Musiqi sərhəd tanımır. Çünki o elə bir ünsiyyət vasitəsidir ki, bütün qəlblərə hakim kəsilə bilir. Dilindən, dinindən asılı olmayaraq incə qəlbi, yüksək duyumu olan hər kəs gözəl və ecazkar musiqidən zövq ala bilir. Ürəyəyatımlı, ülvi hissləri əks etdirən gözəl musiqi insanları qovuşdurur, dostluq körpüsünə çevrilərək xalqlar arasında səmimi münasibət yaradır.
   
   Azərbaycan musiqisi də dünyanın hansı bir ölkəsində səslənərsə, böyük məhəbbətlə qarşılanar, insanları valeh edər. Aprelin 1-dən 4-dək Ukraynada keçirilən Azərbaycan musiqisi günlərində dost ölkənin sənətsevərləri Azərbaycanın milli və professional musiqi nümunələrindən mənəvi qida aldı. Musiqi günlərində iştirak edən sənətkarlarımız keçirilən tədbirlərdən, onlara bəslənən hörmət və məhəbbətdən ürəkdolusu danışırlar. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun sülh artisti, professor Firəngiz Əlizadə səfər təəssüratlarını bizimlə bölüşdü.
   Ukraynada Azərbaycan musiqisi günlərinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğunu vurğulayan Firəngiz xanım tədbirin Kiyevdə ulu öndərin adını daşıyan parkda onun abidəsini ziyarət etməklə başlandığını söylədi: “Bildiyiniz kimi, ulu öndərimiz Heydər Əliyevin musiqi incəsənətinə böyük diqqət və məhəbbəti vardı. O, nəinki musiqini sevirdi, musiqiçilərə, xüsusən də bəstəkarlara gözəl tövsiyələr verir, professional musiqimizin inkişafı üçün yeni yollar göstərir, Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinə həmişə xüsusi qayğı və diqqətlə yanaşırdı. Çox sevindirici haldır ki, belə qayğı və diqqət bizə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də daim göstərilir.
   Kiyevdə keçirilən Azərbaycan musiqisi günləri Ukrayna ilə ölkəmizin dostluq münasibətinin təzahürüdür. Onu da deməliyik ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk Azərbaycan Bəstəkarlar İttifaqı böyük tərkibdə xaricdə yaradıcılıq səfərində olurdu. Təbii ki, bu, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi siyasi və iqtisadi uğurların nəticəsidir. Səfərimiz müvəffəqiyyətlə keçdi. Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Ukrayna Milli Bəstəkarlar İttifaqı, Azərbaycanın Kiyevdəki səfirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Ukraynadakı azərbaycanlı diasporunun birgə səyləri ilə baş tutan tədbir ölkələrimizin mədəniyyəti üçün yaddaqalan hadisələrlə zəngin oldu.
   Kiyevin konsert salonlarından Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov kimi klassiklərlə yanaşı, orta və gənc nəsil bəstəkarların da əsərləri səsləndi. Bununla bahəm Ukrayna tamaşaçıları mahir ifaçılarımızın sayəsində Azərbaycanın tar, qanun, kamança kimi qədim musiqi alətləri ilə də tanış oldular. Konsertlərdə Ukrayna və Azərbaycan ifaçılarının bir səhnəni bölüşməsi xüsusi maraq doğururdu. Bu həm bizim, həm də onların uğuru idi. Məsələn, aprelin 3-də Ukraynanın Xalq artisti Qurban Abbasovun Asəf Zeynallının «Ölkəm» romansını ifa etməsi və yaxud Ukraynanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, skripkaçı Boqdana Pivnenkonun ifasında dahi bəstəkarımız Qara Qarayevin konsertinin səslənməsi alqışlarla qarşılandı”.
   Həmsöhbətimin sözlərinə görə, səfər Ukraynada böyük əks-səda doğurub: “Mətbuat səhifələrində konsert proqramları işıqlandırılır, jurnalistlər bizimlə yaradıcılıq söhbətləri edir və bunlar da mətbuat səhifələrində öz əksini tapırdı. Azərbaycan musiqisi günləri ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Ukrayna Milli Bəstəkarlar İttifaqının sədri, bu ölkənin Milli Elmlər Akademiyasının müxbir üzvü İqor Şerbakov bizim milli və professional musiqimizə yüksək qiymət verərək bu tədbiri iki dost ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırdı. O, mətbuat konfransının iştirakçılarına ötən il Bakıda müasir Ukrayna musiqisi günlərinin çox uğurla keçdiyini və bizim Bəstəkarlar İttifaqının IX qurultayında qonaq olarkən aldığı təəssüratları da xüsusi qeyd etdi.
   Ukraynada Azərbaycan musiqisi günləri də bizim üçün xoş təəssüratlarla yadda qaldı. Xüsusən onların ulu muğamlarımıza maraq göstərməsi çox sevindirici oldu. Hətta onu da deyim ki, ukraynalılar bizim ustadların orada muğam dərsləri aparmasını təklif etdilər. Odur ki, biz tarzən Sahib Paşazadə, qanun ifaçısı Çinarə Mütəllimova və kamança ifaçısı Aida Rəfiyeva ilə birlikdə «Rast» muğam dəstgahını şərhlərlə tədbir iştirakçılarına təqdim etdik. Belə düşünürəm ki, bu tədbir Azərbaycan və Ukrayna musiqiçiləri arasında yeni layihələrin təməlidir”.
   Firəngiz xanımın bu xoş təəssüratları bizim üçün də çox sevindiricidir. Çünki bu, milli və professional musiqimizin dünya miqyasında yüksək səviyyədə təbliğindən soraq verir. Sənətkarlarımızın hər biri bu xoş təəssüratların onların yaradıcılığı üçün də müsbət təsirindən bəhs edir.
   Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun dediklərindən: “Düşünürəm ki, bu gözəl bir ənənənin başlanğıcıdır. Uzun illər bir-birimizlə elmi, mədəni, ictimai, siyasi və iqtisadi baxımından ünsiyyətdə olduğumuz Ukrayna ilə belə bir əməkdaşlıq biz yaradıcı insanlar üçün böyük əhəmiyyət kəsb edir. Ukraynada Azərbaycan musiqisi günlərinin başqa bir tədbirlə də üst-üstə düşməsi Azərbaycan mədəniyyəti üçün uğurlu bir hadisədir. Həmkarlarım Ukraynada olan zaman mən Kazan şəhərində XI «Avropa-Asiya” beynəlxalq müasir musiqi festivalında iştirak edirdim. Orada da bəstəkarlarımızın əsərləri səsləndi. Festival Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin «Metomarfoza» əsəri ilə açıldı. Bu, Azərbaycan musiqisinə verilən böyük qiymət və bizim üçün də fəxrdir. Şəxsən mənim yaradıcılığımda bu festival çox əhəmiyyətli oldu. Festivalda mənim simli orkestr üçün «Xalq şənliyindən səhnələr» suitamla yanaşı, kamança və fortepiano üçün «Qayıt» lirik pyesimin də ilk ifası müvəffəqiyyətlə keçdi. Əsəri kamançada Mədinə Şahgərdiyeva, fortepianoda isə Sevinc Kərimova ifa etdilər. Mən bunu öz yaradıcılığımın deyil, ümumən Azərbaycan musiqisinin uğuru kimi qəbul edirəm. Musiqiçilərimizin həm Kiyevdə, həm də Kazan şəhərində uğurlu çıxışları Azərbaycan musiqi tarixinə yaddaqalan səhifə yazdı”.
   Ukraynada Azərbaycan musiqisi günlərinin təntənəsi əminik ki, digər ölkələrdə də böyük əks-səda yaradıb. Çünki burada Azərbaycanın bəstəkarlıq məktəbini layiqincə təmsil edən musiqiçilərin çıxışları insanları valeh etmiş və onlarda xoş ovqat yaratmışdır. Təbii ki, bu da təqdim olunan əsərlərin musiqi dilinin rəvanlığı, melodik çalarların gözəlliyi və həmin əsərlərin peşəkar ifaçılığı ilə bağlıdır. Yaxşı olar ki, bu yerdə konsert proqramlarının repertuarından bəzilərini qeyd edək. Aprelin 2-də UMBİ-nin musiqi salonunda keçən konsertdə «A la muqam» (solistlər: Əməkdar artist Sahib Paşazadə - tar, Çinarə Mütəllibova - qanun, Aidə Rəfiyeva - kamança), Oleq Felzenin «Bayatı-Şiraz» (solist Samir Əsədov - skripka), Vasif Allahverdiyevin tar üçün «Qarabağnamə» (solist Sahib Paşazadə), Aliyə Məmmədovanın kamera orkestri üçün «Nurlu kədər», Həsən Rzayevin «Çahargah», Ceyhun Allahverdiyevin «Dəniz və səma», «Sevəcəyəm», Firudin Allahverdiyevin simli orkestr üçün konsertinin III hissəsi səslənib. Konsert böyük bəstəkarımız Fikrət Əmirovun «Nizami» simfoniyası ilə tamamlanıb. Aprelin 3-də isə Ukrayna Milli Filarmoniyasının N.Lisenko adına sütunlu salonunda keçən möhtəşəm konsertdə Sərdar Fərəcovun «Koroğlu» freskası, Asəf Zeynallının «Ölkəm» romansı, Azər Dadaşovun «Reminissensiya», Cəlal Abbasovun «Where are you Ulyses?», Rauf Əliyevin «Monoloq», Qara Qarayevin skripka konserti, Firəngiz Əlizadənin «Nağıllar», Dadaş Dadaşovun qanun üçün «Naxışlar» (ifaçı Çinarə Mütəllibova), Musa Mirzəyevin «Azərbaycan rəqsi» əsərləri səslənib.
   Ukrayna səfərini Azərbaycan musiqisinə səyahət kimi də dəyərləndirmək olar. Çünki burada milli və professional musiqimizin demək olar ki, bir çox janrlarına müraciət edilib. Hətta Azərbaycan musiqisi barədə məruzələr də təqdim olunub. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova «Azərbaycan musiqisi müstəqillik illərində», sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva «Gənc Azərbaycan bəstəkarları yaradıcılıq axtarışlarında» mövzularında çıxış ediblər.
   Bütün deyilənlərdən belə nəticəyə gəlirik ki, Ukraynada Azərbaycan musiqisi günlərinin təntənəsi hər iki ölkənin mədəniyyət tarixində silinməz izlər qoyaraq yeni yaradıcılıq layihələrinə yollar açacaq.
   
   Səadət Təhmirazqızı,
   sənətşünaslıq üzrə fəlsəfə doktoru