirlərin əhatə dairəsi daha da genişlənib.
   
   Festivalda Azərbaycan, Türkiyə, İran, İraq, Özbəkistan, Tacikistan, Qazaxıstan, ABŞ, Fransa, Kanada, Britaniya, İspaniya, İtaliya, Almaniya, Liviya, Braziliya, İordaniya, Yaponiya, Türkmənistan, Rusiya, Çin, Hindistan, Tunis, Misirin sənət adamları, tanınmış musiqi qrupları iştirak edir.
   Beynəlxalq festivalın prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açılış mərasimində çıxış edib.
   
   “Gözəl musiqi bizi birləşdirəcək”
   
   III Beynəlxalq muğam festivalının Azərbaycanın və paytaxtımızın mədəni həyatında mühüm hadisə olduğunu vurğulayan Mehriban xanım Əliyeva iştirakçıları salamlayıb: “Artıq üçüncü dəfədir ki, qədim muğam sənəti dünyanın müxtəlif ölkələrindən gələn ifaçıları, sənətkarları, incəsənət xadimlərini, alimləri, musiqisevərləri bir araya toplayır və heç bir sərhədlərə sığışmayan gözəl musiqi bizi on gün ərzində birləşdirəcək, bizə xoş anlar bəxş edəcəkdir. Bu il muğam festivalının açılış mərasimi Heydər Əliyev Mərkəzində keçirilir. Bu memarlıq abidəsi özü sanki musiqiyə bənzəyərək insanların daxilində müxtəlif hisslər və obrazlar oyadır. Kimsə onu dəniz dalğasına, kimsə bulud karvanına, kimsə küləyin şiddətinə oxşadır. Bu məkan ənənəni və müasirliyi özündə birləşdirən Bakının yeni simvollarından biridir. Bu axşam bu səhnədə bizim mədəni irsimizin incisi olan gözəl muğam səslənəcəkdir”.
   Qeyd olunub ki, festival musiqisevərlərə məşhur muğam ustadlarını və gənc ifaçıları dinləmək, gənclərin muğam müsabiqəsini izləmək imkanı verəcək. Beynəlxalq Muğam Mərkəzində ustadların çıxışları, Filarmoniyada, Opera və Balet Teatrında, digər konsert salonlarında simfonik muğamlar, muğam operaları səslənəcək. Bakı caz klubunda muğamla cazın nadir sintezini dinləmək imkanı yaradılacaq. Azərbaycan muğamının qədim ənənələri və tarixi ilə yanaşı, müasir ifa sənətinin imkanları göstəriləcək: “Eyni zamanda, muğamın ölkəmizin XX əsrdə musiqi mədəniyyətinin bütün janrlarına nə dərəcədə təsir göstərdiyinin şahidi olacağıq. Mən ümidvaram ki, festival Azərbaycanda qonaq olan ölkələrin rəngarəng muğam məktəblərinin ənənələrini, uğurlarını, nailiyyətlərini də bizə göstərəcəkdir. Ən əsası odur ki, beynəlxalq muğam müsabiqəsi yeni adlar, yeni istedadlar aşkar edəcək və muğamın həm ölkəmizdə, həm dünyada daha yaxşı tanınmasına, daha geniş yayılmasına töhfəsini verəcəkdir”. 

   Gənc istedadlar üçün əvəzolunmaz təcrübə
   
   Builki festivalın bir neçə yeniliklə seçildiyini vurğulayan Mehriban xanım Əliyeva bu dəfə muğam müsabiqəsinin təkcə xanəndələri deyil, həmçinin instrumental muğam sənətini də əhatə edəcəyini bildirib: “Digər yenilik ondan ibarətdir ki, demək olar, ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi məktəblərinin şagirdləri bu festivalda iştirak edəcəklər. Onlar məşhur xanəndələrlə, ölkəmizə gələn qonaqlarla birgə çıxış edəcəklər və əlbəttə, bu da gənc istedadlar üçün əvəzolunmaz bir təcrübədir. Əvvəlki illərdən fərqli olaraq bu il festival təkcə Bakı şəhərində deyil, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qəbələdə, Şamaxıda, Şirvanda və ölkəmizin digər şəhər və rayonlarında keçiriləcəkdir.
   Dünyada muğama maraq artmaqdadır. Biz bunu festivalda iştirak edən ölkələrin sayının artmasında da görürük. Bu il festivala 24 ölkə qatılıb. Festival çərçivəsində keçirilən elmi simpoziumda xaricdən gələn çoxsaylı ekspertlər və alimlər də iştirak edəcəklər”.
   Azərbaycanın birinci xanımı çıxışında daha sonra deyib: “Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir. Təsadüfi deyil ki, Azərbaycan muğamı UNESCO-nun bəşəriyyətin mədəni irsinin şah əsərləri siyahısına salınıb və çox sevindirici haldır ki, artıq bu siyahıda Azərbaycan tar ifaçılığı da vardır. Bu, bizim mədəni irsimizə, mədəni irsimizin qorunmasına dünya miqyasında göstərilən diqqətin və qayğının göstəricisidir”.
   Heydər Əliyev Fondunun fəaliyyətinin ilk günündən mədəni irsimizin qorunmasına xüsusi diqqət yetirdiyini vurğulayan Mehriban Əliyeva bu sahədə bir çox tədbirlərin həyata keçirildiyini, müxtəlif festivalların gerçəkləşdiyini nəzərə çatdırıb: “Bu sırada Qəbələ musiqi festivalı, Rostropoviçin, Qara Qarayevin, Üzeyir Hacıbəylinin adını daşıyan festivalları qeyd etmək istərdim. Əlbəttə, ən vacibi beynəlxalq muğam festivalıdır. Festivalın hazırlanmasında əməyi olan hər bir insana dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün mən bizim məşhur ustadlarımızı salamlayıram və onlara öz hörmət və ehtiramımı çatdırıram. Siz bizim korifeylərimizsiniz, siz muğam sənətini yaşadırsınız, siz yeni istedadlar yetişdirirsiniz. Mən sizə cansağlığı, uzun ömür arzulayıram. Qarşıdan gələn Novruz bayramı münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Festival iştirakçılarına uğurlar, bizə isə çox xoş anlar arzulayıram”.
   
   * * *
   Açılışda hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri - festival iştirakçısı olan ölkələrdən qonaqlar iştirak edib. Mərasim Azərbaycanın incəsənət ustalarının geniş konsert proqramı ilə davam edib. Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq Çalğı Alətləri Orkestri, Dövlət Xor Kapellası, Dövlət Rəqs Ansamblı, Qədim Musiqi Alətləri Ansamblı, Opera və Balet Teatrının orkestrinin müşayiət etdiyi konsertdə (dirijorlar Fəxrəddin Kərimov və Ağaverdi Paşayev) solistlər Təyyar Bayramov, Səbuhi İbayev, İlkin Əhmədov, Elnur Zeynalov, Arzu Əliyeva, Vüsalə Musayeva, Afaq Abbasova, Fərid Əliyev, Simarə İmanova, Babək Niftəliyev, Səbinə Ərəbli, Güllü Muradova, Şahin Növrəsli çıxış edib.
   
   Festival qonaqları “Min bir gecə”nin sehrində

   
   Martın 10-da festivalın qonaqları və musiqi bayramının iştirakçıları üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun dünya şöhrətli “Min bir gecə” baleti təqdim olunub.
   Baletin quruluşçu baletmeysteri Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Nailə Nəzirova, quruluşçu rəssamı Dövlət mükafatı laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
   “Min bir gecə” nağılları əsasında yazılmış baletdə Şəhrizad rolunu Nigar İbrahimova, Şəhriyar rolunu isə Əməkdar artist, “Qızıl dərviş” və “Zirvə” mükafatları laureatı İslam İslamov oynayıblar. Tamaşaya Əyyub Quliyev dirijorluq edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar