Mayın 18-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə tədbir keçirildi. “Muzey: yaddaş+ kreativlik= sosial dəyişiklik” devizi altında baş tutan mərasimi muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq əlamətdar gün münasibətilə iştirakçıları təbrik etdi.
   
   Tədbir Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə şairənin rübailəri əsasında hazırlanmış muğam konserti ilə davam etdirildi. “Yaddaş. Məhsəti Gəncəvi-900” başlıqlı konsert proqramında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı və Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında xalq musiqisi təqdim olundu.
   Ansamblın üzvü Fəzilə Rəhimovanın çəng və Samir Fərəcovun gitarada sintez etdikləri “Sarı gəlin” xalq mahnısının ifası kreativ təqdimat nümunəsi kimi maraqla qarşılandı.
   Tədbirin “Sosial dəyişikliklər” bölməsində isə muzeyin “Klassik Musiqi Həvəskarları Klubu”nun 5 illik yubileyi münasibətilə “Niyazi arxivinin illüstrasiyalı kataloqu”nun təqdimatı oldu. Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə nəşr olunmuş kataloqa görkəmli dirijor, bəstəkar, maestro Niyazinin ifa olunmamış əsərləri not məcmusu şəklində daxil edilib. Layihənin rəhbəri və elmi redaktoru isə Alla Bayramovadır.
   Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyova Niyazinin “Etüd”ünü, “Arzu” romansının solo fortepiano üçün işləməsini ifa etdi.
   Tədbir Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Fərdin Məmmədlinin ifasında “Onu demə, zalım yar” xalq mahnısının caz improvizasiyalı kompozisiyası ilə davam etdi. Bakı Musiqi Kollecinin məzunu Abbas Abdullazadə və kollecin IV kurs tələbəsi Aysel Həsənzadənin Qara Qarayevin şəxsi royalında etdikləri ifalar tədbirə səmimi ab-hava qatdı. Sonda iştirakçılar üçün interaktiv ekskursiya təşkil edildi və karaoke ifa olundu.
   
   Şanə Vəlizadə,
   Bakı Musiqi Akademiyasının III kurs tələbəsi, musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar