Beynəlxalq müsabiqənin solo və instrumental muğam ifaçılığı üzrə qalibləri Azərbaycan təmsilçiləri oldu
   
   Xəbər verdiyimiz kimi, martın 9-dan 19-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçirilib.
   
   Azərbaycanın artıq üçüncü dəfə ev sahibliyi etdiyi festival musiqimizin, muğam sənətimizin təntənəsi oldu. Musiqi bayramı çərçivəsində gerçəkləşən beynəlxalq müsabiqə də milli ifaçılıq sənətimizin növbəti uğuru kimi yaddaşlara yazılıb. Azərbaycan təmsilçiləri müsabiqənin hər iki - solo və instrumental - muğam ifaçılığı üzrə birinciliyi əldə ediblər.
   Festivalın bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə musiqi bayramının əhəmiyyətini bir daha vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ideya müəllifi olduğu muğam layihələri Azərbaycan musiqisinin inkişafına, dünyada təbliğinə, muğam mədəniyyətimizə mütəxəssis marağının artmasına səbəb olub. Üçüncü festivala 24 ölkədən iştirakçıların qatılması da bunun göstəricisidir.
   Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi budəfəki muğam yarışmasında 10 ölkənin təmsil olunduğunu deyib. Diqqətə çatdırılıb ki, “Qran-pri” mükafatına layiqli namizəd olmadığından birinci yerə iki ifaçı təqdim edilib.
   Solo muğam ifaçılığı üzrə müsabiqədə azərbaycanlı xanəndə Mirələm Mirələmov və İranın “Nasim e tarab” qrupu birinci yeri, Ariz Hüseynov ikinci yeri qazanıb, Türkiyənin “Səda” və Mərakeşin “Əndəlus gəncləri” qrupları üçüncü yeri bölüşüblər.
   İnstrumental muğam ifaçılığı üzrə birinci yerə Azərbaycandan Bəhruz Zeynalov və Şəhriyar İmanov, ikinci yerə Pərviz Quliyev, üçüncü yerlərə isə Hindistanın “Raqa” qrupu və təmsilçimiz Şəhriyar Musayev layiq görülüb.
   Birinci yerin sahiblərinə 15 min, ikinci yeri tutanlara 10 min, üçüncü yeri qazananlara isə 5 min avro pul mükafatı və bütün qaliblərə fəxri fərman və festivalın emblemi təqdim edilib.
   Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş musiqiçilər Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən mükafatlandırılıblar.
   Sonda qaliblərin iştirakı ilə qala-konsert olub.