“Muğam aləmi” beynəlxalq festivalı çərçivəsində bölgələrimizdə keçirilən konsert proqramları mədəni irsimizin ən layiqli təqdimatıdır
   
   
   Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində paytaxt Bakı ilə yanaşı, regionlarda da tədbirlər, konsert proqramları davam edir. Gəncə, Lənkəran, Şamaxı, Ağstafa, Şirvan, Qəbələ, Ağcabədidə təşkil olunan festival konsertləri yerli sənətsevərlər tərəfindən rəğbətlə qarşılanır.
   
   Azərbaycanın musiqiçiləri və müxtəlif ölkələrdən gəlmiş iştirakçıların qatıldığı bu tədbirlər mədəni irsimizin, zəngin muğam sənətimizin təbliği ilə yanaşı, mədəniyyətlərarası dialoqa xidmət edir. Şəhər və rayonlarda gerçəkləşən konsert proqramları eyni zamanda bölgələrimizdəki inkişafı, yerlərdə ən müxtəlif mədəniyyət tədbirlərinin təşkili üçün lazımi şəraitin, infrastrukturun yaradılmasını göstərir, regionlarımızı əcnəbi qonaqlara tanıdır.
   * * *
   Beynəlxalq festival çərçivəsində konsert proqramlarının bir qismi qədim Gəncədə keçirilir. Martın 12-də Gəncə Dövlət Dram Teatrında tamaşaçılara Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının konsert ifası və Çin Xalq Respublikasının “Gözəl qızlar” ansamblının ifasında “Özhal mukami” təqdim olunub.
   Konsertdən əvvəl Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev çıxış edərək beynəlxalq festivalın milli-mənəvi dəyərlərimizin dünyada tanınmasında əhəmiyyətindən və bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz xidmətlərindən danışıb.
   Sonra Teymur Göyçayevin dirijorluğu və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə “Leyli və Məcnun” operasından parçalar səsləndirilib. Məcnun rolunun ifaçısı İlkin Əhmədovun və Leyli rolunun ifaçısı Vüsalə Musayevanın çıxışları, eləcə də Çin Xalq Respublikasının “Özhal mukami” ansamblının ifasında səslənən mahnılar alqışlarla qarşılanıb.
   Martın 13-də Gəncədə musiqisevərlərə daha bir konsert təqdim olunub. Z.Qayıbov adına 5 saylı şəhər musiqi məktəbinin zalında “Ustaddan şagirdə” muğam məclisi gerçəkləşib. 4 və 5 saylı uşaq musiqi məktəblərinin, Q.Hüseynli adına Gəncə musiqi kollecinin muğam şöbələrinin müəllim və şagirdlərinin konserti maraqla qarşılanıb.
   * * *
   Martın 12-də Qəbələdə də festival konsertlərinə start verilib. “Qafqaz sport” hotelində mədəniyyət işçilərinin, muğamsevərlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təhsil şöbəsinin müdiri Natiq Mustafayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək ölkəmizin üçüncü dəfə ev sahibliyi etdiyi beynəlxalq festivalın əhəmiyyətini qeyd ediblər.
   Konsertdə rayonun xanəndələri Natiq Cəfərov “Simayi-şəms”, Asim Əliyev “Segah zabul”, Hacıbaba Abdurrahmanov “Arazbarı”, Ceyhun Mehdiyev “Heyratı” muğamlarını ifa ediblər. Xanəndələri tarda Elman Əfəndiyev, kamançada Xəqani Abdulsalamov, nağarada Ceyhun Hümbətov müşayiət edib. Musiqiçilərin çıxışı alqışlarla qarşılanıb.
   Martın 15-də Qəbələ şəhər 2 saylı orta məktəbin akt zalında “Ustaddan şagirdə” muğam məclisi təqdim olunacaq. Konsertdə şəhər uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllim və şagirdləri çıxış edəcək.
   * * *
   Martın 12-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində də beynəlxalq festival çərçivəsində “Ustaddan şagirdə” muğam məclisi keçirilib. Konsertdə Lənkəran şəhərindəki Cəfər Cabbarlı və Həqiqət Rzayeva adına uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllim və şagirdlərinin ifasında Azərbaycan muğamları səslənib. Müslüm Ağayev, İmanverdi Ağayev, Mirisa Qəhrəmanov, Yeganə Şabanova, Məleykə Mirzəyeva və Güldəstə Niftullazadənin birgə ifasında “Şahnaz” dəsgahı, İmanverdi Ağayevin ifasında “Heyratı”, Yeganə Şabanova, Məleykə Mirzəyeva, İmanverdi Ağayev, Güldəstə Niftullazadə, Müslüm Ağayev və Mirisa Qəhrəmanovun birgə ifasında “Simayi-şəms” zərb muğamları təqdim olunub. Respublika muğam müsabiqəsinin diplomantı Elçin Hətəmlinin tarda “Orta mahur” muğamı, İbrahim Nəsirlinin tarda “Çahargah” muğamı, Müslüm Ağayevin ifasında Xalq artisti Əlibaba Məmmədovun “Mənim Azərbaycanım” mahnısı məclisə əlavə rəng qatıb.
   Martın 17-də Lənkəranda yerli musiqiçilərin iştirakı ilə beynəlxalq festivalın bağlanış konserti olacaq.
   * * *
   Martın 13-də Ağstafa şəhərindəki Heydər Əliyev Muzey-Mərkəzində beynəlxalq festival çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Ramiz Tatarov çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasında və muğam sənətinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərindən danışıb, rayonda bu cür möhtəşəm tədbirin keçirilməsi münasibətilə bütün sakinləri təbrik edib.
   Konsert proqramında əvvəlcə Çinin qadınlardan ibarət “Beautiful girls\" (“Gözəl qızlar”) qrupu çıxış edib. Çinli qonaqların təqdim etdikləri milli muğam nümunələri tamaşaçıların böyük maraq və alqışlarına səbəb olub.
   Sonra Azərbaycanın tanınmış incəsənət nümayəndələri - Əməkdar artist Almaz Orucova və istedadlı xanəndə Ehtiram Hüseynovun ifalarında təqdim edilən milli muğamlarımız zalda əyləşən hər bir tamaşaçının zövqünü oxşayıb. Tədbir sona çatdıqdan sonra tamaşaçılar festival iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.
   Martın 17-də Ağstafada festivalın bağlanışı münasibətilə H.Arif adına uşaq musiqi məktəbinin muğam şöbəsinin müəllim və şagirdlərinin “Ustaddan şagirdə” muğam konserti olacaq.
   * * *
   Martın 14-də Şamaxı Mədəniyyət Mərkəzində beynəlxalq festival çərçivəsində konsert təqdim olunub. Dinləyicilər Əməkdar artist Gülyaz Məmmədovanın və Respublika muğam müsabiqəsinin laureatı Kəmalə Nəbiyevanın ifalarında “Mahur Hindi” muğamının ecazkar sehrinə düşüblər. Muğam ifaçılarını tarda Mehman Mikayılov, kamançada Cahandar Mikayılov, balabanda Adil Mansurov, udda Seyran Əmrahov, nağarada Cavidan Nəbiyev müşayiət ediblər.
   * * *
   Beynəlxalq festival çərçivəsində daha bir konsert proqramı Füzuli rayonunun Horadiz şəhərindəki Muğam Mərkəzində təqdim olunub. Konsertdə Füzuli Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Zabul” instrumental ansamblının ifasında “Rast”, “Heyratı” muğamları, “Mirzəhüseyn”, “Zabul” segahları və təsniflər səsləndirilib. Nizami Abdullayev, Mətləb Mirzəyev, Rauf Qələndərov, Cavid Əliyev və başqalarının ifa etdikləri muğam və təsniflər alqışlarla qarşılanıb.
   * * *
   Martın 15-də festivalın proqramına uyğun olaraq Qəbələ və Şirvanda, ayın 16-da Naxçıvanda konsertlər nəzərdə tutulub. Bölgələrdə festival konsertlərinə martın 17-də yekun vurulacaq.