Bu ilin martında ölkəmizdə keçirilən III Beynəlxalq Muğam Festivalı dünyada geniş rezonans doğurub, musiqi bayramında təmsil olunmuş ölkələrin mətbuat səhifələrində bununla bağlı müxtəlif yazılar dərc olunmaqdadır.
   
   Azərbaycan Xarici İşlər Nazirliyindən aldığımız məlumata görə, İordaniyanın “Əl-Gəd” və “Əl-Rəy” qəzetlərinin 11 aprel 2013-cü il tarixli saylarında festivalın iordaniyalı iştirakçılarının - Əl-Cundi və Səlamənin mükafata layiq görülməsi barədə yazılar dərc edilib.
   Məqalələrdə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkil etdiyi beynəlxalq musiqi bayramının sənət aləmində mühüm hadisə olduğu vurğulanır. Festivalın açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çıxışına yer ayıran məqalə müəllifləri qeyd edirlər ki, dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri var. Ölkənin milli musiqisinin təməl daşını, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyil ki, 2003-cü ildə UNESCO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil edib. Məqalələrdə İordaniyanı ud və dəf ifaçıları Əl-Cundi və Səlamənin təmsil etməsi, ifa etdikləri musiqi nümunələri və onların III dərəcəli mükafata layiq görülmələri diqqətə çatdırılır.
   İordaniyanın “Əl-Həyat” qəzetinin 11 aprel 2013-cü il tarixli sayında da Azərbaycanın mədəniyyətindən, folklorundan, incəsənətindən bəhs edən geniş məqalə dərc olunub. Məqalədə qeyd edilir ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək incəsənətimiz və mədəniyyətimiz haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
   Azərbaycanın İslamdan öncəki tarixinə qısaca toxunan müəllif ölkəmizin ərəb-İslam mədəniyyəti ilə sıx bağlı olduğunu vurğulayır, İslam sivilizasiyasının formalaşmasına verdiyi töhfədən bəhs edir. Məqalədə bildirilir ki, Azərbaycan qədim zamanlardan bəri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın türbəsi və s. memarlıq sənətinin nadir inciləridir. Zəngin mədəni irsə malik olan Azərbaycan eyni zamanda ecazrkar musiqi diyarı kimi də məşhurdur, milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.
   Məqalədə 2010-cu ildə İordaniyada Azərbaycan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirilməsi xatırlanır, bu ilin martında ölkəmizdə keçirilən beynəlxalq muğam müsabiqəsində İordaniyanın da iştirakı yüksək dəyərləndirilir.
   Azərbaycanın İordaniyadakı səfirliyindən verilən məlumata görə, bu ölkənin həftəlik “Əl-Rəbii” qəzetinin 30 aprel tarixli nömrəsində də xalqımızın mədəniyyəti, folkloru və incəsənətindən bəhs edən geniş məqalə dərc olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar