Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi keçirilir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş müsabiqənin aprelin 1-dən 30-dək zonalar üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində, Ağcabədi, Bərdə, Salyan rayonlarında keçirilməsi nəzərdə tutulur. Müsabiqənin məqsədi böyüməkdə olan gənc nəslin estetik tərbiyəsini formalaşdırmaq, xor müəllimlərinin peşəkarlığını artırmaq, təhsil müəssisələrində xor fənninin tədrisini yaxşılaşdırmaqdır.
Aprelin 1-də Lənkəran Dövlət Humanitar Kollecində müsabiqənin zona turu keçirilib. Baxış-müsabiqədə cənub bölgəsinin 7 rayonunun - Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvarın uşaq xor kollektivləri iştirak edib.
Azərbaycan Dövlət Xor Kapellasının rəhbəri Gülbacı İmanovanın rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə zona baxış-müsabiqəsində birinci yeri tutan xor kollektivləri Bakıda keçiriləcək yekun turda çıxış etmək hüququ qazanacaqlar.