İsveçin Malmö şəhərində keçirilən «Eurovision-2013» mahnı müsabiqəsi uğurla sona yetdi. Müsabiqədə Azərbaycan təmsilçisinin çıxışı ölkəmizin ünvanına dünyanın hər yerindən təbriklər gətirdi. Doğrudan da, musiqinin dili yoxdur. Qəlbləri ehtizaza gətirən möhtəşəm musiqi diqqət və rəğbətə layiqdir.
Azərbaycanın gənc ifaçıları Eldar Qasımov və Nigar Camalın əldə etdikləri nailiyyət nəticəsində ötən il, yəni «Eurovision-2012» mahnı müsabiqəsi Azərbaycanda - «Bakı Kristall Zal»ın səhnəsində baş tutdu. Ekspertlərin rəyinə görə, «Eurovision»nun 58 illik tarixində Bakı büsatı daha maraqlı və yaddaqalan oldu. Bunu şərtləndirən səbəblərdən biri şəhər əhalisinin musiqisevər olması ilə bağlıdırsa, ikinci mühüm şərt təmsilçilərimizin həmişə beynəlxalq yarışmalarda, yəni özgə səhnələrində çox parlaq çıxışları ilə ilk onluqda olmalarıdır. Həqiqətən də Bakıda keçirilən yarışma bütün dünyanı heyrətə gətirdi. Bu hadisənin üstündən bir il keçib, şəhərimizdə kəhkəşanı gözləri ilə görən melomanlar hələ də Bakıdakı yarışmanın möhtəşəm təşkilindən, hazırlığın yüksək səviyyədə olmasından, sakinlərin humanistliyindən, qonaqpərvərliyindən danışırlar. Bu yarışmada təmsilçimiz Səbinə Babayeva dördüncü yeri qazandı.
Builki müsabiqədə ölkəmizin təmsilçisi Fərid Məmmədov Dimitrios Kontopulosun bəstələdiyi «Hold me» mahnısını təqdim edib. Dmitrios Kontopulos bundan öncə Ukraynanı bu mötəbər musiqi yarışmasında təmsil edən Ani Lorakin, yunanıstanlı Sakis Ruvasın və digər müğənnilərin ifa etdikləri mahnıların da müəllifidir.
Azərbaycanlı təmsilçi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirmişdir. Fərid Məmmədovun şousunda xüsusi şüşədə qızılgül ləçəklərinin yayılması diqqəti cəlb edən məqamlardan olmuşdur.
Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Fərid «Eurovision-2013» mahnı müsabiqəsinin favoritlərindən hesab olunurdu. Jurnalistlər və müsabiqəni izləmək üçün Avropanın müxtəlif ölkələrindən gəlmiş fanlar təmsilçimizin finalda şansını yüksək qiymətləndirirdilər.
2009-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Fərid Məmmədov “Estrada və populyar musiqi” kafedrasının müəllimi, Əməkdar artist Cavan Zeynallının sinfində təhsil alır. Milli caz-estrada ifaçılığının tanınmış nümayəndəsi olan Cavan Zeynallı uzun illər məşhur “Qaya” dövlət ansamblının aparıcı üzvlərindən olmuşdur. O, müasir estrada üslubunun yaradıcılarından biridir. Bu günə qədər bir çox Azərbaycan gəncini ecazkar musiqi dünyasının səmasına pərvazlandırıb. Doğma universitetin divarları Fəridin gərgin əməyinin şahididir. Cavan Zeynallının böyük musiqi təcrübəsi və istedadlı tələbəsinin seçdiyi sənət qarşısında məsuliyyəti bu gün öz səmərəli bəhrəsini verir.
Fərid Məmmədov 1991-ci il avqustun 30-da Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano şöbəsində alan Fərid artıq uşaq yaşlarından musiqiyə bağlanmış, məktəbdə keçirilən bütün tədbirlərdə həm pianoçu, həm də estrada mahnılarının ifaçısı kimi iştirak etmişdir. Hər zaman öz üzərində böyük məsuliyyətlə çalışaraq hələ uşaq yaşlarından respublikamızda keçirilən bir çox müsabiqələrin, o cümlədən “Şərq ulduzları” müsabiqəsinin iştirakçısı olmuşdur . Bu yarışma onun həyatında dönüş yaratmışdır. Belə ki, həmin gündən o, musiqi aləmində fəaliyyətini pianoçu kimi yox, estrada müğənnisi kimi davam etdirmək qərarına gəlir. 2000-ci ildən Aybəniz Haşımovanın rəhbərlik etdiyi “Bülbüllər” qrupunun solisti olan Fərid bu qrupun tərkibində dünyanın 55 ölkəsində festivallarda iştirak etmiş, Azərbaycana gümüş medallarla qayıtmışdır. O, dəfələrlə Ukraynada, Türkiyədə Azərbaycan musiqisini layiqincə təmsil etmişdir.
Fərid Məmmədov 2003-cü ildə Ukraynada keçirilən “Slavyan bazarı” müsabiqəsinin qalibi olaraq, qızıl medalla ölkəmizə dönmüşdür. Dəfələrlə bir çox dövlət tədbirlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini təmsil edib, ölməz sənətkarımız Şövkət Ələkbərovanın, görkəmli bəstəkar Rauf Hacıyevin yubileyinə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışına həsr olunmuş tədbirlərdə üstün ifa nümayiş etdirib. Bu tədbirlərdə yaddaqalan çıxışı gənc ifaçının böyük potensialından xəbər verirdi, onun uğurlu gələcəyinə inanan müəllimləri Fəridi daha çox çalışmağa, öz üzərində daha məsuliyyətlə işləməyə sövq edirdilər.
2012-ci ildə Gənclər və İdman Nazirliyinin dəvəti ilə Azərbaycana gələn dünya şöhrətli müğənni Robertino Loretti İctimai Televiziya tərəfindən təşkil edilmiş proqramda Fərid Məmmədovu dinləyərək bu sözləri demişdi: “Mən Fəridi Çarls Avazoriyə bənzədirəm. Amma yox, mən düşünürəm ki, o, Çarls Avazoridən də istedadlıdır. Mən dünyada çox müsabiqələr gəzmişəm, çox səslər eşitmişəm. Amma Fərid Məmmədov kimi ifaçı görməmişəm”.
Fərid Məmmədov pop formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır. Bir çox beynəlxalq festivalların diplomantıdır. 1997-ci ildən bu günə qədər bir neçə ölkədə keçirilən konsertlərdə solo ifa göstərmişdir. 2000-ci ildə adı Rəşid Behbudovun “qızıl kitabı”na düşmüşdür. 2012-ci ilin dekabrında Azərbaycan Gənclər və İdman Nazirliyinin Bişkekdə təşkil etdiyi tədbirdə ADMİU-nu uğurla təmsil etmişdir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri ilə “Bülbüllər” qrupunun tərkibində ifa etdiyi mahnılar Azərbaycan Dövlət Radiosunun “qızıl fondu”na keçmişdir.
2013-cü ildə “Eurovision” milli seçim turuna qatılaraq finalçılar arasında yer aldı. Uğurlu çıxışları bəyənilən Fərid “Böyük səhnə” müsabiqəsinə qonaq qismində də dəvət olundu. Bu müsabiqədən sonra daha da məşhurlaşdı. Nəhayət, «Eurovision-2013» mahnı müsabiqəsi milli seçim turunun qalibi olaraq ölkəmizi bu mötəbər yarışmada təmsil etmək hüququ qazandı.
«Eurovision-2013» müsabiqəsində Fərid Məmmədovun möhtəşəm şousu milyonlarla avropalının ürəyini fəth etdi. Zahirən sadə görünsə də, əslində mürəkkəb quruluşda təqdim edilən bu şouda təmsilçimizi səhnədə iki rəqqas müşayiət edirdi. Rəqqaslardan biri şəffaf qurğunun içində çox çətin akrobatik elementlər nümayiş etdirirdi. Azərbaycan təmsilçisinin finalda çıxışı zamanı “Malmö Arena”nın səhnəsində düz üç dəqiqə ərzində sevginin, ehtirasın və istedadın harmoniyası hökm sürdü. Quruluşun ideyası məşhur rejissor Fokas Evangelinosa məxsusdur.
Final mərhələsində mahnı müsabiqəsinin qalibi adını qazanmaq uğrunda 26 ölkənin təmsilçisi yarışırdı. Qalibi isə 39 ölkənin münsiflər heyəti və tamaşaçılar müəyyən etdi. Son nəticə isə möhtəşəm oldu. Fəridin uğuru bizim bir daha qürurlanmağımıza səbəb oldu. Bu gün universitetimizin tələbəsi dünyanın diqqət mərkəzindədir. Bu da zəngin tarixi olan mədəniyyət məbədinin 90 illik yubileyinə əvəzsiz ərməğandır. Uzun illərdir ki, bu universitet milli mədəniyyətimizin, xüsusilə musiqi sənətimizin təşəkkülü, inkişafı və təbliği sahəsində yüksək ixtisaslı kadrlar hazırlayır. Musiqinin tədrisi ilə məşğul olan mütəxəssislər tələbələrə onun həm də nəzəri, həm təcrübi əsaslarını öyrədirlər. Burada ifaçılıq və tədqiqatçılıq birləşərək əsl uğurun zəmininə çevrilir.
Qoy hər zaman adımız ucalardan gəlsin.
Gülşən Əliyeva-Kəngərli,
filologiya elmləri doktoru, professor