Türkiyədə geniş tanınan Abuzər və Turan Manafzadələr Bakıda silsilə konsert proqramları ilə çıxış edirlər
Məşhur azərbaycanlı pianoçu İslam Manafovun övladları - beynəlxalq müsabiqələr laureatları Abuzər və Turan Manafzadələr aprelin 1-dən 12-dək Bakı və Sumqayıtın musiqi məktəblərində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş fortepiano musiqisindən ibarət silsilə konsert proqramları ilə çıxış ediblər.
İstedadlı ifaçılar Şopen, Skryabin, List və digər görkəmli bəstəkarların əsərlərini yüksək professionallıqla ifa ediblər.
Qardaş Türkiyədə yaşayıb-yaradan bu ailə musiqi ənənələrinə bağlılığı ilə seçilir. Tanınmış pianoçunun övladları onun yolunu layiqincə davam etdirirlər.
Türkiyənin Mimar Sinan Konservatoriyasının məzunları Abuzər və Turan Manafzadələr 2006-cı ildə “Onay sanat piano müsabiqəsi”ndə iştirak ediblər, Turan baş mükafata, Abuzər isə ikinci mükafata layiq görülüb. Azərbaycanlı ifaçılar 2009-cu ildə Bolqarıstanın paytaxtı Sofiyada Lubomir Pipkov adına beynəlxalq musiqi müsabiqəsində mükafat qazanıblar.
Dünyanın məşhur pianoçu sənətkarlarından Vladimir Viardo, Oksana Yablonskaya, Vincenzo Balzani və Myrthala Salazardan ustad dərsləri alan Abuzər və Turan Manafzadələr 2009-cu ildə Qəbələ Beynəlxalq piano müsabiqəsinin də iştirakçıları olublar. İndiyədək Azərbaycan və Türkiyənin bir çox şəhərlərində uğurla çıxış edən istedadlı virtuozlar Almaniyada da konsertlər veriblər.