Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprelin 14-dən 19-dək Bakıda Qara Qarayev adına V Beynəlxalq müasir musiqi festivalı keçiriləcək. Festivalın rəngarəng və maraqlı proqramı dinləyicilərə yüksək incəsənətlə yaxından ünsiyyət imkanı yaradacaq.
Festivalda Almaniya, Azərbaycan, Avstriya, Fransa, Hollandiya və Rusiyadan tanınmış solistlər və musiqi kollektivləri iştirak edəcək. Konsertlərdə XX əsr musiqi təfəkkürünün inkişafında yeni yollar açmış Avropanın aparıcı bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının da əsərləri səsləndiriləcək.
Musiqi bayramının açılış və bağlanmış mərasimləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Mərasimlərdə Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Festival çərçivəsində Muzey Mərkəzində müasir musiqinin problemlərinə həsr olunmuş elmi konfrans, Beynəlxalq Muğam Mərkəzində, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında və filarmoniyanın kamera və orqan musiqisi zalında xarici və yerli musiqiçilərin və musiqi kollektivlərinin ifasında konsertlər keçiriləcək.
Festivalın başqa bir orijinal layihəsi kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində müasir musiqinin ekstravaqant klassiklərindən olan Mauricio Kagelin musiqisi əsasında “Variete” tamaşası nümayiş olunacaq. Əsər ukraynalı dirijor Vladimir Runçakın idarəçiliyi ilə alman-ispan “Avatara Dance Group” və Azərbaycandan “Con Tempo” ansamblı tərəfindən ifa ediləcək.
Festivalın bədii rəhbəri Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevdir.