Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi keçirilir.
Aprelin 1-də Lənkəranda, ayın 2-də Salyanda, 5-6-da Sumqayıtda müsabiqənin zona baxış-müsabiqələri keçirilib.
Aprelin 10-da Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq və İncəsənət Məktəbində keçirilən müsabiqədə Ağcabədi, Ağdam, Ucar, Zərdab, İmişli, Kürdəmir, Füzuli, Laçın və Beyləqan rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri iştirak edib. Xor kollektivləri müxtəlif xarakterli, iki və daha çox səsli əsərlər, o cümlədən bir əsər a capella, klassik dünya musiqi nümunələri, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarını ifa ediblər. Münsiflər heyətinə Dövlət Xor Kapellasının bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülbacı İmanova, Dövlət Xor Kapellası nəzdində uşaq xor kollektivinin xormeysteri, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti Aqil Qafulov daxildir.
Növbəti zona baxış turları Ağcabədi (10-11), Naxçıvan (13-14), Şəki (15 aprel), Gəncə (16-17), Bakıda (20, 22 və 23 aprel) təşkil olunacaq.
Zona baxış-müsabiqələrinin qalibləri Bakıda keçiriləcək yekun turda iştirak edəcəklər. Fərqlənən xor kollektivləri, xormeyster və konsertmeysterlər diplom, fəxri fərman və mükafatlarla təltif olunacaqlar.