Dahi bəstəkar Qara Qarayevin adını daşıyan beynəlxalq festival tanınmış ifaçı və kollektivləri bir araya gətirib
   
   Aprelin 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalının təntənəli açılış mərasimi və ilk konserti keçirildi.
   
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən festival müxtəlif ölkələrin tanınmış ifaçı və kollektivlərini bir araya gətirib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin məsul işçiləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər. Əvvəlcə iştirakçılar filarmoniyanın foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Qara Qarayevə həsr olunmuş foto və kitab sərgiləri ilə tanış oldular.
   Açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev dahi musiqiçi Qara Qarayevin 95 illiyinə həsr olunmuş festivalın iştirakçılarını salamlayaraq, 2013-cü ilin ölkəmizin musiqi mədəniyyəti üçün rəngarəng silsilə tədbirlərlə zəngin olacağını vurğuladı. Bildirdi ki, il ərzində xarici ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin təşkili, bu yaxınlarda “Muğam aləmi” III beynəlxalq muğam festivalının reallaşması, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşkil olunan silsilə tədbirlər, həmçinin bu il növbəti dəfə gerçəkləşəcək Qəbələ beynəlxalq musiqi festivalı, Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalı, beynəlxalq caz festivalı, eləcə də görkəmli incəsənət xadimlərinin və musiqiçilərin il ərzində yubiley və xatirə gecələrinin keçirilməsi belə deməyə əsas verir.
   Nazir müavini qeyd etdi ki, ilin ən parlaq hadisələrindən biri Azərbaycanın böyük bəstəkarı, görkəmli pedaqoq, SSRİ Xalq artisti Qara Qarayevin 95 illik yubileyidir: “Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilib və keçirilməkdədir. İndiyədək Rusiya, Ukrayna, Macarıstan, Latviya, Türkiyə və digər ölkələrdə Azərbaycanın tanınmış dirijorları Yalçın Adıgözəlov, Rauf Abdullayev, Fəxrəddin Kərimov və digərlərinin rəhbərliyi ilə dahi bəstəkarın simfonik əsərləri səsləndirilib, Qara Qarayev adına uşaq musiqi məktəbində silsilə tədbirlər təşkil olunub. Bu günlərdə Moskva Konservatoriyasının böyük zalında P.İ.Çaykovski adına Akademik Simfonik Orkestrinin və dirijor Elşad Bağırovun iştirakı ilə Qara Qarayevin 95 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək və görkəmli bəstəkarın yaşadığı binaya xatirə lövhəsi vurulacaq. Keçirilən tədbirlər sırasında Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı xüsusi qeyd olunmalıdır”.
   Diqqətə çatdırıldı ki, Qara Qarayevin yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrini təşkil edir. Milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylidən dərs alan və onun ənənələrini yeni səpkidə davam etdirən Qara Qarayev öz yaradıcılığı ilə əsl sənət məktəbi yarada bilmiş, Azərbaycan xalq musiqisini ümumbəşəri musiqi nailiyyətləri ilə sintez edərək parlaq əsərlər ərsəyə gətirmişdir. Qara Qarayev qırx illik yaradıcılığı dövründə, demək olar ki, bütün janrlara müraciət etmiş, üç simfoniya, simfonik janrda 20-dən çox əsər, 50-dən çox kamera əsəri, o cümlədən fortepiano üçün 24 prelüd bəstələmiş, iki opera, iki balet, bir müzikl, çoxsaylı teatr tamaşası və filmlər üçün musiqilər yazmışdır. Bunlardan “Vətən” operası, “İldırımlı yollarla”, “Yeddi gözəl” baletləri, “Leyli və Məcnun” simfonik poeması dahi bəstəkara dünya musiqi sənətində şöhrət qazandırıb.
   Qara Qarayevin tərcümeyi-halını vərəqləyərkən əfsanəvi bir ömrün heyrətamiz akkordlarını eşidirsən. O, 23 yaşında Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuş, 24 və 30 yaşında iki dəfə SSRİ Dövlət mükafatına, 40 yaşında Lenin mükafatına layiq görülmüş, 30 yaşında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, bir il sonra Azərbaycan Dövlət Konservatoriyasının rektoru təyin edilmişdir. 34 yaşında isə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi seçilmişdir.
   Qara Qarayev, dahi bəstəkar olmaqla yanaşı, həm də gözəl pedaqoq olub. Arif Məlikov, Vasif Adıgözəlov, Tofiq Bakıxanov, Oqtay Zülfüqarov, Fərəc Qarayev, Azər Dadaşov, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə, Polad Bülbüloğlu və digər tanınmış bəstəkarlar Qarayev məktəbinin görkəmli yetirməlidir.
   Nazir müavini Ə.Vəliyev müasir musiqinin səsləndiriləcəyi festivalın rəngarəng və maraqlı proqramı ilə dinləyicilərə yüksək incəsənətlə yaxından ünsiyyət imkanı yaradacağına əmin olduğunu bildirdi: “Festivalda Azərbaycan, Almaniya, Avstriya, Fransa, Hollandiya, Rusiya, İspaniya və Türkiyənin musiqiçiləri, müasir musiqini mükəmməl ifa edən solist və kollektivlər iştirak edir. Konsertlərin proqramında XX əsr musiqi təfəkkürünün inkişafında yeni yollar açmış Avropanın tanınmış bəstəkarlarının əsərləri səsləndiriləcək. Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində, Dövlət Mahnı Teatrında, Dövlət Filarmoniyasında konsertlər təşkil olunacaq. İnanıram ki, bu möhtəşəm festival müasir musiqi sənətinin yeni bir mərhələsinin davamı olacaq və musiqisevərlərə gözəl anlar yaşadacaq”.
   Sonra Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış etdi. Konsert proqramında Dmitri Şostakoviç, Qara Qarayev, Xəyyam Mirzəzadə, Fərəc Qarayev və Ottorino Respiginin əsərləri səsləndirildi.
   Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı aprelin 19-dək davam edəcək.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar