Martın 30-u şaqraq səsi, təkrarsız ifası, yüksək səhnə mədəniyyəti ilə milli xanəndəlik məktəbinin layiqli davamçılarından olmuş Xalq artisti Səfa Qəhrəmanovun doğum günüdür. Yaşasaydı, bu bahar 64 yaşı tamam olacaqdı. Nə yazıq ki, o, cəmi 59 bahar yaşadı...
   
   Baharda dünyaya gəldiyindən ömrü bahara bənzəyirdi: rəngli, işıqlı, mənalı, qısa və unudulmaz. Eynən bahar kimi... Çünki Allah sevimli bəndəsindən heç nəyi əsirgəməmişdi, üstəlik, ürəkləri yerindən oynadan qeyri-adi səs vermişdi. Vaxt gələcəkdi ki, bu səs böyük səhnələrin sərhədlərini aşıb musiqi xəzinəmizin nadir səslərindən birinə çevriləcəkdi...
   Səfa Qəhrəmanov 1949-cu il martın 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində dünyaya gəlmişdi. Uşaqlıqdan musiqiyə olan sonsuz marağı illər sonra da ötüb-keçməmiş, Tibb Texnikumunda təhsil alarkən respublika üzrə keçirilən musiqi müsabiqələrində, festivallarda iştirak etmişdi.
   ...1970-ci ilin payızı isə onun həyatını dəyişir və gələcək sənət yolunu müəyyən edir. Yaşıl Teatrda keçirilən “Qızıl payız” muğam festivalı gənc xanəndəyə uğur gətirir. Münsiflər heyətində əyləşmiş Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray gənc Səfanın ifasında “Mənsuriyyə” ritmik muğamına heyranlıqla qulaq asırlar. O, müsabiqə qalibi kimi Filarmoniyada keçiriləcək yekun konsertə vəsiqə alır.
   Televiziya ilə canlı yayımlanan konsert gəncin həyatında dönüş nöqtəsi olur. Əhməd Bakıxanov Səfa Qəhrəmanovu öz ansamblına dəvət edir. Dövrün populyar ansamblı olan bu kollektiv peşəkar musiqiçi tərkibinə, ritm və ahənginə görə bir vəhdət təşkil edirdi. Əhməd Bakıxanov gənc xanəndənin ifasında “Çahargah” muğamına qulaq asandan sonra - “Oğul, səndən feldşer olmaz. Allah səni bu sənət üçün yaradıb, sənin səsin daha çox operaya uyğundur”, - deyir.
   Səfa hərbi xidmətdən sonra 1974-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olur. Əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevin muğam sinfində oxuyur. 1975-ci ildə ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı ilə televiziyada “Mirzə Hüseyn segahı”nı ifa edir. Filarmoniyanın direktoru Şəmsi Bədəlbəyli gəncin çıxışını bəyənir və onu filarmoniyanın səhnəsində Xalq artisti Hacı Məmmədovun ansamblı ilə çıxış etməyə dəvət edir.
   Opera səhnəsinin yeni Məcnunu
   
   Vaxt gəlir ki, Əhməd Bakıxanovun sözləri yerini alır. Səfa Qəhrəmanov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirir. 1992-ci ildən Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti kimi fəaliyyətə başlayır. İlk dəfə Qəndab Quliyeva ilə “Leyli və Məcnun” operasında çıxış edir.
   Opera və Balet Teatrındakı on altı illik fəaliyyəti ərzində Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Məcnun, İbn Səlam, Məcnunun atası, M.Maqomayevin “Şah İsmayıl” operasında Şah İsmayıl, V.Adıgözəlovun “Natəvan” operasında xanəndə, Niyazinin “Rast” simfonik muğamı əsasında hazırlanan baletdə xanəndə və neçə-neçə obrazlar yaradır.
   
   Xatirələrdən yarpaqlar
   
   Xalq artisti Canəli Əkbərov Səfa Qəhrəmanovla bağlı xatirələrini bizimlə bölüşür:
   - Mən Səfanı gənc yaşlarından tanıyıram. Onun arzusu idi ki, Opera və Balet Teatrında işləsin. Belə də oldu. Direktor Akif Məlikov onu teatra dəvət etdi. Səfa saf, düzgün, nikbin əhval-ruhiyyəli bir adam idi. Mənə çox inanırdı. Opera və Balet Teatrına gələndən sonra dedi ki, mən istəyirəm, sənin köməkliyinlə burda çox işlər görüm. Səfanı “Leyli və Məcnun”da İbn Səlam, Məcnun və Məcnunun atası rollarına hazırladıq. Elə olurdu ki, Səfa ailəsi ilə bizə gəlirdi, mən tar çalırdım, birlikdə məşq edirdik. Səfa üç obrazın üçünü də özünəməxsusluqla oynadı. Sonra Səfa “Şah İsmayıl”da Şah İsmayılı oynadı və yenə də özünəməxsusluğu ilə yadda qaldı.
   Zəhməti sevən, səmimi, iş üçün, sənət üçün can yandıran adam idi. Onun ürəyi musiqi ilə döyünürdü. Bu gün həyatda olmasa da, onun səsi səs xəzinəmizdə, yaddaşlarda yaşayır. Allah rəhmət eləsin.
   
   Əməkdar artist Sahibə Abbasova Səfa Qəhrəmanovu mərd bir insan kimi xatırlayır:
   - Səfa istedadlı xanəndə olmaqla yanaşı, mərd insan, səmimi dost idi. Oynadığı obrazları da can-dildən oynayardı. Məcnunun atası obrazını elə oynayırdı ki, tamaşaçılar onu obraz kimi yox, həqiqətən də Məcnunun atası kimi qəbul edirdilər. Onunla Şəfiqə Axundovanın “Gəlin qayası”nda tərəf-müqabil olmuşuq. Şaqraq səsə malik bir xanəndə idi. Səfa həm də gözəl dost idi. Dəfələrlə Türkiyədə qastrol səfərlərində olmuşuq, onu heç vaxt unutmaram. Allah qəni-qəni rəhmət eləsin.
   * * *
   2000-ci ildə Əməkdar artist, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülən Səfa Qəhrəmanov baharda dünyaya gəldiyi kimi, elə baharda da - 2008-ci il mayın 5-də dünyasını dəyişdi. Dəyişməyən isə Səfa Qəhrəmanovun sənət aləmindəki yeri, səsi və izidir...
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar