Aprelin 25-də Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində təhsil alan tələbələrin konserti keçirildi. Bəstəkarlığın sirlərini öyrənən 15-dək gənc öz əsərlərini müəllim və tələbə heyəti üçün səsləndirdi.
Görkəmli bəstəkar Arif Məlikovun II kurs tələbələri Eldar Babayevin sonatası və Ramin Quliyevin triosu olduqca maraqlı idi. Xüsusilə Eldar Babayev fortepianodakı ifası ilə həm bacarıqlı pianoçu, həm də gənc bəstəkar olduğunu göstərdi.
Rəbiyyə Mədətovanın Hüseyn Cavidin sözlərinə caz üslubunda nota köçürdüyü “Ay qız” romansı, Elvin Quliyevin milli ladlarımız əsasında yazdığı sonatası da maraqla qarşılandı. 4-cü kurs tələbəsi Rəcəb Zeynalov isə Nüsrət Kəsəmənlinin sözlərinə yazdığı iki romansla artıq gənc bəstəkar kimi yetişdiyini sübut etdi.
Ümumiyyətlə isə, bütün tələbələrin əsərləri maraqla qarşılandı. Təbii ki, Arif Məlikov, Aydın Əzimov, Nazim Mirişli, Ceyhun Allahverdiyev, Arzu Məmmədova kimi istedadlı müəllimlərin yetirmələrindən ancaq bu cür bəstələr gözləmək olardı.
Humay Fərəcova,
Bakı Musiqi Akademiyasının tələbəsi, musiqişünas