Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, «JA1 Biznes & Event»in təşkilati dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi keçirilib.
   
   Yerli və əcnəbi tələbələr arasında musiqinin 6 janrı üzrə aparılan yarışmaya 130-dan çox iştirakçı qatılmışdı. İştirakçılar vokal, xanəndə, estrada, xalq çalğı alətləri, fortepiano və aşıq musiqisi üzrə öz bacarıqlarını nümayiş etdiriblər.
   İki turdan ibarət müsabiqəyə mayın 3-də Akademik Milli Dram Teatrında keçirilən mərasimlə yekun vurulub, qaliblərə mükafat və diplomlar təqdim olunub.
   İkinci yerin sahibi, muğam ifaçısı, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Ramiq Bayramovdan müsabiqə ilə bağlı təəssüratlarını öyrəndik. Gənc xanəndə tələbələr arasında belə bir müsabiqənin ilk dəfə keçirildiyini bildirdi: “Müsabiqə çox yüksək səviyyədə təşkil olunmuşdu. Təşkilatçılara təşəkkür edirəm, hörmətli münsiflərə - xalq artistləri Canəli Əkbərov, Səkinə İsmayılova və Mələkxanım Əyyubovaya obyektiv mövqelərinə görə dərin minnətdarlığımı bildirirəm”.
   Qeyd edək ki, növbəti respublika muğam müsabiqəsinin seçim turları başlanıb. Ramiq Bayramov da müsabiqəyə sənədlərini təqdim edib. Həmsöhbətimiz Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşən bu müsabiqələri yaradıcı gənclər üçün mühüm şans hesab edir: «Son illər cəmiyyət tərəfindən sevilən, seçilən muğam ifaçılarını yada saldıqda, belə müsabiqələrin nə qədər istedadlı gəncləri üzə çıxardığını görürük. Məhz bu böyük dəstək nəticəsində özümüzə inamımız artır və oxumağa, sənətimizi davam etdirməyə həvəslənirik. Səs Allah vergisi olsa da, onu üzə çıxarıb tanıtmağa bir vasitə, dəstək, qayğı olmalıdır. Ona görə də istedadların üzə çıxarılmasında köməyi olan bütün təşkilatlara təşəkkürümü bildirirəm».
   Xalq artisti, professor Canəli Əkbərov muğam ifaçılığı sahəsində keçirilən müsabiqələri yüksək qiymətləndirir. Tanınmış xanəndə qəzetimizə açıqlamasında bildirdi ki, belə tədbirlərin keçirilməsi çox müsbət haldır: «Belə müsabiqələr nəticəsində səs imkanı olan, bəlkə də gələcəyin məşhur xanəndələri üzə çıxarılır. Bizim gənclərimizin milli musiqiyə bağlılığı, muğam sənətinə sevgisi məhz belə tədbirlərdə görünür. Bizim də borcumuz onların qabiliyyətini obyektiv qiymətləndirmək, onları dəstəkləməkdir».
   Xalq artisti Ramiq Bayramovun güclü səs imkanları olduğunu dedi: «Ramiq sənətini sevir. Oxuduğu musiqi əsərlərini düzgün ifa etməyə, səsinin keyfiyyətindən təyinatı üzrə istifadə etməyə çalışır. Xanəndə üçün əsas şərtlərdən biri də cəsarətli olmaqdır. Onda da bu cəsarət var. Mən belə düşünürəm ki, Ramiq muğam sənətində öz sözünü deyə bilən bir xanəndə olacaq”.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar