Londonda təhsil alan gənc azərbaycanlı violonçel ifaçısı Camal Əliyev bu yaxınlarda Edinburqda Hollandiyanın gənclərdən ibarət orkestri ilə birgə solo konsert verib.
   
   Camalın həmin kollektivlə bərabər Şotlandiyada konsert turu da böyük uğurla keçib, ifası dinləyicilərə güclü təsir bağışlayıb. Hollandiya qəzetlərinin çoxu bu hadisəyə məqalələr həsr edərək Camalın bioqrafiyası, müxtəlif müsabiqələrdə qələbələri barədə məlumat veriblər.
   Camal Əliyev 2008-ci ildə Londondakı İehuda Menuhin adına məktəbə imtahansız daxil olub. Bu məktəb son 14 ildə ilk dəfə musiqiçinin təhsil haqqını özü ödəyib. Məktəbdə professor Tomas Karolun sinfində əla qiymətlərlə oxuyan Camal təhsil illərində dəfələrlə Londonun ən nüfuzlu konsert salonlarında çıxış edib. Bundan əvvəl Türkiyədəki Bilkent Universitetinin musiqi fakültəsində təhsil alan Camal orada da konsertlərlə çıxış edirdi.
   Camal ilk mükafatı 9 yaşında yeniyetmə ifaçıların “Trakya University” beynəlxalq müsabiqəsində qazanıb, 2004-cü ildə Zaqrebdə Antonio Caniqro adına 5-ci beynəlxalq müsabiqənin qalibi olub və məşhur “Assembly Hall” salonunda konsert vermək hüququ qazanıb. Bu müsabiqədən sonra Camal Türkiyənin Prezident Simfonik Orkestrinin, Bilkent Simfonik, “Borusan” Beynəlxalq Kamera okestrlərinin müşayiəti ilə konsertlər verib. Gənc istedad BBC radiosunda orkestrin müşayiəti ilə solo konsert verən ilk azərbaycanlı ifaçı olub. Çində Pekin simfonik orkestrinin müşayiəti ilə solo konsertlə çıxış edib.
   Camal Əliyev 1993-cü ildə musiqiçilər ailəsində anadan olub. 6 yaşında violonçeldə ifa etməyi öyrənməyə başlayıb. İlk müəllimi babası, Əməkdar artist Qara Əliyev olub. Babasının qardaşı, Xalq artisti, professor Azad Əliyev məşhur skripkaçıdır.
   Görünür, İehudi Menuhin adına məktəbin prezidenti Daniel Barenboymun Camal haqqında uzaqgörənliklə söylədiyi fikirlər gerçəkləşməyə başlayır. O demişdi ki, bu oğlan öz ölkəsini məşhurlaşdıracaq. Bu il o, İngiltərənin ən nüfuzlu üç ali məktəbinə daxil olmaq üçün eyni vaxtda ərizə verib və bu məktəblərin hər üçünə yüz faiz təqaüd ödənilmək şərti ilə qəbul olunub. Nəticə etibarilə o, ən nüfuzlu ali musiqi məktəbi sayılan “Royal College of Music” kollecini seçib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar