Martın 15-də Bakı Caz Mərkəzində görkəmli musiqiçi, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə həsr olunmuş “Qəlbin monoloqu” adlı sənədli filmin təqdimatı keçirildi. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” studiyasında lentə alınıb.
   
   Tədbirdə çıxış edən nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə professor Fərhad Bədəlbəylinin ötən il 65 illik yubileyinin qeyd olunduğunu və ona həsr olunmuş sənədli filmdə sənətkar haqqında maraqlı faktların yer aldığını bildirdi. Daha sonra filmə baxış keçirildi.
   “Mən dəniz adamıyam. Mənə bəzən elə gəlir ki, dəniz ikinci mənəm. O bəzən sakit, bəzən coşqun, bəzən də uşaq kimidir...” Fərhad Bədəlbəylinin bu sözləri ilə başlayan filmdə sənətkarın həyat tarixçəsi - görkəmli ziyalı kimi fəaliyyəti, gördükləri, yaşadıqları, Bakının sənət ab-havası, onun böyüdüyü ailə, uşaqlığı, gəncliyi və sonrakı ömür yolu təsvir edilir. Bu sənət yoluna paralel olaraq Azərbaycan musiqisinin inkişafı da filmdə əksini tapıb.
   Ekran əsərində dahi musiqiçilərimiz Üzeyir Hacıbəylinin, Qara Qarayevin yolunu davam etdirən professor, pedaqoq Fərhad Bədəlbəylinin yeni nəsil haqqında fikir və düşüncələri də yer alıb.
   Nümayişdən sonra çıxış edən Fərhad Bədəlbəyli filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi və çəkiliş qrupunu səhnəyə dəvət etdi. Rejissor Gülnarə Lütfəli qızı bildirdi ki, belə sənətkarla işləmək, onun haqqında film çəkmək bir zövqdür. Filmin ssenari müəllifi Cavid İmamverdiyev ekran əsərinə daxil edilməyən bir çox maraqlı məqamlardan bəhs etdi.
   Filmin operatoru Rüfət Kərimov, montajçısı Fuad Təhməsli, səs rejissoru Tima Abdullayev, icraçı prodüseri Əbdül Nəsirdir.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar