Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində konsertlər davam edir.
Martın 11-də Beynəlxalq Muğam Mərkəzində Çinin Sincan-Uyğur Muxtar Rayonunun “Özhal mukamı” milli orkestrinin “Gözəl qızlar” (“Beautiful girls”) və İraqın “İraqi maqam” musiqi kollektivlərinin ifasında milli musiqilər, eləcə də Azərbaycan xanəndələrinin “Ustaddan şagirdə” muğam məclisi təqdim olundu.
Konsertdən əvvəl İraq və Çindən gəlmiş qonaqlar öz təəssüratlarını jurnalistlərlə bölüşdülər. “İraqi maqam” qrupunun rəhbəri Hüseyn Əl-Ədhəmi ölkəmizin artıq üçüncü dəfə ev sahibliyi etdiyi festivalın muğam ifaçılarının, bu sənəti tədqiq edənlərin bir araya gəlməsinə böyük imkan yaratdığını bildirdi. Qonaq Bakıya növbəti səfərindən məmnunluğunu bildirdi: “Artıq üçüncü dəfədir, Azərbaycana gəlirəm. Hər gəlişimdə paytaxtınızda baş verən müsbət dəyişikliklər insanı valeh edir”.
Çinin “Gözəl qızlar” musiqi qrupunun üzvü Goharguli Vuşer isə Bakıya ilk dəfə gəldiklərini dedi. Qeyd etdi ki, kollektiv ölkəmizdə olacağımız beş gün ərzində silsilə konsertlər verəcək.
Gecənin son musiqi nömrəsi isə Xalq artisti Mələkxanım Əyyubova, xanəndələr Aqil Məlikov, Kamilə Nəbiyeva, Arif Hüseynov, Qızılgül Babayeva, Gülnar Qüdrətli, Məftun Səfərli, Ağaniftulla Məmmədli, Mirpaşa Şükürov, Əli Hacıyev, Günay İmamverdiyevanın ifasında 7 əsas muğamımız əsasında hazırlanmış kompozisiya oldu. Xanəndələri xalq artistləri Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança), Əməkdar artist Nizami Abdullayev (balaban) və Ramin Abdullayev (nağara) müşayiət edirdi.
Konsertdə hər üç xalqa məxsus musiqi nömrələri böyük maraq və alqışlarla qarşılandı.
Lalə Azəri