Xalq artisti Mənsum İbrahimov Dövlət Simfonik Orkestri ilə çıxış edəcək
   
   Mayın 29-da Xalq artisti Mənsum İbrahimov Lüksemburqda konsert proqramı ilə çıxış edəcək. Xalq artisti bildirib ki, səfər 2007-ci ildə hazırlanmış “Simfonik muğam” layihəsi əsasında təşkil olunub. Onun sözlərinə görə, ötən müddətdə bu layihə əsasında 10-dan çox ölkədə konsertlərlə çıxış edib.
   Xalq artisti layihənin məqsədinin Azərbaycan muğamını xarici ölkələrdə tanıtmaqdan ibarət olduğunu deyib: “Avropa ölkələrində simfonik musiqini çox sevirlər. O səbəbdən Azərbaycanın simfonik muğamlarının təbliğində bu layihə mühüm rol oynayır”.
   Layihə çərçivəsində Fikrət Əmirovun simfonik muğamları, “Sarı gəlin” xalq mahnısı, “Bayatı-Şiraz” muğamı təqdim olunacaq. Layihənin maraqlı məqamlarından biri də ifaçılarımızın muğamları səfər etdikləri ölkələrin orkestrləri ilə birgə ifa etməsidir. Qeyd edək ki, xanəndəni Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri, əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov müşayiət edəcək.