Respublika elmi-ifaçılıq müsabiqəsinin yekun tədbirində Qara Qarayevin gənc yaşlarında yazdığı əsər də təqdim olundu
Aprelin 26-da Bakı Musiqi Akademiyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, “AG Bank” ASC-nin sponsorluğu ilə dahi bəstəkar Qara Qarayevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Təhlil və ifa edir gənc musiqiçilər” II Respublika elmi-ifaçılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.
Akademiyanın rektoru, professor Fərhad Bədəlbəyli müsabiqənin tarixi barədə qısa məlumat verdi. Bildirildi ki, dahi bəstəkara həsr olunmuş müsabiqə ilk dəfə 1983-cü ildə təşkil olunub.
O, Qara Qarayevin ilk musiqi nümunələrindən olan “Fortepiano üçün üçsəsli fuqa” pyesindən də söhbət açdı. Əsər professor Fərhad Bədəlbəylinin və BMA-nın nəzdində orta ixtisas məktəb-studiyanın direktoru, professor Tərlan Seyidovun birgə redaktəsi ilə “Təhsil” nəşriyyatında çap olunub. Qeyd olundu ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən nəşr musiqiçilər üçün əvəzolunmaz mənbədir: “Dahi bəstəkar özlüyündə bir şedevr olan bu əsəri 21 yaşında yazıb. Onun hər bir notu bizim üçün dəyərlidir”.
Bəstəkarın qızı, İstanbul Dövlət Texniki Universiteti Türk Klassik Musiqisi Dövlət Konservatoriyasının İspirtoxane Mədəniyyət və Sənət Mərkəzinin fortepiano şöbəsinin müdiri Züleyxa Qarayeva-Bağırova müsabiqə və pyesin təqdimatı ilə bağlı fikirlərini bölüşdü. Müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan musiqiçi regionlarda yaşayan gənclərin fəal iştirakından, bir-birindən maraqlı ifalarından təsirləndiyini bildirdi: “Təşkilatçılara öz minnətdarlığımı bildirirəm. Müsabiqə xoş təəssüratlarla yadda qaldı. Səslənən ifalar gənc ifaçıların uğurlu gələcəyindən xəbər verir. Təqdim olunan pyeslə bağlı isə deyim ki, “Üçsəsli fuqa” bəstəkarın gənc yaşlarında yazdığı əsərlərindəndir, 1939-cu ildə nota köçürülüb. Əsərin gənc ifaçının təqdimatında səslənəcəyini eşitdim və bu, məni çox sevindirdi. İnanıram ki, musiqiçilər “Üçsəsli fuqa”nı, bəstəkarın digər əsərləri kimi, sevə-sevə ifa edəcəklər”.
Xalq artisti, professor Ramiz Quliyev də əsərlə bağlı fikirlərini bölüşdü: “Biz bu əsəri dinləyərkən görürük ki, Qara Qarayev gənc ikən Azərbaycan milli ladından necə ustalıqla istifadə edib. Bu onun zəngin axtarışlarının nəticəsidir”.
Çıxışlarda vurğulandı ki, bəstəkarın məşhur “Sarskoye selo heykəli” əsərindən iki il sonra yaradılmış “Üçsəsli fuqa” pyesi parlaq konsert üslubu ilə seçilir və onun folklordan qaynaqlanması xüsusi maraq doğurur.
Əsər professor Tərlan Seyidovun sinfində təhsil alan, pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin qalibi, BMA-nın magistri Fəqan Həsənlinin ifasında səsləndi. Gənc musiqiçi əsərə çox böyük məsuliyyətlə yanaşdığını bildirdi: “Qara Qarayevin əsərlərində klassik üslub daha çox hiss olunur. Amma mən dahi bəstəkarın bu pyesində romantik üslubu hiss edirəm. Bəlkə də bu, bəstəkarın fuqanı gənclik illərində yazması ilə bağlıdır”.
Sonra “Təhlil və ifa edir gənc musiqiçilər” II Respublika elmi-ifaçılıq müsabiqəsinin laureatları mükafatlandırıldılar və tədbir laureatların konsert proqramı ilə başa çatdı.
Ceyhun Zərbəliyev