Ölkənin şəhər və rayonlarından 7 mindən çox şagirdin iştirak etdiyi müsabiqənin qalibləri diplom və fəxri fərmanlarla təltif olundular
   
   Mayın 21-də Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsinə yekun vuruldu.
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ulu öndər Heydər Əliyevin uşaq yaradıcılığına, istedadlı gənclərə həmişə böyük qayğı göstərdiyini bildirdi. Qeyd olundu ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir, yaradıcı yeniyetmə və gənclər qayğı ilə əhatə olunur, istedadlar xüsusi təqaüdə layiq görülür.
   Nazir müavini qeyd etdi ki, uşaq xor kollektivlərinin respublika baxış və müsabiqələrinin keçirilməsi artıq ənənəvi hal alıb: “Hər ilin aprel ayında respublikamızın rayon və şəhərlərinin uşaq xor kollektivləri müsabiqəyə qatılırlar. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş bu müsabiqələrin keçirilməsində əsas məqsəd respublikada xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsidir. Həmçinin uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi də müsabiqənin məqsədidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz fəaliyyətində uşaqların və yeniyetmələrin inkişafına xüsusi diqqət ayırır. Bu gün istedadlı uşaqlara dövlət qayğısı kifayət qədərdir. Belə müsabiqələrin davamlı olaraq təşkil edilməsi bunu sübut edir”.
   Sonra nazir müavini müsabiqənin qaliblərinə və mükafata layiq görülənlərə diplom və fəxri fərmanlarını təqdim etdi.
   Qeyd edək ki, uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsi 1-23 aprel tarixində zonalar üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi, Bərdə, Salyan rayonlarında keçirilib. Müsabiqədə respublikanın şəhər və rayonlarından 7 mindən çox şagird iştirak edib. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, respublikanın Xalq artisti, professor Gülbacı İmanovanın sədrlik etdiyi, tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 178 uşaq xor kollektivinin çıxışını qiymətləndirib.
   Münsiflər heyətinin qərarına əsasən, xormeysterlər Məhin Orucova (Bakı şəhər C.Hacıyev adına 3 nömrəli uşaq musiqi məktəbi) Qran pri mükafatına, Zemfira Nurullayeva (Bakı şəhər Q.Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbi) və Firəngiz Xəlilova (Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbi) I mükafata layiq görülüblər. Səidə Göyçayskaya (Bakı şəhər R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbi), Günay İsmayılova (Bakı şəhər R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi), Tatyana Yatsenko (Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli uşaq musiqi məktəbi) və Səbinə İbrahimova (Naxçıvan Muxtar Respublikası Ordubad şəhər uşaq musiqi məktəbi) II mükafatla təltif olundular. III mükafata isə İradə Cəlilova (Bakı şəhər K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbi), Aygün Eyvazzadə (Bakı şəhər Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbi), Zemfira Sadıqova (Bakı şəhər Ə.Bədəlbəyli adına 23 nömrəli onbirillik musiqi məktəbi) və Lina Babakova (Xaçmaz şəhər uşaq musiqi məktəbi) layiq görüldülər.
   Müsabiqədə fərqlənən Bakı, Gəncə, Naftalan, Sumqayıt, Şəki, Şirvan şəhərlərinin, Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Cəlilabad, Hacıqabul, Xaçmaz, Gədəbəy, Goranboy, Göygöl, Göyçay, Kəlbəcər, Qax, Qobustan, Qubadlı, Qusar, Neftçala, Saatlı, Salyan, Samux, Siyəzən, Tərtər, Zaqatala rayonlarının uşaq xor kollektivləri, xormeyster və konsertmeysterləri diplom və fəxri fərmanlarla təltif olundular.
   Mükafatların təqdimatından sonra müsabiqədə fərqlənən uşaq xor kollektivləri konsert proqramları ilə çıxış etdilər.
   
   Nigar İxtiyarqızı