Bu günlərdə L. və M.Rostropoviçlərin ev-muzeyində “Maestroya həsr olunur” adlı musiqili gecə keçirildi. Tədbir dünya şöhrətli musiqiçi, dahi violonçelçi və dirijor, Mstislav Rostropoviçin anadan olmasının 86 illiyinə həsr olunmuşdu. Gecədə maraqlı konsert proqramı təqdim olundu.
   
   Böyük musiqiçi 1997-ci ildən etibarən Bakıya hər gəlişində azərbaycanlı ifaçılara ustad dərsləri keçirdi. Maestronun ustad dərslərinin iştirakçılarından biri də Aleksey Miltıx olub. O vaxt onun 15 yaşı var idi. Maestrodan aldığı dərslərin bəhrəsi, Aleksey Miltıxın istedadının nəticəsidir ki, indi o, respublikanın Əməkdar artisti adını daşıyır.
   Musiqili gecədə Aleksey Miltıx və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə öz çıxışlarını Maestroya həsr etdilər. Onların ifasında N.Myaskovskinin “Sonata №2”, A.Piyaççolonun “Böyük tanqo” əsərləri səsləndi. Bu əsərlər vaxtilə bəstəkarlar tərəfindən M.Rostropoviçə həsr edilib. Proqramı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru O.Abbasquliyevin tələbəsi, pianoçu Səmra Əmiraslanova bəstəkarlar F.Mendelsonun və F.Listin əsərləri ilə davam etdirdi. Konsert alqışlarla qarşılandı.
   Tədbirdə “Kitab” Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin yaradıcısı və rəhbəri Z.Salahova, BMA-nın prorektoru O.Abbasquliyev, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri D.V.Petroviç, “Avropa” liseyinin direktoru Z.Veysova, Q.Qarayev adına 8 saylı musiqi məktəbinin direktoru K.Paşazadə, Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin direktoru A.Bayramova, L. və M.Rostropoviçlər adına 21 saylı musiqi məktəbinin direktoru R.Əzizov və digər görkəmli incəsənət xadimləri iştirak edirdilər.
   Ənənəvi olaraq keçirilən tədbirlərdə yeni mövzulu sərgilər təşkil olunur. Budəfəki tədbirdə müxtəlif ölkələrdə M.Rostropoviçin sağlığında və vəfatından sonra ona həsr olunmuş festivallardan bəhs olundu və bu mövzuda muzeyin fondundan çıxarılmış eksponatlar sərgiləndi. Sərgidə Moskva, Nyu-York və Bakı festivallarının buklet və proqramları nümayiş olunurdu. Həmin materialların bəziləri maestronun ailəsi tərəfindən muzeyə hədiyyə edilib, bəziləri isə muzey tərəfindən toplanıb. Qonaqlar bu festivalların tarixini əks etdirən fotoşəkillərdən ibarət slayd şounu izlədilər.
   Muzeyin direktoru Şeyla Heydərova çıxış edərək qonaqlara müxtəlif ölkələrdə M.Rostropoviçə həsr olunmuş festivallar haqqında maraqlı məlumat verdi. Qeyd etdi ki, M.Rostropoviçin sağlığında, 2003-cü il martın 27-də Nyu-York filarmoniyasında təşkil olunan “Slava və dostları” adlı festival məşhur festivallardan idi. Nyu-York festivalı ilə bağlı olan zəngin arxivi həmin festivalın təşkilatçılarından biri Mariya Yantskova muzeyə hədiyyə edib. M.Rostropoviçin vəfatından sonra da müxtəlif ölkələrdə onun adı ilə bağlı festivallar təşkil olunur. Belə festivallardan birincisi Bakıda 2007-ci ildən keçirilən beynəlxalq festivaldır. M.Rostropoviçin ömrünün çox hissəsini yaşayıb-yaratdığı Moskvada da 2010-cu ildə maestroya həsr olunmuş festivalın təməli qoyuldu.
   Tədbirdə çıxış edən “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova L. və M.Rostropoviçlər ev-muzeyinin fəaliyyəti ilə hər zaman maraqlandığını, mədəniyyət ocağının aktiv fəaliyyətini təqdir etdiyini vurğuladı: “Burada daima maraqlı mövzularda musiqili gecələr təşkil edilir. Sizə bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzulayıram”.
   Rusiya İnformasiya və Mədəniyyəti Mərkəzinin rəhbəri V.P.Denisov Bakıya yeni gəldiyini, muzeylə tanışlığın və musiqi gecəsinin onda dərin təəssürat yaratdığını bildirdi.
   
   Rəhimə Salmanova,
   L.və M.Rostropoviçlərin ev-muzeyinin elmi işçisi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar