“Hazırladığım alətin hər biri orijinal əl işidir. Üzərində Azərbaycanın xəritəsi, bayrağı əks olunub, milli ornamentlərlə bəzədilib”
Azərbaycanda istehsal olunan ilk elektron musiqi alətinin - fitarın yaradıcısı Fikrət Quliyevi bir çoxları istedadlı musiqiçi, bir çoxları müəllim, bir çoxları da musiqi alətlərini zərgər dəqiqliyi ilə bərpa edən usta kimi tanıyır. Onu az qala bütün Azərbaycana tanıdan isə yaratdığı yeni gitara modeli - fitar oldu.
Dünyanın ən çox sevilən musiqi alətinə - gitaraya yeni həyat və yeni ruh verən Fikrət Quliyev bu günlərdə redaksiyamızın qonağı olub keçdiyi həyat yolundan, musiqiyə böyük sevgisindən və fitarı niyə yaratdığından danışdı.
- Fikrət müəllim, təbiəti kimi milli-mədəni dəyərləri də zəngin olan Cəbrayıl torpağında işıqlı bir ailədə dünyaya gəlimisiniz. Fitarın yaradıcısını bir az da yaxından tanımaq istərdik.
- Cəbrayıl rayonunda anadan olmuşam. Ailə vəziyyəti ilə əlaqədar ara-sıra şəhərə köçsək də, o torpaqda böyümüşəm. 6 yaşım olanda anamı itirmişəm. Atam Şəhriyar Quliyev Cəbrayılın tanınmış ziyalılarından biri idi. Azərbaycan Dövlət Universitetinin həm tarix, həm də hüquq fakültəsini bitirmişdi. Elmə sonsuz marağı vardı. Atam ilk dəfə Azərbaycanın şahmat tarixini yazıb kitab halında çap etdirmişdi. Ermənilər 1988-ci ildə torpaq iddiası ilə baş qaldıranda atam Tiflisə gedib aylarla arxivdə axtarışlar apardı, Cəbrayılın tarixi ilə bağlı qiymətli kitab yazdı. Onun istənilən sahəyə, eləcə də mədəniyyətə fərqli, özünəməxsus baxışı vardı, musiqini çox sevirdi. Mən belə bir insanın ailəsində böyümüşəm. Atamın mədəniyyətə, musiqiyə olan meyli istər-istəməz mənə də keçdi.
Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyində xeyli sayda əl işlərim vardı. Səkkizguşəli türbənin, Xudafərin körpüsünün və Cəbrayıl rayonunun relyefini əks etdirən maketlər hazırlamışdım. Relyef xəritəsində bu bölgədə Böyük Vətən müharibəsinə qədər olan abidələri və müharibədən sonra qoyulmuş abidələri əks etdirmişdim.
Musiqiçi və müharibə
Onun incəsənətə olan marağı musiqidə özünü daha qabarıq büruzə verir. Fikrət Quliyev Cəbrayıl rayon musiqi məktəbini bitirir. 20 il elektrogitara ifaçısı kimi nəinki Cəbrayılda, bütün Qarabağda istedadlı, savadlı, sayılıb-seçilən musiqiçi kimi ad-san qazanır. Sonra professional musiqiçi kimi doqquz il Cəbrayıl rayonunun Mərcanlı, Şükürbəyli kəndlərində tar-muğam dərsləri keçir. Yeniliyə can atan, axtarışlar aparan, öyrənməkdən zövq alan Fikrət Quliyev təhsilini davam etdirmək qərarına gəlir. Bu dəfə fərqli bir sahədə - Azərbaycan Dövlət İqtisad Universitetinin axşam şöbəsində ali təhsil alaraq mühasibat uçotu və audit fakültəsini bitirir.
“Amma o sahə ilə məşğul olmadım. Çünki yaradıcı insanlar daima axtarışda olur”, - deyir. Qarabağ müharibəsi alovlanandan sonra Fikrət Quliyev bir müddət musiqidən də uzaqlaşır, hərbi hissəyə yollanır. Burada yüksək nizam-intizamı və bacarığı ilə seçilir. Qərargah rəisinin köməkçisi, kadrlar üzrə şöbə rəisi vəzifələrində çalışır. Atəşkəs elan olunandan sonra səhhəti ilə bağlı olaraq hərbidən tərxis olunur və yenidən sevimli peşəsinə qayıdır.
“Fitarın özünü doğruldacağına əmin idim”
- Təkrar musiqiyə qayıtdım, amma bu dəfə musiqini ifa etmədim, musiqi alətlərini bərpa etdim. Azərbaycanda, İranda, Rusiyada-Dərbənddə, Gürcüstanda bir çox musiqiçilər məni tanıyır.
Musiqi alətlərini bərpa etməklə yanaşı, Fikrət usta musiqi alətləri və aparaturaların nizamlanması ilə də məşğul olur. Ancaq gitaraya olan sevgisi, marağı heç vaxt azalmadığından bu alət barədə düşünməli olur:
- Bizim ifa etdiyimiz alət - Çexoslovakiyanın 1960-1980-ci illərlə qədər istehsal etdiyi “Yolana Tornado” gitarası artıq istehsaldan çıxarılmışdı və bu alətlərin bərpası haqda düşünmək məcburiyyətində qalmışdım. Mən uzun illər həmin alətlərin bərpası ilə məşğul oldum. Respublikada adlı-sanlı gitara ustalarının gitarasını bərpa edib ilkin vəziyyətə gətirirdim. Hər dəfə alətləri bərpa edərkən özümə sual verirdim ki, niyə Azərbaycanın özünün gitaranı əvəz edəcək musiqi aləti yoxdur?! Bu sual məni daim düşündürürdü. Bütün bunları nəzərə alaraq, gitaranın 6-7 modelini düzəltdim və sonuncuda dayandım. Əvvəlcə bu modelin adını butar qoymaq istəsəm də, sonda adımın baş hərflərindən istifadə edib fitar qoydum. Fitar musiqi alətini 2009-cu ilin may ayında tam hazır vəziyyətə gətirdim və sınaq üçün mahir gitara ifaçısı Elman Namazoğluna təqdim etdim. Doğrusu, mən fitarın özünü doğruldacağına əmin idim, belə də oldu.
Yeni səs
Gitara ifaçısı Elman Namazoğlu: “Fitar alətinin ilk ifaçısı mən olduğum üçün özümü xoşbəxt sanıram. Fitarda ifa etmək mənə daha geniş imkanlar verir. Fikrət müəllimə uğurlar arzulayıram. Qoy bu alət bütün dünyada ifa olunsun”.
Fikrət müəllimdən xahiş edirəm ki, gitara ilə fitarın əsas fərqi barədə məlumat versin.
- Mən o aləti hazırlayanda bir neçə prinsipə əməl etmişəm. Yenilik köhnəlik üzərində qurulmalı, yeni köhnə ilə uzlaşmalıdır. Gitarada ifa edən musiqiçi çətinlik çəkmədən bu alətdə də ifa etməlidir. Qolun ölçüləri, pərdələrin düzümünü saxlayıb formada dəyişiklik elədim. Gitaradakı səsləri saxlamaqla, özümə aid olan və dünyadakı heç bir gitarada olmayan səs əlavə etdim. Musiqiçi düyməni vurub həmin səsə keçir və təkrar düyməni vurub əvvəlki səsə qayıdır. Əminliklə deyirəm ki, dünyadakı heç bir gitarada o səs yoxdur.
Fitar aləti müəlliflik hüququ qazanıb. Azərbaycanda icad edilən və müəllifi bəlli olan bir alət kimi tanınır.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi: “Konservatoriyanın komissiyasına təqdim edilən fitar musiqi aləti komissiya üzvləri tərəfindən məmnuniyyətlə qəbul olundu və alətin yaradıcısı Fikrət Quliyevə bu işi davam etmək tövsiyə edildi. Ona gələcək işlərində yeni müvəffəqiyyətlər arzulayıram”.
Əməkdar artist Elçin Haşımov: “Milli Konservatoriyanın komissiyasının üzvü kimi mən də fitar alətinin təqdimatında iştirak etmişəm və öz fikrimi bildirmişəm. Fitarın müasir dövrün sevilən alətlərindən biri olacağına inanıram”.
Fikrət Quliyevin hazırladığı yüzə yaxın fitar hazırda Almaniyada, Hollandiyada, Amerikada, Rusiyada, Türkiyədə, İranda, Gürcüstanda və dünyanın bir çox ölkələrində musiqiçilər tərəfindən ifa olunur.
- Hazırladığım fitarın hər biri orijinal əl işidir. Hər alətin üzərində Azərbaycanın xəritəsi, bayrağı əks olunub, milli ornamentlərlə bəzədilib. Alətin üzərinə iki buta çəkilib və “fitar” sözü yazılıb.
Gitara ifaçısı Rəhman Məmmədli: “Fitar alətini görəndə sanki mən öz dünyamı gördüm. Azərbaycan aləti olduğu üçün fitar mənə daha əziz və doğmadır. Dostum Fikrətə bu aləti hazırladığına görə təşəkkür edirəm”.
Azərbaycan Milli Konservatoriyasının müəllimi, musiqişünas alim Abbasqulu Nəcəfov: “Azərbaycanın ilk elektron aləti olan fitar zamanın tələbinə uyğun hazırlanmışdır. Fikrət Quliyevə işlərində uğurlar arzu edirəm”.
Fitarın hazırlanmasında əsasən fıstıq, qoz ağaclarından istifadə olunur. Materiallar xüsusi sifarişlə əldə olunur. Fikrət usta deyir ki, bu alət artıq qəbul olunub, sevilib, YouTube-da yerləşdirildiyindən, artıq xarici ölkələrdən sifarişlər alıram. Ancaq təkbaşına bütün sifarişləri yerinə yetirməyin mümkünsüz olduğunu deyir.
- Mənə şan-şöhrət lazım deyil, sadəcə, dövlət səviyyəsində bu alət istehsal olunarsa, bu, Azərbaycanın gitarasıdır, deyib, fəxr edərik.
Fikrət ustanın bir oğlu, bir qızı var. Oğlu mühəndis, qızı fizikdir. Övladları onun sənətini davam etdirməsələr də, atalarının istedadı və sənəti ilə fəxr edirlər.
Fikrət Quliyev yüksək mənəvi keyfiyyətlərə malik bir insandır, hər kəsə yaxşılıq etmək istəyir.
- Mən insanlara yaxşılıq eləyəndə xüsusi zövq alıram. Hətta mənə pislik eləməyə cəhd edənlərə də, istəyirəm, yaxşılıqla tərbiyə verim. Həyat kredom belədir. Müraciət edən müştərilərin hamısına yüksək səviyyədə xidmət edirəm. Ətrafımdakı insanlardan biri desə ki, o yaxşı adam deyil, bunu heç vaxt özümə bağışlamaram...
Sonda ən böyük arzusunu soruşuram. Heç nə demir, gözləri dolur. Gərək bu sualı verməyəydim. Torpağını itirmiş insanların ən böyük arzusunun nə olduğunu bildiyim üçün...
Təranə Vahid