“Muğam aləmi” III beynəlxalq elmi simpoziumu haqqında təəssüratlar
   
   Ölkəmizdə müxtəlif beynəlxalq səviyyəli festival, müsabiqə və forumların keçirilməsi son illərdə artıq ənənə halını almışdır. Sənətsevərləri həmişə sevindirən belə tədbirlərdən biri “Muğam aləmi” beynəlxalq festivalıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, XXI əsrdə muğam sənətinə marağın artması, bu sənətin dövlətimiz tərəfindən xüsusi himayə edilməsi sayəsində Azərbaycan muğamı dünya miqyasında məşhurlaşmışdır.
   
    Azərbaycan muğamının, tar ifaçılığı və aşıq sənətinin UNESCO-nun “Şifahi və qeyri-maddi mədəni irsin şah əsərləri” proqramı üzrə tərtib edilən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi faktı buna parlaq misaldır. Azərbaycan muğam sənətinin təbliğ edilməsi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli layihələri - “Azərbaycan muğamı”, “Muğam-irs”, “Muğam ensiklopediyası”, “Muğam-internet”, “Muğam-dəstgah”, “Muğam-antologiya”, “Muğam aləmi” layihələrini xüsusilə qeyd etmək lazımdır.
   “Muğam aləmi” beynəlxalq festivalının bədii rəhbəri görkəmli bəstəkar, UNESCO-nun “Sülh naminə incəsənət xadimi”, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən festival bu il üçüncü dəfə muğamsevərləri bir araya topladı.
   İlk dəfə 2009-cu, daha sonra 2011-ci ildə gerçəkləşən musiqi bayramının coğrafi hüdudları genişlənərək daha çox ölkələri əhatə edir. Ötən festivallarda İran, Türkiyə, Özbəkistan, Tacikistan, Misir, Hindistan, Çin, Yaponiya, ABŞ, Almaniya, Fransa, Kanada, İtaliya və başqa ölkələrin nümayəndələri iştirak edib. Builki festivala ilk dəfə olaraq Tunis, Mərakeş və Liviyadan da qonaqlar təşrif buyurmuşdular.
   Novruz bayramı ərəfəsində - martın 9-dan 19-dək keçirilən festivalın üç hissədən ibarət olan əsas konsepsiyası (elmi simpozium, müsabiqə və silsilə konsertlər) nəsillərin varisliyi - əsrlər boyunca toplanmış milli-mənəvi dəyərlərin qorunub saxlanması, təkmilləşdirilməsi və gələcək nəsillərə ötürülməsi - “Ustaddan-şagirdə” ideyasını təcəssüm etdirirdi. Üçüncü festivalın təqdirəlayiq cəhətlərindən biri də odur ki, bu dəfə tədbirlər yalnız Bakının konsert salonlarında deyil, həmçinin müxtəlif bölgələrdə - Gəncə, Qəbələ, Naxçıvan, Lənkəran, Şirvan, Şamaxı, Ağcabədi, Ağstafada keçirilmişdir. Bu, əlbəttə, geniş kütlələrin Azərbaycan və xarici ölkə ifaçılarının və ansambllarının maraqlı çıxışları ilə tanış olmasına imkan yaratmış və bölgələrin mədəni həyatının canlanmasına səbəb olmuşdur.
   Geniş və dolğun proqramı olan festivalın çoxsaylı tədbirləri sırasında - yeddi Azərbaycan muğamından ibarət silsilə konsertlər, bəstəkarlarımızın simfonik, kamera əsərləri, opera və balet tamaşaları, etno-caz musiqisi axşamları, özündə Şərqin və Qərbin melodiya və ritmlərini cəmləşdirən flamenko sənəti, dünyanın müxtəlif ölkələrindən təşrif buyurmuş Azərbaycan muğamının dostları ilə “görüş-konsertlər” təqdim olunmuşdur. Tamaşaçılar həmçinin beynəlxalq elmi simpoziumda Azərbaycanın və müxtəlif xarici ölkələrin musiqişünaslarının maraqlı məruzələrini dinləmiş, solo və instrumental muğam ifaları üzrə keçirilən beynəlxalq müsabiqə iştirakçılarının çıxışları ilə tanış olmuşlar.
   Festivalın rəngarəng tədbirləri içərisində elmi simpoziumu xüsusilə qeyd etmək lazımdır. Çoxəsrlik tarixə malik olan muğam sənətinin tədqiq və təbliği, milli musiqi alətlərimizin bərpa və təkmilləşdirilməsi, muğam ifaçılığı repertuarının zənginləşdirilməsi və tədris edilməsi - bütün bu məsələlər Azərbaycan musiqişünaslığının aktual sahələrini təşkil edir. Respublikamızda belə irimiqyaslı elmi simpoziumun keçirilməsi, sözsüz ki, musiqişünaslıq elminin inkişafı və milli musiqi mədəniyyətimizin təbliği baxımından çox əhəmiyyətlidir.
   UNESCO-nun Ənənəvi Musiqi Üzrə Beynəlxalq Şurasının (İCTM - İnternational Counsil for Traditional Music of UNESCO) “Makam” elmi-tədqiqat qrupunun iştirakı ilə Azərbaycan Bəstəkarlar İttifaqında və Milli Azərbaycan Tarixi Muzeyində keçirilən elmi simpoziumun proqramı iki istiqamətdə - “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” və “Azərbaycan muğam-dəstgahlarının müqayisəli təhlili” bölmələri üzrə qurulmuşdu. Simpoziumun işində müxtəlif xarici ölkələrin görkəmli musiqişünas-alimləri, o cümlədən İCTM nümayəndəsi Jan Dürinq (Fransa), Yurgen Elsner (Almaniya), Geniçi Tsuge (Yaponiya), Mahmud Gettat (Tunis), Tamara Alibakiyeva, İlhami Gökçen (Kanada), Ruhi Ayangil, Fikri Soysal, Giray M.Zeki, Murat Salim Tokaç, Recep Uslu, Uçaner Burçin (Türkiyə), Sayid Kordmafi (İran), Şeherezade Q.Hassan (İraq), Saida Yelemanova (Qazaxıstan), Ravşan Yunusov (Özbəkistan), Şaxım Qullıyev (Türkmənistan), Abduvali Abduraşidov (Tacikistan), Rajeş Şah (Hindistan), habelə tanınmış Azərbaycan musiqişünasları (Zemfira Səfərova, Rəna Məmmədova, Səadət Abdullayeva, Sevil Fərhadova, Sürəyya Ağayeva, Lalə Hüseynova, İradə Köçərli, Ülkər Talıbzadə, Seyran Qafarov və b.), folklorşünas alimlər (Məhərrəm Qasımlı, Rafiq İmrani, Abbasqulu Nəcəfzadə və b.) iştirak etdilər.
   Simpoziumun mövzusu əsasən muğamın instrumental təfsirinə, yəni muğam ifaçılığında musiqi alətlərinin roluna həsr olunmuşdu. Təqdim olunmuş məruzələrdə Azərbaycanın və digər Şərq xalqlarının milli musiqi alətlərinin təmsil edilməsi, bu alətlər haqqında ətraflı məlumat verilməsi, onların arasındakı oxşar və fərqli cəhətlərin aşkar edilməsi diqqəti cəlb edən əsas məsələlərdən idi. Əksər məruzələrin canlı musiqi illüstrasiyaları ilə müşayiət olunması dinləyicilərdə bu alətlərin tembr rəngarəngliyi, özünəməxsus ifa xüsusiyyətləri haqqında aydın təsəvvür yaratdı. Milli musiqi alətlərində qeyri-adi parlaq ifa nümayiş etdirən musiqiçilərin təfsirində müxtəlif xalq çalğı alətlərinin - tar, kamança, saz, çəqanə, qanun, balaban, ney, zurna, tütək, tənbur, santur, setar və s. geniş panoramı təqdim olundu.
   Azərbaycan muğamlarında, həmçinin Şərq xalqlarının oxşar ənənəvi janrlarında musiqi alətlərinin xüsusi əhəmiyyətə malik olması fikri dinlənilən məruzələrin əsas qayəsini təşkil etdi. Muğam ifaçılığında əsrlər boyunca qazanılmış vokal (xanəndə) və instrumental ifaçılıq ənənələrinin davam və inkişaf etdirilməsi - nəsillərin varisliyi prinsipi simpozium iştirakçıları tərəfindən xüsusi qeyd olundu. Ümumiyyətlə, hər bir xalq öz milli musiqisini tarixən yaşatmaq üçün qədim musiqi alətlərini qorumalı, onları bərpa edərək və təkmilləşdirərək gələcək nəsillərə ərməğan etməlidir. Çünki musiqi alətləri həmin xalqın milli musiqi mədəniyyətinin ən vacib atributlarından biridir.
   Müxtəlif ölkələrin musiqişünas-alimlərini bir araya gətirən “Muğam aləmi” III beynəlxalq elmi simpoziumu Azərbaycan muğamının, eləcə də oxşar Şərq janrlarının aktual məsələlərinin müzakirə edilməsi, yeni mülahizələr irəli sürülməsi, zəngin elmi məlumatlar əldə edilməsi baxımından çox səmərəli keçdi. Əsrarəngiz “Muğam aləmi”nə daxil olmuş hər bir iştirakçı bu möhtəşəm sənət dünyasından xoş təəssürat və yeni görüşlər arzusu ilə ayrıldı.
   
   Sevda Hüseynova,
   musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar