Beynəlxalq festival çərçivəsində yerli və xarici sənətçilərin iştirakı ilə rəngarəng konsert proqramları təşkil edilir
   

   Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə martın 9-da Bakıda start götürən “Muğam aləmi” III Beynəlxalq muğam festivalının proqramına uyğun olaraq ölkəmizin müxtəlif bölgələrində konsertlər keçirilir. Festivalın ikinci günü, martın 10-da Şamaxı və Lənkəranda konsert proqramları təqdim edilib.
   
   Şamaxı musiqi kollektivlərinin konserti
   
   Şamaxı Mədəniyyət Mərkəzində keçirilən konsertdən öncə çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunması və təbliği ilə əlaqədar həyata keçirilən tədbirlərin əhəmiyyətini, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətlərini minnətdarlıqla qeyd ediblər. Çıxışlarda III Beynəlxalq muğam festivalının artıq öz coğrafi məkanını genişləndirməsinin, respublikamızın bir sıra şəhər və rayonlarında festival çərçivəsində konsertlərin keçirilməsinin musiqisevərlər tərəfindən sevinclə qarşılandığı vurğulanıb.
   Sonra konsert başlanıb. 300-ə yaxın musiqisevər yerli sənətkarların ifasında “Bayatı-Şiraz” və “Zabul segah” muğamlarımızı dinləyiblər. Xanəndələr Elim Ömərov, Elxan Zülfüqarov, müğənnilərdən Vəfa Rəsulova, Xalid Nağıyev, Şöhrət Fətiyev, Gülxar Məmmədova və başqalarının ifa etdikləri muğamlar alqışlarla qarşılanıb. İfaçıları tarda Əhməd Həmidov, kamançada Natiq Hüseynov, balabanda Şirəli Fətiyev, nağarada İsa İmanov müşayiət edib.
   
   Lənkəranda “Leyli və Məcnun”
   
   Lənkəran Dövlət Dram Teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert ifasını tamaşaçılara təqdim edib.
   Mərasimdə çıxış edən Dövlət Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev bildirib ki, ilk dəfə olaraq festival çərçivəsində Bakı şəhəri ilə yanaşı, respublikamızın bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlərin, ustad dərslərinin təşkili nəzərdə tutulub.
   Lənkəranlı tamaşaçılar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert ifaçılarını - dirijor Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri, Azərbaycan Xor Kapellası, solistlər - xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramovanın, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun çıxışlarını hərarətlə qarşılayıblar.
   
   Gəncədə “Yeddi muğam dünyasına səyahət”
   
   Martın 11-də beynəlxalq festival çərçivəsində Gəncədə təşkil olunmuş açılış mərasimi həm də “Yeddi muğam dünyasına səyahət” adlı konsert proqramının təqdim edilməsi ilə yadda qalıb. Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Nizami Hacıyev, görkəmli tarzən Fikrət Verdiyev çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.
   Sonra yeddi gənc xanəndə - Şahin və Məmməd Mirzəyevlər, Sevil Sarıyeva, Anar Quliyev, Zakir Əliyev, Müqəddəs Məmmədova və Cavid Abdullayev “Göygöl” dövlət mahnı və rəqs ansamblının müşayiəti ilə 300 nəfərdən artıq tamaşaçını ecazkar muğam aləminə səyahətə çıxarıblar. Bir neçə saat davam edən konsertdə hər bir xanəndənin ifası alqışlarla qarşılanıb. Muğamsevər tamaşaçılar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
   Qeyd edək ki, martın 12-də Gəncədə festival çərçivəsində Çin musiqiçilərinin iştirakı ilə daha bir konsert olub.

   Qarabağ Muğam Mərkəzində “Zərbi muğam və təsniflər”
   
   Beynəlxalq festivalın daha bir konsert proqramı Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində təqdim edilib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin “Zərbi muğamlar və təsniflər” adlı konsertdən öncə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin baş metodisti Səid Hacıyev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov çıxış edərək ölkəmizdə mədəni irsin, incəsənətin, o cümlədən muğam sənətinin inkişafı və təbliğinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıblar.
   Orkestrin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə keçirilən konsertdə Xalq artisti Simarə İmanova, xanəndələr Səbuhi İbayev, Nəzər Bəylərov və Sevinc Abbasovanın ifa etdikləri muğam, təsnif və xalq mahnıları, “Leyli və Məcnun” operasından parça dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
   Konsert “Qarabağ şikəstəsi”nin ifası ilə başa çatıb.

   Şirvanda “Ustaddan şagirdə” muğam gecəsi
   
   Martın 11-də Şirvandakı Mədəniyyət evində şəhər uşaq musiqi məktəbinin muğam şöbəsinin müəllim və şagirdlərinin ifasında “Ustaddan şagirdə” muğam konserti olub.
   Mərasimdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva, şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əziz Abbasov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov, Azərbaycan Milli Konservatoriyasının Əməkdar müəllimi Qəzənfər Abbasov martın 19-dək davam edəcək beynəlxalq festivalın əhəmiyyətindən danışıblar.
   Konsertdə musiqi məktəbinin müəllimi İrşad İbişov “Simayi-şəms” ritmik muğamını, məktəbin məzunları Mehman Hüseynov “Dilkəş”, Kamal Dadaşov “Xaric segah”, Qiyas Qurbanlı “Şur” və Latviyanın paytaxtı Riqa şəhərində yaşayan Leyla Əliyeva “Bayatı-Şiraz” muğamlarını ifa ediblər. Həmçinin musiqi məktəbi şagirdlərinin ifasında xalq mahnıları və təsniflər səslənib. Konsertə Mehman Hüseynov, Səbuhi Abdullazadə və Tacir İsmayılovun birgə ifa etdikləri “Qarabağ şikəstəsi” ilə yekun vurulub.
   
   Daha bir konsert Ağstafada
   
   Musiqi bayramının daha bir açılış konserti martın 11-də Ağstafa şəhərindəki Mədəniyyət evində gerçəkləşib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək III Beynəlxalq muğam festivalının əhəmiyyətindən söz açıb.
   Sonra şəhər uşaq musiqi məktəbi muğam şöbəsinin müəllim və şagirdləri geniş konsert proqramı ilə çıxış ediblər. Ağstafa rayonunda martın 17-dək bir sıra ölkələrin musiqiçilərinin ifasında rəngarəng konsert proqramları təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar