Niyazi adına Şuşa şəhər uşaq incəsənət məktəbi şagirdlərinin hesabat konserti
   
   Mayın 15-də paytaxtın Suraxanı rayonundakı Uşaq Yaradıcılıq Mərkəzində Niyazi adına Şuşa şəhər uşaq incəsənət məktəbi şagirdlərinin ümummilli lider Heydər Əliyevin 90 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümünə və 2012-2013-cü tədris ilinin yekununa həsr olunmuş hesabat konserti keçirildi.
   
   Tədbiri məktəbin direktoru Mirkamil Ağamirov açaraq bildirdi ki, bu hesabat konserti təhsil ocağının tarixində 80-ci belə mərasimdir: “Məktəbimiz bu 80 ilin 21 ilini Şuşadan kənarda keçirib, köçkünlük həyatı bizə çətin günlər yaşadıb. Bütün bunlara baxmayaraq, məktəbin pedaqoji kollektivi ruhdan düşməyib, müəllimlərimiz şagirdlərə sənətin sirlərini həvəslə öyrədiblər. Yetirmələrimiz də bu əziyyəti itirməyiblər. Artıq o çətinliklər qismən də olsa arxada qalıb. Arzu edirik ki, belə tədris-hesabat konsertini doğma Şuşa şəhərində keçirək”.
   Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva tədbir iştirakçılarını salamlayaraq məktəbin kollektivini növbəti hesabat konserti münasibətilə təbrik etdi. Bildirdi ki, 80 il əvvəl əsası qoyulan ənənənin böyük ruh yüksəkliyi ilə davam etdirilməsi təqdirəlayiq haldır: “Məktəbdə şuşalı uşaqlarla bərabər paytaxtımızdan və respublikamızın digər bölgələrindən şagirdlər təhsil alır. Gün gələcək, onlar fəxr edəcəklər ki, Niyazinin adını daşıyan bu məktəbdə - vaxtilə görkəmli tarzən İsi Abbasov, İmran Səfiyev, Aslan Qaraşov, xalq artistləri Süleyman Ələsgərov, Əşrəf Abbasov, istedadlı dirijorlar Kamal Məmmədov, Kamal Abbasovun oxuduğu məktəbdə təhsil alıblar. Məktəbdə istedadlı şagirdlər çoxdur. Xüsusilə xor kollektiviniz xoşuma gəldi. Onu da deyim ki, məktəbin hər bir tədbiri və uğuru rayon rəhbərliyinin diqqət mərkəzindədir. Bu hesabat konserti münasibətilə hər birinizi təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram”. 
   Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov çıxışında qeyd etdi ki, məktəbin iş şəraiti arzu edilən səviyyədə olmasa da, tədrisə böyük diqqət verilir, şagirdlər dərslərə həvəslə gəlirlər: “Məktəbdə tez-tez maraqlı tədbirlər keçirilir, valideynlər qarşısında maraqlı çıxışlar təşkil olunur. Şagirdlərin musiqi duyumunu cilalamaq məqsədilə pedaqoji kollektiv əllərindən gələni əsirgəmir. Bütün bunlarla yanaşı, şagirdlər hər bir addımlarında unutmamalıdırlar ki, onlar dahi Üzeyir bəyin, böyük Bülbülün yurdunu təmsil edirlər...”
   Çıxışlardan sonra konsert proqramı təqdim edildi. Tədbirin aparıcısı Suğra Zeynalova ümummilli lider Heydər Əliyevə həsr olunan şeir oxudu. Səid Rüstəmovun “Azərbaycan”, Əfsər Cavanşirovun “Biz xoşbəxt uşaqlarıq” əsərləri xor kollektivinin ifasında səsləndi. Üzeyir Hacıbəylinin “Döyüşçülər marşı” II sinif şagirdi Bəxtiyar Rəhimlinin, Qara Qarayevin “Dəniz neftçilərinin mahnısı” II sinif şagirdi Adil Babazadənin, Vasif Adıgözəlovun “Lirik mahnı”sı II sinif şagirdi Şəhla Məmmədzadənin ifasında təqdim edildi.
   Tədbirin təşkilində daha fəallıq göstərən müəllimlərdən Kəmalə Əsədova, Mərkəz Əliyev, şagirdlərdən Pərvanə Nəcəfli, Bəxtiyar Rəhimli, Adil Babazadə, Şəhla Məmmədzadə və başqaları fəxri fərmanla mükafatlandırıldı.
   Sonda məktəbin direktoru tədbir iştirakçılarına dərin təşəkkürünü bildirdi.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar