Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində aprelin 17-də iki konsert proqramı təqdim olunub.
   
   Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında gerçəkləşən “Orqan+” adlı konsertdə rusiyalı orqan ifaçısı Marianna Vısotskaya çıxış edib. Proqramda rusiyalı bəstəkarların əsərləri ilə yanaşı, dahi bəstəkar Qara Qarayevin də yaradıcılığından nümunələr səsləndirilib.
   Azərbaycan Dövlət Filarmoniyasında “İnteryerdə portret” adlı konsert də musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb. Konsertdə Hollandiyanın “Asko Schönberg” ansamblı çıxış edib. Ansamblın solistləri Azərbaycandan Fəridə Məmmədova (soprano) və Hollandiyadan Hans Voudenberg (violençel), dirijor isə Reinbert de Leudur.
   Proqramda Aleksandr Skryabinin “Sonata № 10” (ansambl üçün işlənməsi Fərəc Qarayevə məxsusdur), Fərəc Qarayevin “Hommage a Alexei Lubimov”, “...a crumb of music for George Crumb” və “Ist es genug?” əsərləri səsləndirilib.
   * * *
   Aprelin 18-də Azərbaycan Dövlət Filarmoniyasında festivalın növbəti konsert proqramı gerçəkləşib. "Qeyri-bəstəkar John Cage. Postminimalistlərin yazışması" adlı konsertdə tanınmış pianoçular Aleksey Lübimov (Rusiya) və İvan Sokolov (Rusiya/Almaniya) çıxış ediblər.
   Həmin gün festival çərçivəsində daha bir tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilib. Görkəmli alman bəstəkarı Mauricio Kagelin “Variete” əsəri “Con Tempo” ansamblı (Azərbaycan və “Avatara” rəqs qrupunun (Almaniya/İspaniya) ifasında təqdim olunub. Dirijor Vladimir Runçak (Ukrayna), solist Eva Zöllner (akkordeon, Almaniya) idi.
   * * *
   Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı bu gün, aprelin 19-da başa çatacaq. Dövlət Filarmoniyasında keçiriləcək bağlanış mərasimində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) çıxış edəcək. Solistlər Fəridə Məmmədova (soprano) (Azərbaycan), Nikolas Reksrot (piano) (Almaniya), “Questa musica” kamera xoru (Rusiya, Moskva), bədii rəhbər Filipp Çijevskidir.